Formalaşmaqda olan altıncı texnoloji quruluşun aparıcı ölkələrindən biri məhz Çindir. Belə ki, bu gün Çin yüksək texnologiyaların istehsalı və ixracı üzrə dünya lideridir. Digər tərəfdən isə Azərbaycan Çin üçün Xəzər dənizindən Avropaya qədər uzanmış nəqliyyat dəhlizini formalaşdıran strateji və etibarlı partnyordur. Məhz bu faktorlar iki ölkə arasındakı iqtisadi əlaqələrin dərinləşməsinin strateji dövrdə yüksək dividendlər gətirəcəyini səciyyələndirə bilər.
2024-cü il üzrə Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsi 2023-cü il ilə müqayisədə 20.7 faiz artmışdır. Bu göstərici Çini Azərbaycanın ticarət tərəfdaşları arasında 4-cü yerə gətirib çıxarmaqdadır. İki ölkə arasında iqtisadi əməkdaşlıq ilbəil daha da dərinləşsə də hələ də bu reallaşmayan yüksək potensial səviyyəsi mövcuddur. Məhz bu əməkdaşlığın mütərəqqi mexanizmlər ilə inkişaf etdirilməsi uzunmüddətli dövrdə ölkəmizin dayanıqlı inkişafına öz müsbət təsirini göstərə bilər.
Vurğulamaq lazımdır ki, bu gün Azərbaycanda pul kütləsinin inkişafına bir potensialın olması Çindən ölkəmizə istiqamətlənə biləcək investisiyaları hər iki tərəf üçün cəlbedici etməkdədir. Belə ki, dayanıqlı inkişafı səciyyələndirən başlıca istiqamətlərdən biri məhz investisiyalardır. Birbaşa xarici investisiyalar o zaman effektiv olur ki, onlar real əlavə dəyər formalaşdıran sahələrə yatırılsın və özü ilə texnologiya transferini reallaşdırsın. Xüsusilə kənd təsərrüfatı sektorunda Çindən investisiyalar vasitəsilə idxal edilən yüksək texnologiyalar, o cümlədən, bio və nanotexnologiyalar ərzaq istehsalının dəfələrlə artmasına səbəb ola bilər ki, bu da bir tərəfdən sözügedən məhsulların ixracının artmasına digər tərəfdən də ərzaq təhlükəsizliyi məsələsinin effektiv mexanizm ilə daha da dayanıqlı həllinə gətirib çıxara bilər.
Məhz bu kontekstdə Çindən Azərbaycana yönələcək investisiyaların özü ilə texnologiya transferini də reallaşdırması iqtisadiyyatın müxtəlif sektorları arasında balansın və proporsionallığın formalaşmasını şərtləndirə bilər. İki ölkə arasında investisiya axınlarının həcminin artırılması istiqamətində inkişaf bankı da formalaşa bilər ki, bu bank birbaşa olaraq real iqtisadiyyatın inkişafına mühüm töfhələr verə bilər.
Dünya təsərrüfat sistemində konyukturanın dəyişməsi ənənəvi nəqliyyat-logistika yollarının istiqamətinin də dəyişməsinə səbəb ola bilər. Belə olan halda beynəlxalq ticarətin davamlılığın qorunması üçün bəzi alternativ nəqliyyat dəhlizləri ənənəvi dəhlizləri əvəz edə bilər. Məhz bu çərçivədə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Çin ilə Avropa arasındakı yükdaşımaların fasiləsiz reallaşması naminə önəmi daha da arta bilər.
Digər tərəfdən qeyd etmək lazımdır ki, Çin ilə əməkdaşlığın dərinləşməsi elmi-tədqiqat sahəsində də reallaşdırıla bilər. Belə ki, bu gün Çində aparılan bir sıra tədqiqatlar milli iqtisadiyyatın mütərəqqi inkişafının beynəlxalq maliyyə-iqtisadi qurumların metodik göstərişlərinə əməl etmədən də reallaşdırıla biləcəyini sübut etməkdədir. Bu istiqamət özündə milli iqtisadiyyatın sahə və struktur proporsiyaları üzrə təhlillərin dərinləşməsini, eləcə də dinamik sahələrarası balans modelinin nəticələrinə uyğun olaraq strateji planlaşdırmanın aparılmasını ehtiva etməkdədir. Sözügedən istiqamət üzrə Çin təcrübəsinin öyrənilməsi effektiv iqtisadi idarəetmə modelinin təkmilləşdirilməsi üçün zəruri alət kimi çıxış edə bilər.
Aslan Əzimzadə,
Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının baş müəllimi,
Çin İqtisadçılar Cəmiyyətinin üzvü