09 aprel 2025 23:25
329

Bu telefonlar bahalaşacaq?

Texnologiya nəhəngi "Apple" son üç ticarət günü ərzində təxminən 640 milyard dollar bazar dəyəri itirib. Bu, şirkətin tarixində ən dramatik düşüşlərdən biri kimi qiymətləndirilir.

“İki sahil” xəbər verir ki, analitiklər bu enişin əsas səbəbi kimi ABŞ və Çin arasında gərginləşən ticarət müharibəsini göstərirlər.

"Apple" Çindən yüksək dərəcədə asılı olduğu üçün, 54%-ə çatan tariflər şirkəti texnologiya sektorunda ən çox zərbə alanlardan biri olub. Cümə günündən bəri şirkətin səhmləri 19%-ə qədər dəyər itirib. Bu da bazar dəyərində təxminən 638 milyard dollarlıq azalma deməkdir.

Bazar ertəsi günü "Apple"ın səhmləri 3,7% daha ucuzlaşaraq, investorların narahatlığını bir qədər də artırıb. Tramp administrasiyasının tətbiq etdiyi yeni ticarət qaydaları xüsusilə texnologiya nəhənglərinə qarşı sərt mövqe ilə seçilir.

Hərçənd ki, bazarda digər texnologiya nəhəngləri - "Microsoft" və "Tesla" da eniş yaşayıb, ən böyük itki "Apple"a məxsus olub. 

"Apple"ın yüksək səviyyəli "iPhone" modellərinin qiyməti mövcud 1199 dollardan təxminən 30% artaraq 1549 dollara qədər yüksələ bilər. Bu isə istifadəçilərin cibinə ciddi şəkildə təsir edə bilər.

"Apple" iki seçim qarşısındadır: ya qiymətləri artıracaq, ya da əlavə tarif xərclərini özü qarşılayacaq. 

"Apple" bu məsələ ilə bağlı hələlik rəsmi şərh verməyib.