23 aprel 2025 19:58
135

Yaz-yay aylarının dəbi nələr olacaq? - OXUYUN XƏBƏRİNİZ OLSUN

Yaz fəsli gəlişi ilə təkcə yaşıl dünyanı deyil, həm də moda aləmi rəngləndir və canlandırır. Əziz dəbsevərlər, yəqin ki, sizə maraqlıdır ki, 2025-in yaz aylarında dəbdə olacaq geyimlər və rənglər hansılardır? Necə geyinmək lazımdır ki,  həm zövqlü, həm də dəbli görünəsiniz?
 
2025-ci ilin yaz-yay dəbi ilə bağlı suallara cavab tapmaq üçün “İki sahil” Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova ilə həmsöhbət olub.

Gülnarə Xəlilovanın sözlərinə görə,2025-ci ilin yaz-yay mövsümündə dəb həm təbiilik, həm də cəsarətli ifadələrlə yadda qalacaq. Bu mövsüm özünü ifadə etməkdən çəkinməyən, amma incə zövqə malik xanımlar üçün çox maraqlı seçimlər təqdim edir: "Bu ilin yaz-yay aylarının rəng trendləri isə   vurğulamalıyıq ki, bu yay yumşaq pastel tonları ilə canlı, enerjili rənglər yan-yana gələcək. Qəhvəyi, şaftalı çəhrayısı, limon sarısı, səma mavisi və nanə yaşılı əsas trend rənglər arasındadır. Eyni zamanda, metalik effektli tonlar, xüsusilə gümüşü və qızılı çalarlarda detallar da tez-tez görünəcək".

Modelyer yaz-yay aylarında dəbdə olacaq parçalar və siluetlərdən söz açarkən vurğuladı ki, təbii materiallar – pambıq, kətan, ipək kimi nəfəs alan parçalar ön plandadır. İddialı kəsimlər, incə büzmələr, asimmetrik detallar və təbəqələmə bu mövsüm trenddədir. Oversize parçaların yerini bədənə oturan, zərif siluetlər alır". 

Zövqlü və fərqli görünmək istəyənlərə isə Gülnar Xəlilovanın tövsiyəsi belə oldu: "Zərifliyi və fərqliliyi bir araya gətirmək üçün minimalist, amma detallarda fərqlilik göstərən geyimlər seçin. Əl işi naxışlar, etnik motivlər, fakturalı parçalar diqqət çəkəcək. Geyiminizi öz stilinizə uyğunlaşdırmaq üçün bir parça diqqət çəkən detal əlavə etməyiniz kifayətdir – məsələn, maraqlı bir broş və ya bənzərsiz formaya malik çanta".

Həmsöhbətimiz yaz-yay aylarında  dəbdə  olacaq aksessuarlar, ayaqqabılar və çantalarla bağlı mühüm nüanslara diqqət etməli olduğumuz məqamlardan söz açdı: "Açıq tonlu, təbii materiallardan hazırlanmış çantalar, xüsusilə toxunma və ya hasır çantalar trenddədir. Platforma və ya küt dabanlı sandaletlər, həmçinin minimalist bağcıqlı ayaqqabılar çox populyardır. Böyük, lakin sadə formaya malik sırğalar, nazik zəncirli boyunbağılar, rəngli daşlarla bəzədilmiş üzüklər bu mövsüm bəzək əşyalarının əsas istiqamətidir".

Gülnarə  Xəlilova modasevərlərə, zövqlü  və dəbli görünməyi seçənlərə xatırlatdı ki, ən əsası məqam öz stilinizə sadiq qalmaqdır. Dəb dəyişə bilər, amma zövq daim sizi ifadə etməlidir.

Yaqut Ağaşahqızı, “İki sahil”