Martın 15-də V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetində (BDU) və Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə keçirilən müsabiqədə olimpiadanın respublika turunu keçən 100-dən artıq şagird iştirak edib.
BDU-dan “İki sahil”ə bildirilib ki, olimpiadanın final mərhələsinin qalibləri Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.
Final mərhələsindən qabaq Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və BDU-nun mütəxəssisləri tərəfindən respublika turunu keçən şagirdlər üçün onlayn hazırlıq dərsləri təşkil olunub. Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına erkən hazırlıq məqsədi də daşıyan dərslərdə olimpiadanın proqramına uyğun olan mövzular tədris olunub, beynəlxalq olimpiada sualları həll edilib. V Azərbaycan Astronomiya Olimpiadası qalibləri üçün hazırlıq dərsləri final turundan sonra da davam edəcək.
Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadası Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə baş tutur.