Martın 22-də Tbilisinin mərkəzində Novruz bayramı ilə əlaqədar təntənəli tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Tbilisi Meriyası, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Bayram şənliyində Gürcüstanın Reinteqrasiya naziri, Tbilisi meri və sakrebulun sədru, Azərbaycan, Türkiyə, Qazaxıstan, İran və Türkmənistanın bu ölkədəki səfirləri, soydaşlarımız, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayram şənlikləri çərçivəsində Novruzun simvolları nümayiş etdirilib, milli musiqi və rəqslər təqdim olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Tbilisi meri Kaxa Kaladze Novruzun ənənəvi rituallarından biri olan yumurta döyüşdürmə mərasiminə qatılıblar. Həmçinin Novruza aid mədəniyyət və sənət sərgilərinə baxış keçirilib. Sonra Novruz tonqalı alovlandırılıb.
Mərasimdə çıxış edənlər Novruzun sülh, dostluq və birlik rəmzi olduğunu vurğulayaraq, bu bayramın Gürcüstandakı xalqlar arasında mədəni və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyini bildiriblər.
Tədbir iştirakçıları həmçinin, Azərbaycan mətbəxinin ləziz yeməklərinin dadına baxıb, bayram əhval-ruhiyyəsini azərbaycanlılarla birlikdə yaşayıblar.