Böyük Britaniya, Almaniya, Polşa, Fransa və Ukrayna liderləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya və Polşa baş nazirləri, Almaniya Kansleri, Fransa və Ukrayna prezidentləri birgə açıqlamalarında qeyd ediblər.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, qərar bu gün, yəni mayın 10-da Avropadan olan koalisiya üzvləri tərəfindən qəbul edilib. O qeyd edib ki, növbəti addımlar Rusiyanın bu çağırışa reaksiyasından asılı olacaq.
***
"Qətiyyətlilərin koalisiyası" liderləri Kiyevdə görüşdən sonra ABŞ Prezidenti Donald Trampa zəng edərək Ukrayna tərəfinin mayın 12-dən etibarən atəşkəsə hazır olduğunu bildiriblər.
“İki sahil” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski, həmçinin Fransa lideri Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Polşa və Böyük Britaniyanın baş nazirləri Donald Tusk və Kir Starmer şənbə günü Kiyevdə "Qətiyyətlilərin koalisiyası"nın görüşündən sonra Trampla telefon danışığı aparıblar.
"Ukrayna və bütün müttəfiqlər artıq mayın 12-dən etibarən azı 30 gün müddətinə quruda, havada və dənizdə tam şərtsiz atəşkəsə hazırdırlar", - A.Sibiqa bildirib.