29 aprel 2025 17:57
133

Azərbaycan hökumətinin missiyası Banqladeşdə

Aprelin 28-29-da xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Hökumət missiyası Banqladeş Xalq Respublikasında səfərdə olub.

“İki sahil” xəbər verir ki,  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər zamanı Elnur Məmmədov Banqladeş Müvəqqəti hökumətinin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunus tərəfindən qəbul edilib. Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il iyulun 3-4-də Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə toplantısında xüsusi qonaq qismində dəvət məktubunu Baş müşavirə təqdim edib.

Həmçinin E.Məmmədovun xarici işlər naziri Touhid Hossain ilə ikitərəfli görüşü keçirilib.

Görüşlərdə Banqladeş tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Banqladeşin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Banqladeş xarici işlər katibi Caşim Uddin rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, iqtisadi-ticarət, enerji, turizm, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Banqladeş Respublikasının müvafiq dövlət qurumları arasında dəyirmi masa ətrafında görüş keçirilib və əməkdaşlıq imkanları müzakirə edilib. Banqladeşin İnvestisiya İnkişafı İdarəsində baş tutan dəyirmi masada Azərbaycan dövlət qurumlarının nümayəndələri geniş təqdimatla çıxış ediblər.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Banqladeşin Xarici Siyasət Akademiyasının rəhbəri ilə də görüşüb və Akademiyanın tələbələri qarşısında “Azərbaycanın xarici siyasəti” mövzusunda mühazirə ilə çıxış edib.