Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının ölkəmizdə keçirilməsi Azərbaycanın enerji diplomatiyasının növbəti uğurudur
Təxminən 200 ölkənin yekdil qərarı ilə layiq görüldüyü COP29-a ev sahibliyi etmək şərəfini doğruldan Azərbaycanın enerji təhlükəsizliyindəki əvəzedilməz rolu bir daha təsdiqləndi. Qoşulmama Hərəkatına sədrliyi müddətində həyata keçirdiyi layihələrlə təsisata üzv dövlətlərin etimadını doğruldan Azərbaycan COP29-a ev sahibliyi ilə qlobal məsələlərə həsr olunmuş mühüm beynəlxalq tədbirlərin keçirilməsi sahəsində qazandığı təcrübəni daha da təkmilləşdirdi. Ölkəmizin beynəlxalq arenada möhkəmlənən mövqeyi etiraf edildi. Həmin tədbirdə dəfələrlə vurğulandı ki, Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu məkanda yerləşən Azərbaycan təkcə geosiyasi baxımdan deyil, ev sahibliyi etdiyi tədbirlərdə səslənən çağırışlarla, siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini birləşdirmək səyləri ilə də beynəlxalq aləmin fəal üzvü kimi fərqlənir, siyasi, iqtisadi platforma kimi tanınır. Müəllifi olduğu meqalayihələrin əsas təşəbbüskarı kimi enerji təhlükəsizliyi və nəqliyyat infrastrukturları sahəsində çoxtərəfli əməkdaşlıq formatını genişləndirən, şaxələndirmə prinsipinə sadiq qalan ölkəmiz qüdrətli dövlətlərlə eyni sırada mövqeyini möhkəmləndirir. Təxminən 60 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olmaqla Avropa İttifaqının 10 üzvü ilə Strateji tərəfdaşlıq haqqında bəyannamələrə imza atan, dünyada, o cümlədən Cənubi Qafqazda sabitliyin qorunması istiqamətində irəli sürüdyü təşəbbüsləri ilə çoxtərəfliliyin təşəbbüskarı kimi də diqqəti cəlb edir. Mədəniyyətlərarası dialoqların təşkilində liderlik rolunu səyləri ilə möhkəmləndirir.
«BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə biz iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edirik. Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır» söyləyən Prezident İlham Əliyev Azərbaycanın Yaşıl gündəliyini dünyada ekoloji tərazlığın qorunmasına önəmli töhfə adlanıdırır. Bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edən Azərbaycan 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdıran 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalayıb. Nəticədə ixrac bazarlarını genişləndirən rəsmi Bakı Avropaya yaşıl enerjini ixracını genişləndirir. Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan, texniki potensialı dörd giqavat olan mühüm enerji təhlükəsizliyi layihəsini həyata keçirməklə Yaşıl enerji gündəliyinin potensialını artıran Azərbaycanla tərəfdaşlar arasında əməkdaşlıq genişləndirilir. Respublikamızın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi nəzərdə tutulan qlobal layihələrin reallğının təsdiqidir. «Beləliklə, ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Mən bir neçə ay bundan əvvəl söylədim: indi mənə hücum çəkmək istəyənlərin hamısı, – mən beynəlxalq medianı nəzərdə tuturam, – mənim yalnız Tanrının bəxş etdiyi hədiyyə sözlərimə iqtibas edirlər» sözləri ilə Azərbaycana qarşı təxribatların yersiz olduğu bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizinin Avropada yerləşməsi, qitə dövlətlərinin enerji təchizatının 2027-ci ilə qədər iki dəfə artırılması ilə bağlı razılığın əldə olunması ölkəmizin təşəbbüsü ilə reallaşan və gələcək üçün proqnozlaşdırılan daha mühüm layihələr üçün təməldir.
COP29-un davamı kimi dəyərləndirilən, aprelin 4-də Bakıda, «Gülüstan» sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının keçirilməsi ilə dünyanın nəzərləri yenidən Bakıya yönəldi. Enerji təhlükəsizliyi ilə enerji keçidi arasında əlaqələri gücləndirmək üçün səylərin birləşdirilməsi naminə ənənəvi olaraq keçirilən, Avropa Komissiyası tərəfindən dəstəklənən Məşvərət Şurasının 11-ci görüşləri də maraqlı müzakirlərlə davam etdi.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının toplantısını əməkdaşlığın təzahürü adlandıran Prezident İlham Əliyev prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayının artmasını, tərəfdaşların ortaq məqsəd ətrafında birləşmək niyyətlərini Azərbaycanın təşəbbüsü olan şaxələndirmə siyasətinin uğuru kimi dəyərləndirdi. Əməkdaşlığın gücləndirilməsini enerji təhlükəsizliyi layihələrinin ilkin mərhələsi kimi diqqətə çatdırılması, tərəfdaşlığın və əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən siyasətin müsbət nəticəsi, istehsalçılar, tranzit ölkələrin və istehlakçıların birgə fəaliyyətinin qarşılıq məsuliyyəti kimi dəyərləndirilməsi Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji layihələrinin uğurlu davamının nəticəsi idi. «Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır» sözləri ilə Azərbaycanın etibarlı tərəfdaş kimi bundan sonra da vədlərinə sadiq qalacağını əminliklə bildirən cənab İlham Əliyevin sözlərinə etimad Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin ölkəmizlə bağlı rəyləridir: Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu etimadın həqiqi dəyəri Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrinin qitə dövlətlərinin qaz təchizatı coğrafiyasının genişlənməsidir. Bakıda keçirilmiş 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycanın təbii qazının alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Amma bu statistika da son rəqəm deyil. Bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edən Azərbaycanın təşəbbüsü ilə Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək. Eyni zamanda, mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında da təşəbbüslər səsləndirilir.
Hazırda 3500 kilometrlik inteqrasiya edilmiş Cənub Qaz Dəhlizi boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi kimi tam gücü ilə işləsə də dünya birliyində enerji təhlükəsizliyi sahəsində ehtiyac nəzərə alınaraq bu potensialın artırılmasına tələbat gündəmdədir.
Azərbaycanın COP29 kimi mühüm tədbirləri yüksək səviyyədə təşkil etmək təcrübəsi Yaşıl Enerji Məşvərət Şurasında da təsdiqləndi.
COP29-un Bakı konfransının yaddaqalan məqamları çox olsa da ən mühüm məsələ İtki və Zərər Fondunun 10 ilə yaxındır müzakirə olunan karbon bazarına dair çoxdan gözlənilən Paris Sazişinin 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsi ilə bağlı müzakirələrin uğurla nəticələnməsi oldu. Azərbaycanın adı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) həll olunduğu mərkəz kimi tarixə yazıldı. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə yol xəritəsi kimi dəyərləndirildi. COP-un Bakı tədbirində əvvəlki konfranslarda nəzərdə tutulduğundan üç dəfə çox maliyyə dəstəyinə nail olundu.
Yaşıl Enerji Məşvərət Şurasında maliyyə məsələləri ilə bağlı müzakirələrdə də təşəbbüskarlığı ilə diqqəti cəlb edən Prezident İlham Əliyevin yeni layihələr üçün gərəkli olacaq, dəqiq hesablamalara əsaslanan maliyyə məsələləri ilə bağlı açıqlamaları da maraqla qarşılandı. Faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatlarına geosiyasi dəyişiklikləri nəzərə almaları, bu siyasətə yenidən baxılması təklif edildi. Qlobal enerji layihələrinin iştirakçılarının əməkdaşlığı sayəsində gerçəkləşən proqnozların əhəmiyyətini «Ümid edirik ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq. Əslində, bu, bizim COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır» sözləri ilə ifadə edən Prezident İlham Əliyev bir daha ölkəmizin humanitar, ədalətə sadiqlik siyasətinin dəyişilməz olduğunu diqqətə çatdırdı.
Enerji laiyhələrinin reallşamasında ən mühüm məsələ təbii ki, uzunmüddətli müqavilələr prosesinin davam etdirilməsi, neft və qaz, eləcə də enerji layihələrinə böyük sərmayələr yatırılmasıdır. Bu məsələ ilə bağlı təhlili çıxışında Cənub Qaz Dəhlizinə qoyulan sərmayənin hələ də qayıtmadığını «Biz hələ də bu balansda sıfra çıxmamışıq» sözləri ilə bildirən Prezident İlham Əliyev haqlı olaraq əsas istehlak bazarının dəqiqləşdirilməsi məsələsinin önəmini tərəflər arasındakı razılaşmanın əsas prinsipləri kimi xatırlatdı: « Ona görə əmin olmalıyıq ki, gələn bir neçə illər əsas bazarımız olacaq Avropada bizim təbii qaza ehtiyac duyulacaq. Yəni, biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Əgər bizdə belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq. Bizim ehtiyatlar isə məlumdur.»
Qitə dövlətlərinini enerji təhlükəsizliyinin təminatı üçün iki əsas meyar olan interkonnektorlar və Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı müzakirələrdə qeyd olunduğu kimi, etibarlı proqnozlaşdırma və etibarlı tərəfdaşlıq diqqətdə saxlanılmalıdır.
Azərbaycanla Avropa Komissiyası arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atıldıqdan sonra qitənin qaz təchizatını təxminən 60 faiz artıran ölkəmizin qaz ixracı ötən il demək olar ki, 13 milyard kubmetr olub. Bu gün həmin həcm kifayət qədər yüksəkdir. Daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyinin tətbiqi ilə Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Ölkəmizin Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarla imzalanmış müqavilələrə əsasən 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin olunacaq. Təbii qaza xeyli dərəcə qənaət imkanı yaranacaq. Nəticədə ölkəmizdə istehsal olunacaq təbii qazın ixrac imkanları artacaq. Şərqi Zəngəzur və Qarabağ ərazilərində 270 meqavatlıq su elektrik stansiyalarının qurulması bu vədin gerçəkləşməsinə əminlik yaradır. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30-a çatdırılacaq. Nəticədə 2030-cu ilə qədər 6,5 giqavatlıq enerji potensialı yaranacaq. Beləliklə, növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalının həcmini iki dəfə artırmaq mümkün olacaq. Günümüz üçün daha aktual olan enerji və nəqliyyat layihələrinin şaxələndirmə prinsipinə uyğun geniş coğrafiyada tətbiqində təşəbbüskarlıq və müəlliflik vədlərinə sadiq qalan Azərbaycan yenə də dünya dövlətlərinin etibarlı tərəfdaş kimi maraq göstərdiyi qüdrətli ölkədir.
Cənub Qaz dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində «Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi» layihəsi üzrə nazirlərin 2-ci iclasının keçirilməsi, yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması maraqla qarşılandı. Sənədin imzalaması ilə mənbəyi Azərbaycan olan daha bir yaşıl enerji dəhlizinin yaradıldığı elan edildi.Vurğulandı ki, Azərbaycanın zəngin yaşıl enerji potensialı, qlobal layihələri, enerji ixracı infrastrukturunun yaradılması və ölkələr arasında enerji təchizatı üzrə əməkdaşlıq təcrübəsi dördtərəfli təşəbbüsün gələcək uğuru üçün möhkəm təməldir. Yaşıl interkonnektorlar vasitəsilə bərpaolunan enerji resurslarının ötürülməsi və ticarəti sahəsində irəliləyişlər əldə ediləcək, dörd ölkə arasında enerji inteqrasiyası gücləndiriləcək və regional enerji təhlükəsizliyinə yeni töhfə veriləcək.
Xuraman İsmayılqızı, «İki sahil»