08 may 2025 23:58
97

Adı tarixdə yaşayan snayperçi

İkinci Dünya müharibəsində hünər göstərib adını tarixə yazan qəhrəmanlardan biri də Baloğlan Mirzağa oğlu Abbasovdur. Bu, ölümsüzlüyə qovuşan qəhrəman 1919-cu ildə dekabrın 15-i Lənkəran rayonunun Sütəmurdov kəndində dünyaya göz açıb. Lənkəran camaatı dünyanı faşist kabusundan azad etməkdə canından keçən igid oğlunu həmişə böyük ehtiramla yad edir.

Baloğlan Abbasovun ömür yolu cəmi 23 il çəkib. Qaldı ki, olduqca şərəfli bir həyat yaşayıb.

O, Lənkəran Subtropik Bitkilər Texnikumunu bitirdikdən sonra doğma kəndində təsərrüfatda işləyib. 1939-cu ildə sovet ordusu sıralarına çağırılıb, 1941-ci ildə Ukrayna, 1942-ci ildə isə Stalinqrad (Volqoqrad) cəbhələrində düşmənə qarşı döyüşüb. Həmçinin xidmət etdiyi hissədə snayperlik hərəkatının təşəbbüsçülərindən biri kimi tanınıb. Serjant Baloğlan Abbasov 51 günə 106 alman faşisti öldürüb, usta atıcılar arasında birinci yer tutub. Onun təlim keçdiyi snayperlər tərəfindən isə həmin zaman 615 düşmən döyüşçüsü məhv edilib.

Azərbaycanın qartal oğlu həmişə öndə getməklə düşmənə göz açmağa imkan verməyib. 1942-ci ildə noyabrın 19-u sovet qoşunlarının hücumu zamanı döyüşdə həlak olan taqım komandirinin vəzifəsinə öz üzərinə götürüb və almanlarla əlbəyaxa döyüşdən zəfərlə çıxıblar.

1942-ci ildə noyabrın 23-ü Stalinqrad vilayətinin Qorodişenski rayonunda düşmənin möhkəmləndirilmiş məntəqəsinə sovet qoşunların hücumu başlanıb. Bu zaman Baloğlan son nəfəsinə qədər qəhrəmancasına döyüşüb və həlak olub. Ölümündən sonra “Qırmızı Bayraq” ordeninə, “İgidliyə görə” medalına layiq görülüb. Dəfələrlə Ali Baş Komandanlığın təşəkkürünü alıb. Stalinqrad Cəbhəsi Hərbi Şurasının qərarı əsasən Abbasovun adı əbədi olaraq qvardiya diviziyası şəxsi heyətinin siyahısına yazılıb. Bütün bunlardan əlavə 1943-cü ildə Moskvada rus yazıçısı Pyotr Pavlenkonun “Baloğlan Abbasov” adlı kitabı işıq üzü görüb. Kitabdakı aşağıdakı fikirlər daha çox diqqəti cəlb edir: “Əgər azərbaycanlı şair qəhrəman haqqında mahnı demək istəyirsə, qoy bu mahnını Baloğlan Abbasova həsr etsin…Əgər o, bənzəmək istədiyi qəhrəmanın adını çəkmək istəsə, qoy cəsarətlə Baloğlan Abbasovun adını çəksin… Ey insanlar! İyirmi üç yaşında əbədiyyətə qovuşan Baloğlan Abbasovu unutmayın. İgidlik göstərib onunla kifayətlənən adam hələ qəhrəman deyildir; əsl qəhrəman o şəxsə deyirlər ki, başqalarını da Baloğlan Abbasov kimi özünə bənzəməyə öyrətsin”. Həmçinin Şəkər Aslanın “Mən qayıtmasam”, Mirhafiz Bahadırın “Berlinə açılan tüfəng” poemalarında , eləcə Etibar Əhədovun “Odlu izlərlə” sənədli povestində Baloğlan Abbasovun misilsiz şücaətindən danışılır. Sovet vaxtı uzun müddət onun adına sovxoz fəaliyyət göstərib. Tərəvəzçilik üzrə ixtisaslaşmış təsərrüfat bütün sovet respublikalarında məşhur olub. Hazırda Lənkəran şəhərində küçələrdən biri onun adını daşıyır. Rayonun Kənarmeşə kəndində idarə binasının qarşısında qəhrəmanın abidəsi qoyulub.

Stalinqradda Mamay təpəsində qoyulan abidə kompleksində Abbasovun adı həkk edilib.

Bəli, qəhrəmanlar heç vaxt unudulmur. Onların keçdikləri həyat yolları zaman-zaman gələcək nəsillərə örnək göstərilir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü