ADA Məktəbi şagirdlərinə təkcə akademik biliklər verməklə kifayətlənmir, eyni zamanda…
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbinin təhsil modeli xüsusi yeniliklərdən ibarətdir. Keyfiyyətli təhsili ilə fərqlənən ADA Məktəbi ADA Universitetinə xüsusi şərtlərlə qəbulu təmin edir və IB Beynəlxalq Diplom Proqramı ilə məzunlarının xarici universitetlərə qəbulunu asanlaşdırır. ADA Məktəbində təhsil alanlar təkcə akademik cəhətdən deyil, həm də hərtərəfli inkişaf edirlər.
ADA Məktəbinin fəaliyyət prinsipləri və məqsədləri, uğurları, gələcək hədəfləri haqqında oxucularımıza daha ətraflı məlumat vermək, bu təhsil ocağı ilə bağlı suallara aydınlıq gətirməsi üçün bu təhsil ocağının Tələbə xidmətləri, valideynlərlə əlaqə və etika üzrə meneceri Samir Cavadov ilə həmsöhbət olduq.
-ADA Universiteti nəzdində fəaliyyət göstərən ADA Məktəbinin yaranmasını zəruri edən amillərdən söz açmağınızı istərdik. Sizi fərqləndirən nədir? Bu Məktəbdə təhsil alanlar hansı üstünlüklərə malik olurlar?
-ADA Məktəbinin yaranması ideyası müəyyən səbəblərdən irəli gəlmişdir. Bildiyiniz kimi, ADA Məktəbi yarandığı gündən yalnız 10-11-ci sinif şagirdləri üçün təhsil təklif edir. Burada əsas məqsədlərdən biri şagirdlərin ADA Məktəbində keçirdikləri iki ilin universitetə hazırlıq illəri kimi nəzərdə tutulmasıdır. ADA Universitetinə gələn abituriyentlər müxtəlif məktəblərin məzunlarıdır. Onların arasında həm özəl məktəblərdən, həm dövlət məktəblərindən, bir çoxları hətta regionlardan gələn yüksək ballar toplamış abituriyentlərdir. Təcrübə göstərir ki, yeni qəbul olunmuş tələbələrin ADA Universitetinin müasir təhsil metodikasına, tələbə-müəllim münasibətlərinə, ümumiyyətlə, təhsilin keyfiyyətinə yönəlmiş yüksək tələblərə alışması üçün müəyyən zaman tələb olunur. Biz bu zamanı adaptasiya dövrü adlandırırıq. ADA Məktəbində təhsil alan şagirdlər ADA Universitetində, eləcə də dünyanın hər hansı universitetində təhsilini uğurla davam etdirməsi üçün adaptasiya dövrünü çox asanlıqla keçir.
ADA Məktəbini digər məktəblərdən fərqləndirən ən önəmli və vacib amillərdən biri də odur ki, məktəbimizin məzunları ADA Universitetinə xüsusi şərtlər əsasında keçid alırlar. Beləliklə, ADA Məktəbini uğurla bitirən şagird, Dövlət İmtahan Mərkəzinin (DİM) bakalavr səviyyəsində keçirilən qəbul imtahanında iştirak etmədən birbaşa istədiyi fakültəyə qəbul olmaq şansını əldə edir. Məzunlarımızın 11-ci sinif buraxılış imtahan (attestat) nəticəsi və məktəbimizdə 2 il ərzində əldə etdikləri qiymətlərin ümumi orta balı (GPA) universitetə qəbul üçün əsas götürülür.
ADA Məktəbi şagirdlərinə təkcə akademik biliklər verməklə kifayətlənmir, eyni zamanda, onların hərtərəfli inkişafına böyük önəm verir. Bizə qəbul olunan şagirdlər yüksək keyfiyyətli təhsil almaqla yanaşı, eyni zamanda, məktəbin sosial yönümlü layihələrində və dərsdənkənar fəaliyyətlərdə aktiv iştirak etmək, müxtəlif sahələrdə uğur qazanmış, tanınmış insanlarla görüşüb onlarla həmsöhbət olmaq, özünü fərqli sahələrdə kəşf etmək, böyük ADA-lılar icmasının bir üzvü olmaq, bir sözlə, əsl məktəb həyatı yaşamaq imkanı qazanırlar.
-ADA Məktəbinə qəbul prosesi haqqında oxucularımıza ətraflı məlumat verməyinizi istərdik…
-ADA Məktəbi 2019-cu ildən fəaliyyət göstərir. Bu illər ərzində ADA Məktəbi öz ənənələrinə sadiq olmaqla, fəaliyyətini ildən-ilə təkmilləşdirməyə çalışır. Qəbul qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, əgər ilk illərdə məktəbə qəbul həm 10-cu, həm 11-ci siniflərə mümkün idisə, son üç ildə məktəb yeni şagirdləri yalnız 10-cu sinfə qəbul edir. Bu da, dediyim kimi, ondan irəli gəlir ki, yeni qəbul olunmuş şagirdlərin adaptasiya dövrünü keçmələri üçün kifayət qədər zamanın olması zəruridir. Digər qəbul qaydalarımıza görə, bizə gəlmək istəyən şagirdlər DİM-in 9-cu sinfin buraxılış imtahanında riyaziyyat fənnindən 60-dan yuxarı bal toplamalıdır. ADA Məktəbində təhsil ingilis dilində olduğu üçün qəbul tələblərindən biri də şagirdin ingilis dili səviyyəsini təsdiq edən beynəlxalq sertifikatın təqdim olunmasıdır. Bu, IELTS-dan 5.0 və daha yuxarı; və ya Duolingo-dan 85 və daha yuxarı; və ya TOEFL-dan 55 və daha yuxarı nəticəni təsdiq edən sertifikat ola bilər. Bəzi istisna hallarda şagirdin riyaziyyat fənnindən 9-cu sinfin DİM nəticəsi 55-60 arası olarsa, eyni zamanda Duolingo-dan 115 və daha yuxarı (müvafiq olaraq TOEFL-dan 82-86 arası, IELTS-dan 6.0 və daha yuxarı) nəticəsi olarsa, onun ADA Məktəbinə qəbul olunması məsələsinə fərdi şəkildə baxıla bilər. DİM nəticələri olmayan, Azərbaycandan kənar digər məktəblərdən olan şagirdlər də ADA Məktəbinə qəbulla bağlı müraciət edə bilərlər. Bu zaman onlar məktəbin riyaziyyat üzrə daxili imtahan testindən keçməli olacaqlar. ADA Məktəbində təhsil ödənişlidir. ADA kurikulum proqramının illik təhsil haqqı 8,400 manatdır. Beynəlxalq Bakalavriat Diplom Proqramının (IB DP) illik təhsil haqqı isə 11,550 manatdır. ADA kurikulum proqramına qəbul olunmuş Respublika Fənn olimpiadalarının 1-ci, 2-ci və 3-cü yer mükafatçılarına (ADA Məktəbində illik ortalama balı 3 GPA və daha yuxarı olmaq şərtilə) 100 faiz güzəşt tətbiq olunur. Vurğulamaq istərdim ki, 2025-2026 tədris ili üçün şagird qəbulu başlayıb və son müraciət tarixi 30 iyundur.
- ADA Məktəbində təlim-tədris prosesini və ümumilikdə tələbə-müəllim münasibətlərini necə şərh edərdiniz?
-Öncə vurğuladığım kimi, ADA Məktəbinin təlim-tədris prosesi ADA Universitetində olduğundan az fərqlənir. Tədris proqramımız Azərbaycanın milli kurikulumu, eyni zamanda, ADA Universitetinin akademik təcrübəsinə söykənərək tərtib olunub. Məktəbimizi fərqləndirən bir əsas cəhət var. Burada hər bir şey təhsilin və akademik dürüstlüyün ən ali yer tutduğundan başlayır. Köçürmələrə, plagiata, başqasının elmi fikirlərini onlara istinad etmədən istifadəsinə, qiymətin “şişirdilməsinə”, qiymət naminə hər hansı yalana və ya əyri yola əl atan şagirdlər burada bunların mümkün olmadığını qısa bir zamanda anlayırlar. Dediyim o adaptasiya dövrü elə qismən buna qulluq edir. Şagirdlərimizə ilk gündən ötürdüyümüz mesaj budur ki, əlahəzrət uğur yalnız o kəslərə nəsib olur ki, onlar durmadan öz üzərlərində çalışır, oxuyur və öyrənirlər.
-2019-ci ildə universitetin nəzdində fəaliyyətə başlayan ADA Məktəbi 2022-ci ildə IB Beynəlxalq Diplom Proqramı üzrə tədris etmək hüququ əldə edib. Bu proqramın əhəmiyyətini necə şərh edərsiniz?
-Bəli, məktəbimiz IB beynəlxalq Diplom Proqramının tədrisinə 2023-2024 tədris ilindən başlayıb. Proqrama qoşulmaq istəyən məktəblər bir sıra vacib tələblərə cavab vermək üçün mürəkkəb hazırlıq prosesindən keçməlidirlər. Bu proses özündə müvafiq tədris şəraitinin yaradılmasını, öyrənməyə və öyrətməyə yanaşmanın dəyişməsini, eyni zamanda, müəllimlərin peşəkar inkişafına yönəlmiş təlimləri əhatə edir. Qeyd etmək yerinə düşər ki, ADA Məktəbi IB Beynəlxalq Diplom proqramını tədris etmək hüququnu ən qısa, deyərdim ki, rekord zamanda qazanmağa müvəffəq oldu. Diplom proqramı iki illik proqramdır. Proqramda hazırda 55 nəfər şagird təhsil alır. Onlardan on yeddisi artıq proqramı bitirir. Yaxın zamanda bu şagirdlər diplom qazanmaq üçün beynəlxalq IB imtahanlarına qatılacaqlar. Mən onların hər birisinə müvəffəqiyyətlər arzulayıram!
Diplom proqramı elə qurulub ki, şagirdlər maraqlarına və gələcək akademik və ya karyera hədəflərinə uyğun fənləri seçməyə sərbəstdirlər. Altı fənn qrupundan seçim etmək imkanı şagirdlərə müxtəlif sahələrdə bilik və bacarıqlar əldə etməyə imkan verir, eyni zamanda, dərinləşmək istədikləri sahələrə fokuslanmağa şərait yaradır. Bu da öz növbəsində onların motivasiyasını artırır, öyrənmə prosesini daha mənalı edir.
IB proqramı beynəlxalq proqram kimi dünyanın 150-dən çox ölkəsində tanınır və uğurla fəaliyyət göstərir. Proqramın əsas xüsusiyyətləri şagirdlərin öyrənmə prosesində mərkəzi mövqe tutması, onların tədqiqat aparmağa, səhvlərdən öyrənməyə, yeni ideyalar axtarmağa və risk etməyə təşviq edilməsi, həmçinin problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirmələridir. Sadalanan xüsusiyyətlər Beynəlxalq Bakalavriat Proqramının əsas prinsiplərini çox yaxşı ifadə edir. Bu prinsiplər şagirdlərin təkcə akademik biliklərə yiyələnməsini deyil, həm də müstəqil düşünən, tənqidi yanaşan, məsuliyyətli fərdlər kimi yetişməsini təmin edir. Bütün bunlar IB proqramını digər təhsil sistemlərindən fərqləndirən əsas amillərdəndir. Proqramın dünyada geniş yayılması və tanınması da məhz bu keyfiyyətlərə əsaslanır.
-ADA Məktəbindən hansı yeniliklər gözlənilir?
ADA Məktəbi yeniliklərə daim açıqdır. Amma biz yenilikləri sadəcə yenilik naminə yox, mövcud vəziyyəti və əvvəlki təcrübəmizi dərindən təhlil etdikdən sonra qəbul edirik. Son yeniliklərimizdən biri keçən il ADA ibtidai məktəbinin açılmasıdır. Hazırda ibtidai məktəbimizdə 1, 2 və 3-cü siniflər fəaliyyət göstərir. Burada tədris iki dildə Azərbaycan və ingilis dillərində aparılır. Məktəb Bakının qədim tarixə malik olan məkanında, Qala qəsəbəsində yerləşir. Uşaqların fiziki, əqli, sosial və emosional inkişafı üçün burada hər bir şərait yaradılıb. Əminliklə demək olar ki, ibtidai məktəbin açılması ADA-nın təhsil səviyyəsinin bütün yaş qrupları üzrə davamlılığını təmin etməklə, inkişafa olan strateji və düşünülmüş yanaşmasını göstərir.
Ümidvaram ki, balaca ADA-lılar ADA Universitetinin və ADA Məktəbinin ortaq dəyərlərini uğurla mənimsəyəcək vətənpərvər, bilikli və bacarıqlı gənclər kimi yetişərək, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verəcəklər.
Yaqut Ağaşahqızı,
Vüsal Cahanov (foto) “İki sahil”