18 mart 2025 13:44
124

“Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda konfrans keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda konfrans keçirilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov konfransı açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən polkovnik Cəlil Xəlilov “Konstitusiya və Suverenlik İli”nin önəminə toxunub, bu istiqamətdə görülən və görüləcək işlərə diqqət çəkib: “ Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi, ölkənin hüquqi və siyasi sisteminin əsas prinsiplərinə, eləcə də dövlətin suverenliyinin qorunmasına diqqət çəkən mühüm bir addımdır. Bu il ərzində keçiriləcək tədbirlər, Azərbaycan xalqının müstəqilliyinin və dövlətçiliyinin gücləndirilməsinə xidmət edəcək və bu mövzuların daha geniş ictimaiyyətə çatdırılmasına imkan yaradacaq. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlər planı təsdiq edilib və bu plana əsasən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

Bugünkü konfransın keçirilməsində əsas məqsəd “Konstitutsiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” ideyası üzərində fokuslanmaqdır. Konstitusiya və suverenlik dövlətin daxili və xarici siyasətində əsas müstəvidir və bu mövzunun müzakirəsi ölkəmizin gələcək inkişafı, hüquqi sabitliyi və milli təhlükəsizliyinin qorunması üçün çox vacibdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında suverenliyimiz, dövlət təhlükəsizliyimiz yüksək səviyyədə qorunmaqdadır. Bu müstəvidə Azərbaycan Silahlı Qüvvələri, xüsusi xidmət orqanlarımız və digər dövlət qurumları böyük əmək və fədakarlıq sərf etməkdədir. Lakin Konstitusiya və Suverenliyimizin qorunması, dövlət təhlükəsizliyimizin təmini elə vacib və həyati məsələdir ki, bu prosesdə cəmiyyətimizin hər bir fərdi, eləcə də gənclərimiz və veteranlarımız fəal iştirak etməli, bu prosesə davamlı şəkildə öz töhfələrini verməlidir. Biz Ulu öndər Heydər Əliyevdən miras qalan dəyər və ənənələri, eləcə də Konstitusiyamızı, Prezident İlham Əliyev tərəfindən tam təmin edilən Suverenliyimizi qorumalı, bu irsi tarixi bir əmanət kimi gələcək nəsillərə  çatdırmalıyıq”.

Daha sonra Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Rüstəm Səlimov, Müdafiə Nazirliyi Şəxsi Heyət  Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov, Dövlət İdarəçilik Akademiyasının Elm və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ağalar Abbasov, Dövlət İdarəçilik Akademiyasının  III kurs tələbəsi  Nəzrin Abdullayeva, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi və Əmək veteranı İmran Əbilov, Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev, Şuşa Rayon Veteranlar Təşkilatının sədri Ağalar Əliyev çıxış ediblər.

Tədbirdə Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abbasov, Xüsusi xidmət orqanlarının veteranı Roman Kazımov  və digər qonaqlar iştirak edib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.