18 mart 2025 00:47
198

Qadın sağlamlığı ilə bağlı bu miflərə inanmayın!

Qadın sağlamlığı ilə bağlı çoxlu miflər var. Bu da tez-tez qadın orqanizminin real imkanlarının düzgün qiymətləndirilməməsinə səbəb olur. Rusiyalı televiziya həkimi Aleksandr Myasnikov müəllif proqramında bu stereotipləri dağıdıb və onlardan hansıların əslində heç bir elmi dəlili olmadığını açıqlayıb.

Mif 1: Qadınlar kişilərdən daha uzun yaşayırlar

Bir çox insanlar bəzi təbii səbəblərə görə qadınların kişilərdən daha uzun yaşadığına inanırlar. Bu qismən doğrudur, lakin ömür uzunluğu bir çox amillərdən asılıdır: həyat tərzi, qidalanma, tibbi xidmət və əlbəttə ki, irsiyyət. Qadınların hormonlar kimi bioloji üstünlükləri var, lakin bu, onların uzunömürlülüyünə zəmanət vermir.

Mif 2: Gec doğuş etmək orqanizmi cavanlaşdırır

Gec doğuşun qadını “cavanlaşdırması” mifinin heç bir elmi sübutu yoxdur. Bir çox qadın ana olmağı sonrakı yaşlara qədər gecikdirsə də, yadda saxlamaq lazımdır ki, 30 yaşdan sonra məhsuldarlıq azalır və gec doğuş etmək fəsadlara səbəb ola bilər. Bu, orqanizmi cavanlaşdırmır, əksinə, sağlamlığın yükünü artırır.

Mif 3: Qadın beyni kişi beynindən kiçikdir və daha az intellektlidir

Başqa bir köhnəlmiş mif qadınların daha az intellektli olmasıdır. Guya beyinləri daha kiçikdir. Əslində bu, doğru deyil. Beyin ölçüsünün zəka ilə birbaşa əlaqəsi yoxdur. Qadınlar çox vaxt emosional zəkada və çoxşaxəli işlərdə kişiləri üstələyirlər.

Mif 4: Qadınların cinsi həvəsi yaşla azalır

Bəzi qadınlar hətta 70 yaşında da yüksək səviyyədə cinsi fəaliyyət göstərirlər. Qadınlarda cinsi istək yaşdan daha çox fərdi xüsusiyyətlərdən asılıdır və bir çox qadın qocalıqda da aktiv cinsi həyatı davam etdirir.

Mif 5: Qadınlar daha zəif cinsdir

"Qadın fiziki cəhətdən daha güclüdür. Biz kişilər qadının dözdüyü hər şeyə dözə bilərikmi? Evdə, işdə və s. olan bütün bu məsuliyyətlərə boyun ola bilərikmi? Yox, mən həmişə qadının daha dözümlü, daha ağıllı olduğuna və həyata daha yaxşı uyğunlaşdığına inanmışam", - Aleksandr Myasnikov deyib.

Nubar Süleymanova, “İki sahil”