07 aprel 2025 16:13
113

AŞPA-dan gürcü xalqına qarşı alət kimi istifadə olunur - Papuaşvili

“Avropa İttifaqının (Aİ) büdcəsindən maliyyələşən lobbiçilik fəaliyyəti Gürcüstanda da açıq şəkildə hiss olunur. Keçən ilin oktyabrında ölkəmizdə keçirilən parlament seçkiləri ərəfəsində Aİ-nin vəsaiti “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasına qarşı seçki kampaniyası üçün istifadə olunurdu. Bu tədbirlər Aİ-nin maliyyələşdirdiyi QHT-lər tərəfindən həyata keçirilirdi, sanki siyasi partiyaların deyil, məhz xaricdən yönləndirilən maraqların kampaniyası idi”.

“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) artıq uzun müddətdir eks-prezident Mixeil Saakaşvilinin tərəfdarı olan siyasi qruplar tərəfindən gürcü xalqına qarşı alət kimi istifadə olunur. AŞPA 2022-ci ildə Saakaşvilini siyasi məhbus kimi tanıyaraq, onun azadlığa buraxılmasını tələb edib. Lakin bütün bunlar əsassız idi və ona görə də qurumla aramızda fikir ayrılığı yarandı.

Papuaşvili qeyd edib ki, yanvarda AŞPA-nın qəbul etdiyi Gürcüstanın suverenliyinə zidd qətnamədən sonra parlament nümayəndə heyəti qurumu tərk edib və hazırda Gürcüstanın AŞPA-da nümayəndə heyəti yoxdur.