Vidadi Qafarov: Teatr, kino, televiziya bir-biri ilə əlaqəsi olan sahələrdir
Şübhəsiz, hər bir ölkənin mədəni həyatı onun səviyyəsini göstərir. Prezident İlham Əliyevin bildirdiyi kimi, iqtisadi cəhətdən nə qədər zəngin olursa-olsun, əgər mədəniyyət, incəsənət inkişaf etmirsə, ölkə uğurla inkişaf edə bilməz. Bəs bugünkü teatrımız, televiziyamız və kinomuz zamanın tələblərinə cavab verirmi? Bu və ya digər suallarla AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarova müraciət etdik.
- Bu gün ictimai həyatımızın bütün sahələrində köklü dəyişikliklər baş verir. Həmin dəyişikliklər teatrımıza, kinomuza, televiziya kanallarımıza yol tapa bilirmi?
- Dediyiniz dəyişikliklər bütün dünyada gedir. Bu gün dünya qloballaşma şəraitində, informasiya cəmiyyətində yaşayır. İndi Yer kürəsində ölkələr arasında coğrafi sərhədlər olsa da virtual sərhədlər demək olar ki, yoxdur. İnternet, sosial şəbəkələr toplumlar və insanlar arasında olan sərhədləri də aradan götürüb. Ona görə də cəmiyyətləri idarə etmək bir tərəfdən asanlaşıbsa, digər tərəfdən mürəkkəbləşib. Hansısa trendi ortaya atmaqla cəmiyyəti çalxalamaq və ya əksinə, sosial şəbəkələr vasitəsi ilə inqilab etmək mümkündür. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir şəraitdə texnogen sahələr olan televiziya, kino, həmçinin teatrı idarə etmək, müasir tələblərə uyğunlaşdırmaq çox çətindir. Sözsüz ki, hər bir vətəndaş mədəniyyətimizin də bütün sahələrinin inkişafını arzu edir. Amma bu gün təəssüf ki, teatrımızın, kinomuzun, televiziya kanallarımızın fəaliyyətləri bizi qane etmir. Bu sırada yəqin ki, ən acınacaqlı vəziyyət bizim evlərimizin çağırılmamış qonağı, daha doğrusu, ailəmizin bir üzvü olan televiziyadır. Bəli, televiziyalarımız texniki baxımdan çox inkişaf edib. Müxtəlif telekanallarda ayrı-ayrı maraqlı verilişlər də var. Amma məzmun və proqramın təşkili baxımından həddən artıq qüsurlar mövcuddur. Telekanallar eyni tipli verilişlərlə biri-birini təkrarlayırlar. Xüsusən də reytinq dalınca qaçan televiziya kanallarımızda vəziyyət çox acınacaqlıdır. Ən pisi odur ki, teatr, kino və televiziyamız bu gün tamaşaçının arxasınca sürünür, halbuki bu proses əksinə olmalıdır.
- Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı da teatr sahəsində dönüş edə bilməyib?
- Danılmaz faktdır ki, həmin Sərəncam ölkəmizin teatr həyatının yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. Daha doğrusu, teatrımızın, inkişafına təkan verdi. Belə ki, bir sıra teatrlarımızda - Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparıldı. On il ərzində ölkəmizdə 5 beynəlxalq teatr konfransı keçirildi, çox sayda beynəlxalq və respublika festivalları təşkil edildi, teatr tariximiz, teatr xadimlərimiz haqqında kitablar nəşr olundu, teatr mütəxəssislərimiz müxtəlif ölkələrə ezam olundular, ölkəmiz müxtəlif beynəlxalq teatr tşəşkilatlarna üzv qəbul edildi və s. Amma sonra sanki bir durğunluq yarandı. Zənnimcə, bu gün də belə bir proqrama ehtiyac var. Doğrudur, iki ildən çoxdur ki, Mədəniyyət Nazirliyi mədəniyyətimizin inkişafı ilə bağlı yeni strategiya hazırladığını bəyan edir. Amma hələ ki, ortaya tutarlı bir sənəd qoyulmayıb. Həmin sənədi kimlər işləyib, yaxud işləyir bəlli deyil.
Danılmaz faktdır ki, 2006-cı ildən bu yana mədəniyyətlə bağlı müxtəlif hüquqi-normativ sənədlər qəbul olunub. 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb və s. Amma unutmayaq ki, bu sənədlərin qəbulundan 20 ilə yaxın vaxt keçib, zaman dəyişib, onlar artıq köhnəliblər, yenidən işlənməsinə ehtiyac var.
Onu da unutmayaq ki, teatr, kino, televiziya bir-biri ilə əlaqəsi olan sahələrdir. Odur ki, onlar müəyyən konsepsiya əsasında koordinasiya olunmalıdır. Lakin bizdə belə deyil. Elə bu kimi səbəblərdən bu gün televiziya kanallarımız, teatrlarımız, kinomuz günün tələblərinə cavab vermir. Nəticədə, onlara maraq da azalmaqdadır. Konkret faktlara müraciət edək. Dovlət Statistika Komitəsinin məlumatına görə, bu gün ölkəmizdə 29 peşəkar teatr fəaliyyət göstərir. (Özəl tearların sayı isə 10-a yaxındır). Gəlin baxaq görək onların tamaşaçı sayı nə qədərdir. Bəri başdan deyim ki, 2024-cü ilin statistikası hələ elan edilməyib. 2023-cü ildə teatrlarımıza cəmi 430 min tamaşacı gəlib. Ölkəmizin əhalisinin 10 milyondan çox olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, hər min nəfərə 43 tamaşaçı düşür. Şübhəsiz, bu heç də yaxşı göstərici deyil. Halbuki, 1993-cü ildə bu göstərici 1 milyon 587 nəfər, 2015-ci ildə 752 min, 2020-ci ildə, yəni pandemiya dövründə 135 min nəfər olub. Bir məsələni də diqqətinizə çatdırım ki, 2023-cü ildə teatrlarımız cəmi 62 yeni tamaşa hazrlayıb. Bura bərpa olunmuş tamaşalar da aiddir. Halbuki, bu rəqəm misal üçün 2005-ci ildə 109 olub. Göründüyü kimi, burada da dinamika aşağı düşüb. Bu tamaşaları teatrlarımızın sayına böldükdə isə heç də yaxşı göstərici ortaya çıxmır.
- Bölgə teatrları ilə bağlı nələr deyə bilərsiniz?
- Bəri başdan deyim ki, elə ölkələr var ki, orada bölgə teatrı anlayışı yoxdur,. Məsələn, qonşu Gürcüstanda bölgələrdə olan teatrlar paytaxt teatrları səviyyəsində, eyni hüquqlu və eyni dərəcəli teatrlardır. Bizdə də belə olmalıdır. Digər tərəfdən, Azərbaycanda bölgə teatrlarının problemlərinin həllini istəyiriksə, bunların inteqrasiyasına nail olmağa çalışmalıyıq. Düzdür, son illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qonaq teatr”, Akademik Milli Dram Teatrının “Bölgə teatrlarının Bakı premyerası” layihələri bu istiqamətdə atılan uğurlu addım oldu. Amma necə deyərlər, bir çiçəklə bahar olmaz. Ona görə də bu işi mütəmadi davam etdirmək lazımdır.
- Vidadi müəllim, deyirlər, repertuar teatrların aynasıdır. Amma repertuardakı tamaşalarda bugünümüzlə səsləşən əsərlər azlıq təşkil edir.
- Bəli, teatrın aynası onun repertuarıdır. Teatrlarımızın afişaları isə göstərir ki, müasirlik ruhundan uzaq, ictimai-sosial ideyadan məhrum, cəmiyyətə heç bir mesaj ötürməyən tamaşalar repertuarların əsasında durur. Bu mənada bu gün bizdə repertuar siyasəti qənaətbəxş deyil. Əksər rejissorlar və teatrlar müasirlik adı ilə forma dalınca qaçırlar. Hazırlanan tamaşalar isə ya bəşəri, ya da tarixi mövzulardadır. Bəs müasir insan, müasir cəmiyyət? Yəni, müasir insan özünü səhnədə görmür. Belə ki, bu gün tamaşaçını duyğulandıran, onun sosial problemlərini özündə əks etdirən, obrazlı şəkildə desək, zəmanəmizin qəhrəmanları olan tamaşalar olduqca azlıq təşkil edir. Daha doğrusu, əgər belə demək mümkünsə, həmin tamaşalarda zəmanəmizin qəhrəmanları yoxdur. Bunu da tamaşaçı ilə teatr arasında rabitəni pozan amillərdən biri kimi dəyərləndirmək olar. Ən pisi odur ki, teatrlarımızın repertuarları biri-birinə bənzəyir. Halbuki, hər teatrın öz yaradıcı konsepsiyası, repertuar siyasəti olmalıdır. Artıq son günlərdə 7 teatrın rəhbərliyində dəyişikliklər aparılıb. Təyinatların hamısını uğurlu saymasam da ümid edək ki, bu “qandəyişmə” prosesi ümumilikdə teatr prosesinin canlanmasına xidmət edəcək.
-Bəs kinomuz barədə nə deyə bilərsiniz?
- Kino sahəsində müəyyən infrastruktur dəyişiklikləri baş verir. Məsələn, Dovlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəmizdə 6 kinoteatr, 84 kinozal fəaliyyət göstərib. Bu məkanlarda həmin il ərzində 1 mlyon 892 min nəfər filmləri izləyib. Müqayisə üçün deyək ki, bu rəqəm məsələn, 2016-cı ildə 469,6 min nəfər olub. Amma burada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, izləyicilər daha çox xarici və qismən də yerli kommersiya filmlərinə baxıblar. Yəni, burada yerli və ciddi filmlərin payı çox deyil. Baxmayaraq ki, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) məlumatına görə, ötən il 47 film istehsal olunub. Amma həmin filmlərin bir neçəsini çıxmaqla, harada nümayiş olunmaları barədə mənim məlumatım yoxdur. Kino sənayesində həllini gözləyən ən vacib məsələlərdən biri də “Azərbaycanfilm” kinostudiyasının status və bərpa olunması məsələsidir. Təəccüblüdür ki, ARKA kinostudiyanın və Nizami Kino Mərkəzinin onların balansında olmadığını desə də bu qurumlara rəhbər təyinatını Mədəniyyət Nazirliyi edir.
- Bu yaxınlarda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xoşagəlməz olay yaşandı. Yəni, “Azdrama”da Bədii Şuranın iclasında iki aktyor arasında müəyyən gərginliyi nəzərdə tuturuq. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik.
- Sözsüz ki, müqəddəs məkan saydığımız teatrda, o da ola ana teatr adlandırdığımız bir məkanda belə neqativ hadisənin baş verməsini və məsələnin bu qədər sosiallaşmasını, günahkarın kimliyindən asılı olmayaraq alqışlamıram. Düşünürəm ki, belə hadisələr teatrın cəmiyyətdə nüfuzuna ciddi xələl gətirir. Amma teatr kollektiv və sintetik sənətdir, eyni zamanda, özünüqoruma instinktinə, özünübərpa gücünə malik strukturdur. Bu mənada inanıram ki, Akademik Milli Dram Teatrı bu problemi də tezliklə həll edəcək.
Qvami Məhəbbətoğlu, “İki sahil”