14 aprel 2025 22:16
229

Azərbaycan Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasından artıq 33 il ötür. Bu dövr ərzində qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr ardıcıl şəkildə inkişaf edərək, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qədim tarixi köklərə əsaslanan bu münasibətlər müasir dövrdə siyasi, iqtisadi, mədəni və texnoloji sahələrdə geniş vüsət alıb.

Azərbaycan-Çin münasibətlərinin tarixi kökləri minilliklərə dayanır. Qədim İpək Yolu çərçivəsində hələ 2500 il əvvəl xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Bu yol vasitəsilə Çin ilə Yaxın Şərq, Orta Asiya və Avropanı birləşdirən Azərbaycanın coğrafi mövqeyi ölkəmizi regional ticarət və mədəniyyət körpüsünə çevirib. Bu zəngin irs bu gün də Azərbaycan-Çin münasibətlərinin əsas dayaq nöqtələrindən biridir.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çin Xalq Respublikası bu müstəqilliyi 27 dekabr 1991-ci ildə tanımış və 1992-ci il 2 aprel tarixində ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə Çin Xalq Respublikasının Bakıda, 1993-cü ilin 3 sentyabr tarixində isə Azərbaycanın Pekində səfirliyi fəaliyyətə başlamışdır. Bu münasibətlərin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olmuşdur. Onun xarici siyasətdə tarazlı və strateji baxışı sayəsində Azərbaycan-Çin münasibətlərinin təməli sağlam əsaslar üzərində qurulmuşdur.

Bu gün Azərbaycan və Çin arasında siyasi münasibətlər yüksək səviyyədə inkişaf edir. Prezident İlham Əliyevin Çinə rəsmi səfərləri, beynəlxalq tədbirlərdə Çin liderləri ilə görüşləri iki ölkə arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı daha da möhkəmləndirib. 2024-cü ilin iyul ayında Astanada keçirilən görüşdə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu sənəd siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlib. Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış qarşılıqlı etimad və şəxsi dostluq münasibətləri ikitərəfli əlaqələrin dərinləşməsində mühüm rol oynayır. Liderlərin siyasi iradəsi  Azərbaycan və Çin arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafı üçün güclü stimul yaradır.

İkitərəfli münasibətlərin ən vacib istiqamətlərindən biri ticarət-iqtisadi əməkdaşlıqdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda Çin Azərbaycanın xarici ticarət tərəfdaşları arasında 4-cü yerdə qərarlaşıb. 2023-cü il ərzində Azərbaycandan Çinə ixrac olunan malların dəyəri 60 milyon ABŞ dollarından çox olub. Qeyri-neft sektorunun ixracı 20 milyon dolları keçib ki, bu da ticarət əlaqələrinin diversifikasiyası baxımından mühüm göstəricidir.

Bu günə qədər Azərbaycanda Çin kapitallı 275 şirkət fəaliyyət göstərir. Bu şirkətlər sənaye, informasiya texnologiyaları, enerji, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanın işğaldan azad edilən ərazilərində yenidənqurma və infrastruktur layihələrinə Çin şirkətləri də maraq göstərir. Məsələn, “Huawei” şirkəti artıq bu ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.

Azərbaycan-Çin əməkdaşlığının ən son və dinamik istiqamətlərindən biri yaşıl enerji sahəsidir. Azərbaycanın yaşıl enerji strategiyası çərçivəsində ölkəmiz 2030-cu ilə qədər enerji istehsalının əhəmiyyətli hissəsini bərpaolunan mənbələrdən təmin etməyi qarşıya məqsəd qoyub. Çin bu sahədə qabaqcıl texnologiyalara malik olması ilə tanınır. Bu baxımdan iki ölkənin yaşıl enerji sahəsində əməkdaşlığı həm texnoloji transfer, həm də enerji təhlükəsizliyi baxımından qarşılıqlı maraqlara əsaslanır.

Azərbaycan Çin əlaqələri təkcə dövlətlərarası səviyyədə deyil, həm də xalqlar arasında mədəni əlaqələr, təhsil mübadiləsi, turizm və humanitar sahələri də əhatə edir. Son illərdə Çin dilinə və mədəniyyətinə maraq artmış, Konfutsi İnstitutunun fəaliyyəti çərçivəsində müxtəlif mədəni layihələr reallaşdırılmışdır. Eyni zamanda, Azərbaycan tələbələrinin Çində təhsil almağa marağı da artır.

2024-cü ildə Azərbaycan hökuməti Çin vətəndaşları üçün viza rejimini ləğv etmişdir. Bu, Pekinə olan etimadın, dostluğun və əməkdaşlığa açıq siyasətin göstəricisidir. Belə bir qərarın Çin vətəndaşlarının Azərbaycana səyahətini stimullaşdıracağı və turizm, biznes əlaqələrini gücləndirəcəyi gözlənilir. Azərbaycanın bu jestinin qarşılığında Çin tərəfi  də  eyni yanaşmanı tətbiq edərsə  bu  ölkəmizdə çox müsbət qarşılanar.

Çin bu gün qlobal güc mərkəzi olaraq dünya siyasətində mühüm rol oynayır. Onun iqtisadi və demoqrafik potensialı, beynəlxalq təşəbbüslərdə (məsələn, “Bir kəmər, bir yol” layihəsi) fəal iştirakı onu çoxqütblü dünyanın əsas aktorlarından birinə çevirib. Azərbaycan isə Avrasiya coğrafiyasında nəqliyyat, enerji və təhlükəsizlik baxımından strateji mövqeyə malik ölkədir. Bu amillər Azərbaycanı Çin üçün etibarlı və vacib tərəfdaşa çevirir.

Azərbaycan və Çin BMT, Şanxay Əəkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirlər. Bu, beynəlxalq hüququn prinsiplərinə sadiqliyin təzahürüdür.

Azərbaycan-Çin münasibətləri təkcə iqtisadi və siyasi baxımdan deyil, həm də strateji və qlobal təhlükəsizlik müstəvisində mühüm əhəmiyyət kəsb edir. Tarixi köklərə əsaslanan bu münasibətlər müasir çağırışlar fonunda qarşılıqlı maraqlara və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması ilə iki ölkə arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub və bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyi şübhəsizdir. Azərbaycan və Çin qarşılıqlı hörmət, etimad və dostluq əsasında qurulmuş bu əlaqələri gələcək nəsillər üçün davamlı və faydalı əməkdaşlıq modelinə çevirirlər.

Şəmsiyyə Əliqızı, “İki sahil”