07 aprel 2025 17:54
112

Azərbaycan və Böyük Britaniya parlament üzvləri ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər

Aprelin 7-də Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fariz İsmayılzadə, Tural Gəncəliyev və Zaur Şükürov ilə Böyük Britaniya Parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Man arasında görüş olub.

“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə çıxış edərək Böyük Britaniyanın Azərbaycan üçün strateji əhəmiyyət daşıyan ölkə olduğunu bildirib. Qeyd edib ki, BP şirkətinin Azərbaycanın ən böyük xarici sərmayəçilərindən biri olması, eləcə də 1990-cı illərdə ölkə iqtisadiyyatına verdiyi dəstək əlaqələrin dərin tarixi əsaslara söykəndiyini göstərir.

F.İsmayılzadə vurğulayıb ki, Böyük Britaniya Qarabağ məsələsində balanslı mövqe nümayiş etdirib, Azərbaycanın müstəqilliyi və suverenliyi məsələlərində ölkəmizi dəstəkləyib. Bu amillər ikitərəfli münasibətlərin getdikcə daha da möhkəmlənməsinə səbəb olub. Deputat, həmçinin gələcək əməkdaşlıq imkanlarına toxunaraq bildirib ki, Böyük Britaniya Parlamenti ilə birgə bir çox layihələrin reallaşdırılması mümkündür. O, qarşılıqlı əlaqələrin genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını bildirib və britaniyalı nümayəndələri Azərbaycan hökuməti, parlamenti və səfirliyi ilə daha sıx əməkdaşlığa dəvət edib.

Fariz İsmayılzadə Lord Con Manın Azərbaycanın yəhudi kəndini ziyarət etməsini məmnuniyyətlə qeyd edərək ölkəmizdə dini və etnik müxtəlifliyin, tolerantlığın və multikulturalizmin hökm sürdüyünü vurğulayıb. O əlavə edib ki, bu dəyərlər Azərbaycanın xarici siyasətində mühüm yer tutur və bütün dinlərə və müxtəlif sosial qruplara hörmət göstərmək milli kimliyimizin ayrılmaz hissəsidir.

Sonra çıxış edən deputatlar Tural Gəncəliyev və Zaur Şükürov Azərbaycan-Britaniya parlamentlərarası münasibətlərinin siyasi, iqtisadi və humanitar sahələrdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduqlarını vurğulayıblar. T.Gəncəliyev Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini ilk dəstəkləyən ölkələrdən biri olduğunu xatırladaraq hazırda azad olunmuş əraziləri, xüsusilə Xankəndini təmsil etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Deputatlar, həmçinin parlament diplomatiyasının gücləndirilməsi və regional təhlükəsizlik kontekstində Avropa, o cümlədən Böyük Britaniya ilə strateji tərəfdaşlığın əhəmiyyətini diqqətə çatdırıblar.

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Man ölkələrimiz arasında mövcud iqtisadi və ticarət tərəfdaşlığının əhəmiyyətini vurğulayıb. O bildirib ki, uzun illər Böyük Britaniya parlamentində fəaliyyət göstərib, o cümlədən iqtisadi məsələlər və bir müddət Olimpiya oyunları üzrə ixtisaslaşmış komitələrdə üzv kimi çalışıb və bu komitələrdə ən uzun müddət xidmət edən üzv olub.

L.C.Man Böyük Britaniyanın Baş naziri tərəfindən Azərbaycana edilən səfərin əhəmiyyətinə toxunaraq bildirib ki, bu, iki ölkə arasında münasibətlərin prioritet xarakter daşıdığını göstərir. Baş nazirin qısa müddət əvvəl vəzifəyə başlamasına baxmayaraq Bakıda keçirilən mühüm beynəlxalq konfransda iştirak etməsi, Azərbaycana verilən əhəmiyyətin göstəricisidir. O, həmçinin BP şirkətinin Azərbaycan iqtisadiyyatına illərdir davam edən töhfəsini vurğulayaraq bu tərəfdaşlığın yeni imkanlar fonunda daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, elmi tərəfdaşlıqlar və iqtisadi sahədə diversifikasiyanın da iki ölkə üçün əsas istiqamətlərdən biri olduğunu bildirib. Bölgədə sabitliyin yaranması ilə iqtisadi inkişaf üçün geniş potensialın mövcud olduğunu qeyd edən Lord Con Man bu mühitdən səmərəli istifadə olunmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.