19 mart 2025 13:38
160

Salyanda  Novruz bayramı münasibətilə təntənəli bayram festivalı keçirilib

Salyanda  Novruz bayramı münasibətilə təntənəli bayram festivalı keçirilib. Festivalda Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən regional “ASAN xidmət” Mərkəzlərinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizin nemətlərilə tanış olub, festival iştirakçılarını xalqımızın qədim el bayramlarından olan Novruz münasibətilə təbrik edib, onlara xoş əhval-ruhiyyə arzulayıblar. Sonra meydanın mərkəzində qurulan bayram tonqalı alovlandırılıb.

Salyan regional “ASAN xidmət” Mərkəzində keçirilən festivalda xalqımızın Novruz adət-ənənələrini özündə əks etdirən sərgilər, guşələr yaradılıb, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkalar təşkil edilib, milli personajların iştirakı ilə bayram tamaşaları, konsert proqramları təqdim olunub. Dədə Qorqud, Bahar qızı və Novruz simvolları olan Keçəl-Kosa toplaşanları salamlayıb və tədbir iştirakçılarını xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik edibər.

Bu il keçirilən Novruz bayramını əvvəlki illərdən fərqləndirən xüsusiyyətləri barədə danışan Salyan rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov çıxışında söyləyib ki, ilk dəfədir milli bayramımızı suverenliyi tam bərpa olunan, müstəqil və qalib dövlət kimi bütöv Azərbaycan ərazisində qeyd edirik. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bizlərə qaytarıldığını, bu gün ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqımızın mənəvi dəyərlərinin yüksək səviyyədə qorunduğunu eləcə də Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə bütövləşmiş yurdumuzun hər guşəsində şanlı qələbəmizin əbədi bahar gətirdiyi bu əziz bayramın zəfər ovqatı ilə qeyd edildiyini diqqətə çatdırıb. Festival respublikanın və rayonun incəsənət ustalarının bayramı tərənnüm edən çıxışları ilə davam etdirilib.