17 mart 2025 16:29
128

Corat qəsəbəsində Novruz şənliyi qeyd olunub

Bolluğun, bərəkətin və xeyirxahlığın rəmzi olan Novruz bayramı Sumqayıt şəhərinin Corat qəsəbəsində böyük təntənə ilə qeyd edilib.

“İki sahil” xəbər verir ki, bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhər ictimaiyyəti və qəsəbə sakinləri iştirak ediblər.

Milli-mənəvi dəyərlərimizi əks etdirən tədbirdə Novruzun rəmzləri – səməni, bayram xonçaları, şirniyyatlar və milli mətbəx nümunələri sərgilənib. Qəsəbənin meydanında Bahar qızı, Keçəl, Kosa və milli geyimli gənclər Novruzun gəlişini simvolizə edərək iştirakçıları bayram ovqatına kökləyiblər.

Şənlikdə meyxanaçıların Novruz ruhunu əks etdirən çıxışları, idmançıların nümunəvi çıxışları və ənənəvi Novruz oyunları – yumurta döyüşü və xoruz döyüşü böyük maraqla qarşılanıb.

Tədbirin sonunda incəsənət ustalarının ifasında baharı və Azərbaycanı tərənnüm edən mahnılar səsləndirilib, iştirakçılara unudulmaz bayram ab-havası yaşadılıb.