04 aprel 2025 10:15
164

Qayıdış ünvanlarının sayı artır

Bu ilin oktyabr-noyabr aylarında Ağdam şəhərinə ilk köçün həyata keçirilməsi planlaşdırılır

Tarixi Zəfərimizdən sonra qarşıya bu hədəf qoyuldu: Qarabağ dünyanın ən gözəl bölgələrindən birinə çevrilməlidir. Son dörd ildən artıq dövrdə bu hədəfə nail olmaq üçün atılan addımların miqyasına, soydaşlarımızın qayıtdıqları ünvanların say tərkibinə diqqət yetirmək kifayətdir.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu günlərdə Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak etdilər. Ölkə Prezidenti yeni mənzillərə köçən sakinlərlə görüşündə bu müjdəni verdi ki, indi Ağdam rayonunun ilk sakinləri sizsiniz: «Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız.»

O da məlumdur ki, ötən ilin yanvarında dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində tarixi Zəfərimizin reallıqları əsasında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən, həmçinin bu torpaqlara mərhələ-mərhələ soydaşlarımızın qayıdışından bəhs edərək bu hədəfi açıqlamışdır ki, Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə qayıdış 2025-ci ildə nəzərdə tutulur.

Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təmləqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bunun üçün cənab İlham Əliyevin ötən ay Ağdərə rayonunun Həsənriz, Ağdam rayonunun Sarıcalı kəndlərinə və Şuşa şəhərinə səfərləri çərçivəsində açılışında və ətməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə, görülən işlərlə tanışlığına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev sakinlərlə görüşlərində diqqəti bir daha bu reallıqlara yönəltdi ki, İkinci Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi: “Azərbaycan ərazisində separatizmin kökü tam kəsilmişdir və Azərbaycan vətəndaşları öz doğma torpağına qayıda bilirlər. İndi hər yerdə quruculuq, bərpa işləri aparılır. Ağdam rayonunda idim. Ağdam şəhəri sıfırdan inşa edilir və gözəl şəhər olacaq. Xankəndini də biz bərpa edəcəyik və vaxtilə burada yararsız vəziyyətə düşmüş binalar indi sökülür, yeni binalar inşa edilir və ediləcək. Qarabağ Universiteti artıq fəaliyyət göstərir və bu il yeni korpuslar inşa olunacaq. Artıq orada mindən çox tələbə oxuyur. Əsas odur ki, indi tikinti-bərpa işləri sürətlə getsin. Bunun üçün bütün gücümüzü səfərbər etmişik.”

Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır. Cənab İlham Əliyev Ağdam rayonunun Sarıcalı kənd sakinləri ilə görüşündə onu da qeyd etdi ki, ilin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır.

Böyük Qayıdışdan bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu qayıdış Cocuq Mərcanlıdan başladı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı. Buna 2016-cı ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan Bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Cənab İlham Əliyev 2017-ci ildə «Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında» Sərəncam imzaladı. Ərazinin minalardan təmizlənməsindən sonra bu kənddə böyük quruculuq işlərinə başlandı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işləri uğurla başa çatdı və Cocuq Mərcanlı öz sakinlərini qarşıladı.

Dörd ildən artıqdır ki, Böyük Qayıdışdan qürurla bəhs edirik. Hədəfə doğru atılan addımların uğurlu nəticəsi göz önündədir. Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində həyata keçirilir, soydaşlarımızın gələcəkdə burada yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev hər zaman hədəflərdən bəhs edərkən bildirir ki, bu ərazilərdə yüksək yaşayışın təmin edilməsi üçün bütün zəruri olan addımlar atılacaq.

Azad edilmiş ərazilərimizə qayıdışın miqyası genişləndikcə bu torpaqların malik olduğu iqtisadi imkanlardan səmərəli istifadənin prioritetliyi məsələsi daha da aktuallaşır. Sakinlərin məşğulluq problemlərinin həlli əsas hədəflər sırasındadır. Nəzərə alaq ki, tarixi Zəfərimizdən sonra ilk olaraq sakinlərinə qovuşan «ağıllı kənd» layihəsinin ilk iştirakçısı Ağalı kəndi oldu. Bu nöqteyi-nəzərdən işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindən də start veriləcək. Ağalıda kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi yerli əhalinin məşğulluq səviyyəsini artıracaq. Bu, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalını artıraraq, yerli iqtisadiyyatı canlandıracaq. Əkinçilik fəaliyyəti torpaqların daha məhsuldar istifadəsini təmin etməklə, əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artırılmasına səbəb olur. Əkin məqsədli torpaqların istifadəyə verilməsi qida təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyətlidir. Yaxşı idarə olunan kənd təsərrüfatı fəaliyyətləri yerli qida istehsalını artırır və xaricdən asılılığı azaldır. Bu, ölkə daxilində istehsal olunan qida məhsullarının təklifini artıraraq, daha keyfiyyətli və əlverişli qiymətlərlə yerli əhaliyə təqdim edilməsini təmin edir.

Ağalıda əkinçilik fəaliyyətinin artırılması torpaq ehtiyatlarının daha səmərəli istifadə olunmasına imkan yaradır. Torpaqların düzgün və müasir aqrotexniki üsullarla işlənməsi, ətraf mühitin qorunmasına kömək edir. Əkin sahələrində tətbiq edilən müasir suvarma sistemləri torpaq eroziyasının qarşısını alır və torpaqların uzunmüddətli istifadəsini təmin edəcək. Əkin məqsədli torpaqların istifadəyə verilməsi, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqinə şərait yaradır. Bu, daha yüksək məhsuldarlıq və məhsul keyfiyyəti deməkdir. Yenilikçi texnologiyalar, o cümlədən avtomatlaşdırılmış suvarma sistemləri, gübrələmə üsulları və məhsulun emalı, torpaqların istifadəsini daha səmərəli edir və kənd təsərrüfatı fəaliyyətini iqtisadi baxımdan daha sərfəli edir. Torpaqların əkin məqsədli istifadəyə verilməsi yerli əhalinin sosial rifahını yaxşılaşdırmağa da kömək edir. Kənd təsərrüfatı fəaliyyətlərinin inkişafı kəndlərdə yeni iş yerlərinin açılmasına, gənclərin kənd təsərrüfatı sahəsində ixtisaslaşmasına və bununla da əhalinin yaşayış şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.

Azad edilmiş ərazilərimizin hər biri özünəməxsus imkanlara malikdir. Onlardan səmərməli istifadə etməklə həm bu ərazilərdə yaşayan soydaşlarımızın sosial müdaıiəsini gücləndirmək mümkündür, eyni zamanda, Azərbaycanın dayanıqlı inkişafına davamlı töhfələrin veriləcəyi qaçılmazdır. Tarixi Zəfərimizdən dərhal sonra iqtisadi rayonların bölgüsünün yenidən aparılması ilə bağlı Fərman imzalanmasında, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və sair kimi biri-birindən mühüm addımların atılmasında da məqsəd bu bölgənin imkanlarından səmərəli istifadə etməkdir. Artıq neçə illərdir dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsini qarşıya prioritet məsələ kimi qoyub. Bununla bağlı rayonlara görə ixtisaslaşma həyata keçirilib. Azad edilmiş ərazilərimizi də bu ixisaslaşmış ərazilərimiz sırasında qeyd edə bilərik. 30 ilik işğal dövrdündə Ermənistan bu torpaqlarımızın mövcud imkanlarından bəhrələnərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışmışdı.

Göründüyü kimi, dövlətimizin həyata keçiridyi iqtisadi siyasətin əsasında azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın bu torpaqlara qayıdışı və yeni həyatın başlanması dayanır. «Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir. Halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlanır. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Bax, bizim planlarımız bundan ibarətdir. 

Artıq Ağdam şəhərinə ilk köçün başlanacağı vaxt da açıqlandı. Belə ki, bu ilin oktyabr-noyabr aylarında ilk köçün həyata keçirilməsi planlaşdırılır. Yaxın vaxtlarda rayonun Xıdırlı və Kəngərli kəndlərinə də ilk köç olacaq. Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi yaşayış evi tikilib. Bundan başqa, bütün qeyri-yaşayış obyektlərinin də tikintisi başa çatıb. Tamamlanma işləri görülüb. Tezliklə adları çəkilən kəndlər sakinlərini qəbul edəcəklər. Ağdam şəhərində isə 5 məhəllənin inşası nəzərdə tutulub. Onlardan birinin tikintisinə başlanılıb. Şəhərə oktyabr-noyabr aylarında ilk köç planlaşdırılır. Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məşkunlaşdıracaq ölkənin 4-cü ən böyük şəhəri olacaq. 2026-cı ilə qədər Ağdama 20-25 min sayda əhalinin köçürülməsi nəzərdə tutulub. Şəhərin 500 hektarlıq ərazisində müxtəlif infrastruktur obyektləri, muğam mərkəzi inşa olunacaq. İmarət Kompleksi hazırdır, Cümə məscidi restavrasiya olunub. İşğal və Zəfər muzeyləri inşa ediləcək. 2026-cı ilin sonuna qədər yaşayış üçün zəruri olan bütün məsələlərin tamamlanması nəzərdə tutulub.

Artıq Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. 30 illik işğal dövründə düşmənin dağıdaraq viran qoyduğu torpaqlarımız hazırda geniş tikinti meydanına çevrilib. Bu ərazilərimizə gələn hər kəs dağıntıların yerində inşa edilmiş və öz sakinlərini sevindirən müasir kəndlərin, şəhərlərin şahidi olur. Genişmiqyaslı bərpa işlərində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Çünki infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayır. Hazırda sakinlərə qovuşan şəhər və kəndlərimiz ölkəmizin dirçəliş modelinin təqdimatında öz sözünü deyir. Bütün yeniliklər tətbiq edilir. Dövlət başçısı İlham Əliyev müsahibələrində, çıxışlarında belə bir çağırışı da edir ki, dövlət öz üzərinə düşən vəzifəni icra edəcək, biz keçmiş məcburi köçkünləri qaytaracağıq. Amma, eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır.

Yeganə Əliyeva, «İki sahil»