10 may 2025 08:15
92

“Səbail” “Zirə”yə, “Turan Tovuz” “Neftçi”yə qarşı

Misli Premyer Liqasında 34-cü tur davam edir. 

“İki sahil” xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. 

Əvvəlcə sonuncu pillədə qərarlaşan “Səbail” artıq gümüş medalları təmin edən “Zirə”ni qəbul edəcək.

Hazırda 22 xalla 10-cu olan “Səbail” Premyer Liqada qalmaq üçün bugünkü matçda mütləq qələbə qazanmalıdır. Əks halda Elvin Məmmədovun komandası I Liqaya yuvarlanacaq. 

Cari mövsüm bu komandaların qarşılaşmalarında “Zirə”nin aşkar üstünlüyü var. Rəşad Sadıqovun komandası hər 3 matçda (4:1, 1:0, 1:0) qələbə qazanıb. 

Günün ikinci oyununda isə 49 xalla dördüncü pillədə qərarlaşan “Turan Tovuz” öz meydanında 37 xalla altıncı yerdə olan “Neftçi”ni qəbul edəcək. Qonaqlar üçün bu matç turnir cədvəli baxımından əhəmiyyətsiz olsa da, Tovuz təmsilçisi bürünc medallara iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. 

Cari mövsüm bu komandaların duellərində qalib aşkarlanmayıb. Tərəflər hər 3 matçda heç-heçə (0:0, 1:1, 1:1) oynayıblar. 

Qeyd edək ki, Misli Premyer Liqasında "Qarabağ" artıq çempionluğu, "Zirə" isə 2-ciliyi təmin edib.

Misli Premyer Liqası,

34-cü tur

10 may (şənbə)

17:00. “Səbail” - “Zirə”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
“ASCO Arena”

19:30. “Turan Tovuz” - “Neftçi”
Hakimlər: 
Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu