17 aprel 2025 00:14
176

Laboratoriyada artıq bu da edildi

Britaniya alimləri ilk dəfə laboratoriyada insan dişlərini yetişdirməyə nail olublar. Bu barədə “The Independent” nəşri yazıb.

London Kral Kollecinin mütəxəssisləri tərəfindən stomatologiya sahəsində sıçrayış edilib. On il ərzində komanda dişlərin böyüməsi üçün lazım olan mühiti təqlid edən material hazırlamaq üçün araşdırma aparıb. Bu material hüceyrələrə siqnal göndərməyə və dişlər əmələ gətirməyə imkan verir.

Nəşr yazır: “Sabitləşən və zamanla uyğunlaşa bilməyən implant və plomblardan fərqli olaraq, tədqiqat xəstənin öz hüceyrələrindən yaradılmış laboratoriyada yetişdirilmiş dişin çənəyə necə inteqrasiya edə biləcəyini və təbii diş kimi bərpa oluna biləcəyini təsvir edir”.

Alimlərin fikrincə, gələcəkdə onların kəşfi plomb və protezlərə alternativ olacaq.

Hazırda mütəxəssislər dişlərin bərpasına iki yanaşmanı öyrənirlər. Birincisi, dişin əvvəlcə laboratoriyada böyüdülməsi və sonra çənəyə implantasiyasıdır. İkincisi, dişin böyüməyə davam edəcəyi xəstənin çənəsində formalaşmanın erkən mərhələsində yerləşdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, bir müddət əvvəl Yaponiyada yeni dişlərin çıxmasına imkan verən dərman yaradılmışdı. Layihənin aparıcı tədqiqatçısı Katsu Takahaşi izah etmişdi ki, yeni dişlərin "yatan qönçələri" insan diş ətinin altında gizlənir. Dərman onların böyüməsini stimullaşdırmağa kömək edir.

Nubar Süleymanova, “İki sahil”