24 aprel 2025 15:29
157

Azərbaycan və Çin arasında qarşılıqlı  əlaqələr getdikcə genişlənir

1992-ci ildə qurulan diplomatik münasibətlərin dinamikası göstərir ki, Azərbaycan və Çin arasında əlaqələr son illər ərzində daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Prezident İlham Əliyev Çinin “Sinxua” agentliyinə müsahibəsində ölkələrimiz arasında münasibətləri yüksək dəyərləndirib. Müsahibə iki ölkə arasında nümunəvi strateji tərəfdaşlığın mahiyyətini əhatəli şəkildə ifadə etməklə yanaşı, gələcək əməkdaşlığın əsas inkişaf istiqamətlərini də müəyyənləşdirir.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinlə keçirdiyi görüşlər və ötən il Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında əməkdaşlıqda yeni səhifə açıb. Dövlətimizin başçısı sözügedən müsahibəsində bu Bəyannaməni tarixi hadisə kimi dəyərləndirərək vurğulayıb ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq. İki ölkə arasında münasibətlərin əsas mahiyyəti qarşılıqlı inam və birgə inkişaf məqsədlərindən qaynaqlanır.       

Dövlət başçısının ifadə etdiyi fikirlər qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və strateji maraqlar üzərində qurulan Azərbaycan-Çin əməkdaşlığının region və dünya üçün əhəmiyyətli bir modelə çevrildiyini bir daha göstərir. Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Neft-kimya sənayesi, alternativ enerji, rəqəmsal texnologiyalar və kənd təsərrüfatı sahələrində Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı artır. Çin şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma proseslərində yaxından iştirak etməkdə maraqlıdır. Eyni zamanda, Çin texnologiyalarının, xüsusilə “ağıllı şəhər” və “yaşıl enerji” layihələrinin ölkəmizin müasir inkişaf modelinə inteqrasiyası əməkdaşlığın yeni mərhələsini müəyyən edir. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Dövlətimizin başçısı vurğulayıb ki, hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. 

Cənab Prezident İlham Əliyev hələ 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Dövlətimizin başçısı 2019-cu ildə 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Bütövlükdə, Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb. Azərbaycan Çin kimi Qlobal Cənubun bir hissəsi olaraq inkişaf etməkdə olan ölkələrin hüquqlarını müdafiə edir, onların qlobal sistemdə daha fəal iştirakını təşviq edir. Ölkəmiz 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu mövqeləri ardıcıl şəkildə müdafiə edib. Çin COP29-un ölkəmizdə keçirilməsini də yüksək səviyyədə dəstəkləyən dövlətlər sırasında olub. Çin Xalq Respublikasının da böyük nümayəndə heyəti ilə iştirakı Azərbaycana olan isti münasibətin ifadəsidir.

Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, Azərbaycan və Çin arasında mədəni və humanitar sahələrdə də əlaqələr getdikcə genişlənir. Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb. Həmçinin bu dost ölkədə Azərbaycan mədəniyyətini tanıdan tədbirlər keçirilir, belə mübadilələr xalqlar arasında qarşılıqlı anlayış və etimadın güclənməsinə xidmət edir. Beləliklə, Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin gələcək inkişaf istiqamətlərinə aydınlıq gətirir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri