14 mart 2025 17:15
231

XII Qlobal Bakı Forumu: Dünya düzənini şəkilləndirən müzakirələr, qlobal çağırışlara cavab - TƏHLİL

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu, həm qlobal, həm də regional məsələlərin müzakirə edilməsi, ideyaların paylaşılması və müxtəlif tərəflər arasında dialoqun qurulması baxımından əhəmiyyətli mərhələdir. XII Qlobal Bakı Forumu qlobal məsələlərin müzakirə olunduğu və dünyanın yeni nizamına qarşı müxtəlif perspektivlərin təqdim edildiyi bir platforma olaraq, beynəlxalq əlaqələrin və əməkdaşlığın dərinləşməsinə xidmət əsas məqsədi, beynəlxalq əməkdaşlığı gücləndirmək, iqtisadi inkişafı sürətləndirmək, texnoloji yenilikləri təşviq etmək və qlobal təhlükəsizlik məsələlərində yeni yanaşmalar ortaya qoymaqdır. XII Qlobal Bakı Forumu dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün qlobal problemlərin həllinə dair konkret təkliflər və strateji qərarlar qəbul etmək üçün mühüm bir fürsət olacaq.

Bu fikirlər filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “XII Qlobal Bakı Forumu: dünyanın düzəninin şəkilləndirən müzkirələr, qlobal çağırışlara cavab” sərlövhəli məqaləsində yer alıb. 

“İki sahil” məqaləni təqdim edir.

Bakı, dünya siyasətinin, iqtisadiyyatının və mədəniyyətinin mühüm mərkəzlərindən biri olaraq, son illər ərzində beynəlxalq müzakirələrin aparıldığı strateji məkana, beynəlxalq diplomatiyanın mərkəzlərindən birinə çevrilib. Bu çərçivədə, Qlobal Bakı Forumu, xüsusilə regional və qlobal məsələlərin müzakirə edildiyi əhəmiyyətli bir platformadır. XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda dünya düzəninin yenidən düşünülməsi və qarşılaşılan çağırışların bu çətinliklərdən daha faydalı çıxış yolları yaratmaq üçün necə istifadə oluna biləcəyi məsələləri əhatə edir.

Beynəlxalq əməkdaşlığın gücləndirilməsi. Qlobal Bakı Forumunun əvvəlki illərdən göstərdiyi ən mühüm xüsusiyyətlərdən biri, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar arasında dialoqun inkişaf etdirilməsidir. XII Qlobal Bakı Forumunda da bu məsələ prioritetdir. Son dövrlərdə beynəlxalq münasibətlərdəki gərginliklər, xüsusilə regional münaqişələr və iqtisadi böhranlar fonunda, dünya ölkələri arasında daha çox əməkdaşlıq və qarşılıqlı anlaşma tələb olunur. Forum bu məqsəd üçün bir platforma olaraq, münaqişələrin həlli, regional əməkdaşlıq və beynəlxalq ticarətin asanlaşdırılması kimi məsələlərin müzakirəsi və qlobal həllər təklif edir. “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması”  və s. mövzusunda təşkil olunan panellərdə terrorizm, kiber hücumlar və silahlanma yarışının artması kimi məsələlər, müzakirə mövzusudur. Bu mövzular əsasında, dünya miqyasında təhlükəsizliyin təmin olunması və beynəlxalq qanunların gücləndirilməsi baxımından faydalı təkliflər və yeni əməkdaşlıq modelləri təqdim etmək mümkündür.

Dünya düzəninin yenidən düşünülməsi. Son onilliklərdə dünyada bir sıra ciddi dəyişikliklər baş verib: qlobal iqtisadi böhranlar, siyasi qeyri-sabitliklər, iqlim dəyişikliyi və texnoloji inqilablar. Bu dəyişikliklər bir tərəfdən dövlətlər arasında güc balansını dəyişdirərkən, digər tərəfdən qlobal sülhün təmin edilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi zəruriyyətini gündəmə gətirib. XII Qlobal Bakı Forumunda bu məsələlərin işıqlandırılması, yalnız Azərbaycanın deyil, bütövlükdə dünyanın qarşısında duran əsas problemlərin müzakirəsinə imkan yaradıb.

Forumda vurğulanan məqamlar arasında, müasir dünyanın qarışıq və çoxqütblü xarakteri ön plana çıxır. Ənənəvi beynəlxalq quruluşların çatışmazlıqları, yeni nizamların və əməkdaşlıq modellərinin formalaşdırılmasına ehtiyacı artırır. Bu məsələnin müzakirə edilməsi, iştirakçı dövlətlərə və təşkilatlara yeni yanaşmalar təklif edir.

Çağırışların fürsətə çevrilməsi. Bütün bu qlobal çağırışların fonunda, forumda diqqət çəkən əsas mövzulardan biri, bu çağırışların necə fürsətə çevrilə biləcəyidir. Dünya iqtisadiyyatında baş verən böhranlar, siyasi qeyri-sabitliklər, müharibələr və iqlim dəyişikliyi kimi böyük problemlər, əslində inkişaf etməkdə olan ölkələr üçün yeni imkanlar yarada bilər. XII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər arasında, məhz bu çağırışların, ölkələrin sosial, iqtisadi və siyasi inkişafları üçün müsbət bir təsir yaratmaq məqsədilə necə istifadə edilə biləcəyi ön plana çıxıb. Məsələn, pandemiya dövrü, bütün dünya üçün bir çağırış olmaqla yanaşı, eyni zamanda yenilikçi texnologiyaların tətbiqi və rəqəmsal iqtisadiyyatın inkişafı üçün də bir fürsət yaratdı. Bu dövrdə ölkələr, öz iqtisadiyyatlarını təkmilləşdirmək və sosial xidmətlər sahəsində yenilikçi yanaşmalar tətbiq etmək üçün yeni yollar axtardı. Beləliklə, müasir çağırışların bir çoxu, ölkələr üçün yeni iqtisadi və sosial inkişaf sahələrinə yol açır. İqlim dəyişikliyi də bu çağırışlardan biridir. Forumda iqlim dəyişikliyi ilə mübarizə yalnız təhlükə kimi deyil, eyni zamanda təmiz enerji, ekoloji cəhətdən davamlı infrastruktur və yeni sənaye sahələrinin inkişafı üçün bir fürsət olaraq dəyərləndirilib. Bu sahələrdə əməkdaşlıq və yeni texnologiyaların tətbiqi, qlobal sülhün və inkişafın təmin olunmasında mühüm rol oynaya bilər.

Azərbaycanın geosiyasi rolu. Azərbaycan XII Qlobal Bakı Forumunda yalnız qlobal çağırışları müzakirə edən ev sahibi olaraq deyil, həm də öz regional və beynəlxalq siyasətindəki mövqeyi ilə diqqət mərkəzindədir. Azərbaycanın yerləşdiyi strateji mövqe, XII Qlobal Bakı Forumunun iştirakçısı olaraq ölkənin öz rolunu və mövqeyini daha da gücləndirəcəyini göstərir. Azərbaycan, Şərq ilə Qərb arasında, həmçinin Asiya ilə Avropa arasında bir körpü funksiyasını yerinə yetirir. Forumda Azərbaycanın geosiyasi rolu, regional əməkdaşlıq və inteqrasiya prosesləri, enerji təhlükəsizliyi və İpək Yolu təşəbbüsü kimi mövzular müzakirə edilə bilər. Azərbaycanın regionda və beynəlxalq arenada daha geniş təsir imkanlarını artırması gözlənilir.

Digər tərəfdən, Azərbaycanın strateji mövqeyi, həm Qafqaz regionunun, həm də Avrasiya ərazisinin qovşağında yerləşməsi onu vacib bir oyunçuya çevirir. Forumda iştirak edən nümayəndələr, Azərbaycanın mövqeyinin regiondakı iqtisadi və siyasi əməkdaşlığın inkişafında əsas rol oynadığını xüsusi qeyd edirlər. Azərbaycan, həmçinin, çoxqütblü dünya düzənində balanslı və müstəqil siyasət yürütməklə, çağırışları fürsətə çevirmək və regional sabitliyi təmin etmək məqsədilə daha geniş əməkdaşlıq platformaları təklif edir. Bu, regionda və ümumən dünyada daha geniş və dayanıqlı bir inkişaf üçün faydalı ola bilər.

XII Qlobal Bakı Forumu, həmçinin Azərbaycanın regional və beynəlxalq səviyyədə mühüm bir platforma olaraq rolunu bir daha sübut edir. Forumda ortaya qoyulan fikir və təkliflər, dünya düzəninin və geopolitik təhlillərin gələcək istiqamətinin müəyyən olunmasında önəmli yer tutacaqdır. Bu tədbir, gələcəkdə də qlobal  məsələlərə dair daha geniş müzakirələr və əməkdaşlıq üçün faydalı bir təməl yaratmaqdadır.