30 mart 2025 23:54
208

İordaniya mətbuatında Azərbaycanlıların Soyqırımı Günü haqqında məqalə nəşr olunub

İordaniya mətbuatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında məqalə nəşr olunub.

“İki sahil” xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyinin bəyanatı əsasında nəşr olunan məqalədə 1918-ci ildə Bakı Sovetinə bağlı erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba şəhərlərində 16 mindən çox azərbaycanlının etnik və dini kimliklərinə görə vəhşiliklə qətlə yetirildiyi, 167 kənd və məntəqənin dağıdıldığı qeyd edilib. Bildirilib ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Məqalədə, həmçinin ermənilər tərəfindən soyqırımı, etnik təmizləmə və irqi ayrı-seçkilik cinayətlərinə məruz qalmış günahsız qurbanların 107-ci ildönümünün Azərbaycan xalqının dərin hüznlə yad etdiyi bildirilib, erməni daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatları tərəfindən ötən əsrin əvvəllərində törədilmiş insanlıq əleyhinə olan cinayətlər barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə sistematik işlərin həyata keçirildiyi vurğulanıb.