18 mart 2025 00:35
209

Təbiətin möcüzəsi - Yanar bulaq

Astaranın  Ərçivan kəndində  təbiətin bəxş etdiyi  gözəlliklər çoxdur. Bu əsrarəngiz məkanda  ilk baxışdan vurulduğun və insanı ovsunlayan sehrlər  vardır. Eləcə də kəndin cənubunda, Bakı-Astara magistral yolundan   azca aralı bir bulaq çağlayır. Bulağın sehri ondadır ki, suyu  məşəl kimi daim alışır yanır.   Bəzən  axan kükürdlü suyun hündürlüyü 5-6 metrə çatır. Amma alovu yandırmır, su yanan zaman   ondan içiləndə  insan orqanizmə heç bir ziyanı dəymir.  Həmçinin  Astaranın turizm  marşrutuna daxil  edilən “Yanar bulaq” indi dünyanın bir çox yerində yaxşı tanınır.

Əvvəla onu bildirim ki, bulağın suyunda olan unikal xüsusiyyətlər iyirminci əsrin 70-ci illərdə aşkarlanıb.  Belə ki,  o zaman yeraltı bulaqların mənşəyi və  səviyyəsi  ilə maraqlanan geoloqlar qrupu Azərbaycana gəlirlər. Onlar Astaranın Ərçivan ərazisinə daxil olan yerlərdə bir-neçə bulaq müəyyən  edirlər. Birinin yanında çox   dərin bir quyu qazırlar. Buradan çıxan suyun  qızmar günəş şüalarının altında alov saçdığını görürlər.   Və yerli əhali  təbiətin  bu möcüzəsinə “Yanar  bulaq” adını  verir.

Alimlərin araşdırması göstərir ki, burada qeyri adi bir səbəb yoxdur. Onların dediyinə görə, bulaqda   kükürdlü  su ilə bərabər metan qazı da çıxır. Nəticədə alov suya yaxınlaşanda ondan ayrılan qaz məşəl kimi alovlanır.

“Yanar  bulaq” suyu həm də, bəzi xəstəliklərə qarşı böyük müalicəvi əhəmiyyətə  malikdir.   Laboratoriya  müayinələri  zamanı məlum olub ki, tərkibində olan minerallar mədə-bağırsaq üçün  olduqca xeyirlidir. İndi  müxtəlif yerlərdən  mədə-bağırsağında problemi olan xəstələr  buraya gəlir, yanar sudan istifadə etməklə  şəfa tapa bilirlər. Həkimlər məhz xəstələrinə bu üsulun səmərəli olmasını  deyirlər. İkinci tərəfdən  kükürdlü su üzdə olan səpkiləri də  aradan qaldıra bilir.

Ərçivanlılar, bulağa yaxın olanlar çay dəmləmək üçün suyu  bir qayda olaraq burdan götürürlər. 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü