14 mart 2025 16:52
94

Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti Türkiyədə təcrübə səfərində olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Türkiyənin Sakarya vilayətində fəaliyyət göstərən Alpaslan Autizm Vəqfində təcrübə proqramında iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, təcrübə zamanı hər iki ölkədə 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərlə bağlı həyata keçirilən iş, onlara göstərilən xidmətlər barədə geniş fikir mübadiləsi aparılıb.

Vəqfdə uşaqlarla iş zamanı tətbiq olunan modellər haqqında təcrübə mübadiləsi aparılıb, sosial reabilitasiyada istifadə edilən innovativ metod və üsullardan danışılıb. Həmçinin mütəxəssislər erkən müdaxilənin əhəmiyyəti barədə məlumat veriblər.

Qeyd edək ki, Alpaslan Autizm Vəqfi autizm sindromlu şəxslərə, onların ailələrinə və digər maraqlı tərəflərə innovativ və fənlərarası xidmətlər təqdim edir. Vəqf autizmli və ya inkişaf geriliyi riski olan məktəbəqədər uşaqlar üçün elmi əsaslı metodlardan istifadə edərək erkən müdaxilə, o cümlədən həmin kateqoriyadan olan uşaqlar üçün funksional akademik bacarıqlar, ünsiyyət bacarıqları, gündəlik həyat, sosial və hərəkət bacarıqlarını inkişaf etdirməyi hədəfləyən hərtərəfli təhsil modeli təklif edir.

Burada autizmli fərdlər üçün inkişaf və təhsil qiymətləndirməsi aparılır, bu sahədə çalışan sosial işçilərə, psixoloqlara və sosial reabilitoloqlara məsləhət xidmətləri göstərilir.