22 mart 2025 13:52
163

Bir qolun sevinci...

Bir neçə gün öncə veteran futbolçu, Futbol Veteranları İttifaqının (FVİ) sədri, Gənclər və İdman Nazirliyinin tabelyində fəaliyyət göstərən Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin (keçmiş “Neftçibaza”) direktoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi Oqtay Abdullayevin 70 illik yubileyi qeyd olunub. Bu münasibətlə veteran futbolçuya üzərində “70” yazılmış futbol maykası hədiyə kimi təqdim olunub. Hədiyəni yubilyara AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev təqdim ediblər. Yubilyar bu diqqətə görə, Gənclər və İdman Nazirliyinə, həmçinin AFFA-nın rəsmilərinə təşəkkürüni bildirib.

Həmin gün biz də yubilyara bir neçə sualla müraciət etdik. İlk sualımız onun Futbol Veteranları İttifaqının sədri kimi fəaliyyəti ilə əlaqədar oldu. Müsahibimiz bildirdi ki, 2002-cü ildə “Neftçi”nin Veteranlar Klubuna rəhbər seçilib: “Həmin seçim indiki kimi yadımdadır. Rəhbərlik etdiyim bazada keçirilən tədbirdə demək olar ki, bütün veteranlar iştirak edirdilər:  Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Ağasəlim Mircavadov və başqaları… Dedilər ki, səni seçək. Sözün düzü, mən bu məsuliyyətli işə qol qoymaq istəmirdim. Bildirdilər ki, bəs sənin yaxşı təşkilatçılıq qabiliyyətin, üstəlik, insanlarla yaxşı təmas qurmaq qabiliyyətin var. Uzun sözü qısası, mən də razılaşdım. Burada çalışarkən bir sıra ilklərə imza atdım. Elə bu kimi səbəblərdən 2012-ci ildə mənə təklif etdilər ki, bəs Azərbaycan Futbol Veteranları İttifaqına sədrlik edim. Əməkdar bədən tərbiyəsi və idman xadimi Rüstəm Rəhimov da müavin seçildi. O vaxtdan bu günə kimi bu quruma rəhbərlik edirəm”.

Daha sonra nostalji hisslərə qapılan Oqtay müəllim keçmişə ekskursiya etdi və bəzi məqamları xatırlamağa çalışdı: "Neftçi"də çalışanda, daha doğrusu, 2008-ci ildə Özbəkistanın Zərəfşan rayonunda SSRİ dönəmində çıxış edən bütün komandaların iştirakı ilə minifutbol üzrə yarış keçirilirdi. Zərəfşan qızıl mədəninin futbolu çox sevən direktoru, yəni Yakov adlı   şəxsin vəsaiti hesabına təşkil edilmiş həmin yarışda “Neftçi”nin veteranlardan ibarər komandası ikinci yeri tutdu. Yeri gəlmişkən, həmin yarışda Maşallah Əhmədov, Şakir Qəribov, Əbdülqəni Nurməmmədov, Oqtay Abdullayev, Asim Xudiyev, Arif Orucov, Əli Rəhmanov və digərləri meydana çıxmışdılar”.

“Veteran futbolçular qayğı ilə əhatə olunub”,  - sözləri ilə söhbətini davam etdirən Oqtay Abdullayev bildirdi ki, onun rəhbərliyi altında veteran futbolçular tez-tez rayonlara səfərlər edirlər, uşaq futbolu ilə maraqlanırlar, müxtəlif turnelər təşkil edirlər, həmçinin xarici ölkələrdə keçirilən yarışlara qatılırlar: “Veteran futbolçular bizim qızıl fondumuzdur. Onların hər biri bir məktəbdir. Məqsədləri Azərbaycan futbolunun inkişafına töhfə verməkdir. Elə onlar da öz bacarıqlarını futbolumuzdan əsirgəmirlər. Unutmayaq ki, bu gün veteranların hamısının milli komandamız üçün ürəyi ağrıyır.  Çox istərdik ki, yığmanın səsi-sorağı yüksək zirvələrdən gəlsin, ancaq alınmır. Mən yenə deyirəm, yığma üçün canını qoyan veteranların futbol bacarığından maksimum istifadə etmək lazımdır”. Həmsöhbətimiz eyni zamanda veteranların işğaldan azad edilmiş ərazilərimizdə də görünmək niyyətində olduqlarını diqqətə çatdırdı.

Onun sözlərinə görə, FVİ bütün veteranlara hər bir işdə kömək etməyə çalışır: “Amma hamıya kömək etmək də olmur. Veteranlar bir deyil, iki deyil. Onların sayı çoxdur. Onu da deyim ki, hazırda 65 veteranımız AFFA-dan müəyyən məbləğdə vəsait alır”.

Daha sonra Azərbaycan futbolundan danışan həmsöhbətimiz vurğuladı ki, o, futbol aləminə 1977-ci ildə qədəm qoyub: “Mən 1979-cu ilə kimi “Araz” (Naxçıvan) klubunda çıxış etmişəm. Onda komandamız 2-ci liqada oynayırdı. 1979-da Əhməd Ələsgərov “Araz”a baş məşqçi gəldi. Oradan isə o, “Neftçi” futbol komandasına göndərildi. Əhməd müəllim bu komandada fəaliyyətə başlayan kimi “Araz”ın 5-6 nəfər futbolçusunu, o cümlədən məni də “Neftçi”yə cəlb etdi.  Mən demək olar ki, iki il bu komandada yarımmüdafiəçi mövqeyində çıxış etdim. “Neftçi”də 25 oyuna çıxmışam və 1 qol vurmuşam”.

Qol vurduğu oyun barədə danışan Oqtay müəllim həmin oyunu futbol karyerasının ən mükəmməl oyunu kimi xarakterizə etdi. Bildirdi ki, indiyədək həmin qolun təsiri altındadır: “Komandamız Donetskin “Şaxtyor” komandası ilə qarşılaşırdı. Həmin oyunda mən ehtiyat oyunçular skamyasında idim. Amma birdən-birə məşqçimiz məni və Rafiq Əlizadəni oyuna buraxmaq fikrinə gəldi.  İkinci hissədə oyuna girən kimi Rafiq Əlizadə sol cinahdan hücuma keçdi. Topu mənə tərəf yönləndirdi. Mən topu sinəmlə saxlayıb, sol ayağımla onu qapıya vurdum. İnandırım sizi, top qapıdan keçən kimi elə sevindim ki… Hətta bir müddət meydanda özümə gələ bilmədim. Elə indi də həmin epizod yadıma düşəndə nədənsə istər-istəməz kövrəlirəm. Onu da bildirim ki, həmin oyun 3:1 hesabı ilə “Neftçi”nin xeyirinə başa çatıb”.

Həmsöhbətimiz fikrini bu sözlərlə tamamladı: “Mənim üçün “Neftçi” turnir cədvəlindən hansı yeri tutmasından asılı olmayaraq olduqca əziz komandadır. Bu komanda futbolumuzun flaqmanıdır. Bu komanda xalqın komandası, futbolumuzun tarixidir, Avropa Liqasının qrup mərhələsinə düşən ilk klubumuzdur. Azarkeşlər tərəfindən çox sevilir. Bir sözlə, “Neftçi” mənim üçün həyatdır. Odur ki, onu heç bir komanda ilə müqayisə etmək istəməzdim”.

Qeyd edək ki, Oqtay Abdullayev 20 mart 1955-ci ildə anadan olub. Peşəkar futbolçu karyerasına 1977-ci ildə futbol üzrə SSRİ-nin ikinci liqasında çıxış edən “Araz-Naxçıvan” klubunda başlaylb. 1979-cu ildə respublikanın əsas komandası olan "Neftçi” klubuna cəlb edilib. 1979–1981-ci illər ərzində bu komandanın heyətində ümumilikdə yarımmüdafiəçi mövqeyində 25 oyuna çıxıb və 1 qol vurub. 2001-ci ildə "Neftçi" komandasına baş məşqçi təyin olunub. Klub onun rəhbərliyi altında Yüksək Dəstəni ikinci yerdə bitirib, ölkə Kubokunun "Şəfa"ya məğlub olub. O, 8 il “Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri olub. 2012-ci ildə Futbol Veteranları İttifaqının sədri seçilib. Oqtay Abdullayev, həmçinin Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) “Tələbə” futbol federasiyasının vitse-prezidenti kimi çalışır.

Qvami Məhəbbətoğlu, “İki sahil”