Təxminən 150 il əvvəl müasir Pakistanın qədim Harappa şəhərində arxeoloqlar tərəfindən anlaşılmaz simvolları olan daş möhür tapılıb. Bu, sonrakı illərdə tapılan bir neçə min artefaktdan birincisi idi. Onlar eyni görünüşə malikdirlər: hansısa heyvanın təsviri və qısa simvollar zənciri.
Alimlər bu işarələri 5300 ildən çox əvvəl müasir Hindistan və Pakistan ərazisində, Hind çayı vadisində mövcud olmuş Hind Vadisi sivilizasiyasının yazısı kimi müəyyən ediblər. Hələ heç kim onu deşifrə edə bilməyib - Misir heroqliflərinin sirlərini açan Rozetta Daşına bənzər bir ipucu belə tapılmayıb.
Bu hekayə çoxlarını narahat edir. Hindistanın Tamil Nadu əyalətinin baş naziri Muthuvel Karunanidhi Stalin iddia edir ki, bu dili bilmədən Hindistan yarımadasının tarixi yazıla bilməz. “Hindustan Times” xəbər verir ki, o, mətnin deşifrəsinə görə bir milyon dollar mükafat elan etmək qərarına gəlib. Ancaq bir şey var: qalib gəlmək üçün təkcə öz versiyanı təklif etmək kifayət deyil, arxeoloqları və digər mütəxəssisləri şərhin düzgünlüyünə inandırmaq lazımdır. Amma hələ heç kim bunu bacarmayıb. BBC-nin yazdığı kimi, alimlər artıq milyonçu olduqlarını düşünənlərdən hər həftə məktublar alırlar və hələ də bir ipucu yoxdur.
"Əksər insanlar Hind Vadisi sivilizasiyası yazısının sehrli və mənəvi əhəmiyyətə malik olduğuna inanırlar, baxmayaraq ki, bu yazıya ən çox ticarət üçün istifadə edilən daş lövhələrdə rast gəlinir", -deyə alim Rajeş Rao bildirib.
Nubar Süleymanova, “İki sahil”