08 may 2025 16:16
106

Tanınmış qələm sahibləri ilə görüş keçirilib

Azərbaycan Universitetində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri şair, esseist Şəhriyar Del Gerani, şair, tərcüməçi, esseist Qismət Rüstəmov və yazıçı Fəxri Uğurlu ilə tələbələrin görüşü təşkil olunub.

“İki sahil” xəbər verir ki, Humanitar və sosial elmlər fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə universitetin rəhbərliyi, professor- müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri fakültənin dekanı, dosent Səfər Məmmədov açaraq görüşün bədii yaradıcılıqla maraqlanan və məşğul olan tələbələr üçün əhəmiyyətini vurğulayıb, qonaqları təqdim edib. Onların müasir Azərbaycan ədəbiyyatının ən yaxşı qələm sahiblərindən olduqlarını diqqətə çatdırıb.

Tədbir Səfər Məmmədovun moderatorluğunda, qarşılıqlı fikir mübadiləsi və müzakirə formatında davam edib. Müasir ədəbiyyatın problemləri və müraciət etdiyi mövzulardan bəhs edilib, qonaqlar ədəbi proses, həmçinin yaradıcılıqları barədə tələbələri maraqlandıran sualları cavablandırıblar.

Fakültənin tələbələri Mehri Məmmədli, Günay Şükürova, Cansu Nəzərova, Solmaz İsgəndərli, Tamara Həsənova, Nadir Hüseynov, Təbriz Abbasov və Sevinc Türbəndəyeva söz alaraq Şəhriyar Del Gerani və Qismət Rüstəmovun sevilən şeirlərini təqdim ediblər.

Qonaqlar da öz əsərlərindən nümunələr oxuyub, imzalı kitablarını tədbir iştirakçılarına hədiyyə ediblər.