Qazaxıstanda qeyri-hökumət təşkilatları (QHT) sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb.
“İki sahil” “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov məlumat verib.
“Hazırda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət, koordinasiya və dəstək məsələlərinə cavabdeh orqan tərəfindən QHT sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və Qazaxıstan Respublikasının “Qeyri-hökumət təşkilatları haqqında” qanun layihəsinin hazırlanması istiqamətində işlər aparılır”, - deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, yeni Vergi Məcəlləsi layihəsində hüquqi şəxslərin xarici dövlətlərdən, beynəlxalq və xarici təşkilatlardan, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən pul vəsaitləri və ya digər əmlak alarkən və xərcləyərkən üzərinə düşən öhdəliklər də nəzərə alınıb.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda USAID-in nümayəndəliyinin bağlanması ilə bağlı petisiya başladılıb. Petisiya ölkədə xarici fondların və təşkilatların ictimai-siyasi proseslərə təsiri ilə bağlı son müzakirələr fonunda meydana çıxıb.
Son vaxtlar Qazaxıstanda xaricdən maliyyə alan QHT-lərin fəaliyyətinin tənzimlənməsi məsələsi dəfələrlə gündəmə gətirilib.