Bu neft quyusu haqqında bir çox mənbələrdə məlumat verilib. Lakin təəssüflər olsun ki, uzun illər ərzində, 1846-ci ildə Bibiheybətdə qazılan ilk neft quyusu “tarixi abidə” statusu almamışdı. Bu səbəbdən şəhərimizə gələn qonaqlar və turistlər də onunla tanış ola bilmirdilər. Müstəqilliyimizin bərpasından sonra isə dünyada qazılmış ilk neft quyusu tarixi status aldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyu bütün təhlükəsizlik tədbirləri görülməklə restavrasiya edilib və tarixi abidə kimi nümayiş edilir. Burada XIX əsrdə “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur. Həmçinin burada xüsusi interaktiv köşk quraşdırılıb. Bu köşk vasitəsilə Azərbaycanın neft tarixi, o cümlədən sənaye üsulu ilə qazılmış ilk quyu barədə ətraflı məlumat almaq mümkündür.
Onu da qeyd edək ki, Bibiheybətdə ilk quyu qazılandan sonra başqa quyuların da qazılmasına başlandı. Neft hasilatı sürətlə artdı. İlk quyudan 52 il sonra – 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə yüksəldi, dünya üzrə neft hasilatının yarısı ölkəmizin payına düşürdü.
“Bibiheybət” yatağında neftin və qazın çıxarılması, o cümlədən ərazidə abadlıq, yaşıllıq işləri ilə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) məşğul olur. Bibiheybət mədəninin ölkəmizin neft sənayesi üçün əhəmiyyətindən danışan “Bibiheybətneft” NQÇİ-nin Hasilatın idarə edilməsi xidməti rəisinin müavini Rauf Vəliyev “İki sahil”ə açıqlamasında bildirdi ki, öz adını tarixə sənaye üsulu ilə ilk olaraq yazdıran bir nömrəli quyu qazılmayana qədər hələ XVI əsrin ortalarında Xəzər dənizi sahilində iki neft kəhrizi qazılmışdı: “Həmin bu kəhriz quyuları XVIII əsrin ortalarında Xəzər dənizindən 19 metr kənarda mövcud idi. Artıq həmin kəhrizlərin orada olması bir nömrəli quyunun qazılmasına stimul vermişdi. 1846-cı ilin iyulun 14-də dərinliyi 21 metr olmaqla gündəlik 20-30 ton neft hasil olunub və quyu artıq qazılıb istismara verilmişdi. Quyu qazıldıqdan sonra həmin ərazidə digər quyuların da qazılması davam etdirildi. Bu gün həmin bir nömrəli quyu tarixi abidə statusunu alıb və hər kəs, o cümlədən şəhərimizin qonaqları və turistlər dünya neft sənayesinin tarixi ilə maraqlanmaq üçün buraya səfər edirlər”.
Qeyd edək ki, “Bibiheybət” yatağı Xəzər dənizinin 2 kilometrliyində, Bakı şəhərinin cənub-qərbində Bibiheybət dərəsində yerləşir. “Bibiheybət” yatağının geoloji-kəsilişində Abşeron, Ağçagil və Məhsuldar qat çöküntüləri iştirak edir. Məhsuldar qatın dərinliyi 1750 metrdir, qumlu, gilli laylar onu 2 hissəyə bölür: yuxarı və aşağı şöbələr. Yataqda sonuncu dəfə 1995-1996-cı illərdə 637 işlək quyu ilə gündəlik neft hasilatı 400 ton olmuşdu. Bundan sonrakı dövrlərdə “Bibiheybət” yatağının son işlənmə mərhələsində olduğundan gündəlik neft hasilatı 309 tona ( 2014-cü ildə) qədər azalmışdır. 2025-ci ilin aprel ayına olan məlumata görə, 503 ədəd işlək quyu fondu ilə gündəlik neft hasilatı 400 tona çatdırılıb. Bu NQÇİ-nin yaxın 30 illik fəaliyyəti ərzində ən yüksək hasilatdır. İndiki dövrdə yüksək hasilatın əldə olunmasına səbəb “Bibiheybət” yatağında horizontlar üzrə layların və laycıqların tam analiz olunaraq, aşkar edilmiş yüksək hasilata malik laylarda aparılmış geoloji tədbirlərdən yüksək nəticələrin alınmasıdır. “Bibiheybət” yatağında aparılmış perforasiya işlərinin nəticəsində gündəlik 6-10 ton və 4-5 ton yüksək neft hasilatlı quyular istismara daxil olub. Aprel ayında 3435a saylı quyu isə qazmadan sonra gündəlik 25 ton neft hasilatı ilə istismara daxil edilib. Bundan əlavə, qazma və yan lülə quyularının qazılması və yüksək hasilatla istismara daxil olması, o cümlədən quyularda MEDN istismar üsulunun tətbiqinin genişləndirilməsi “Bibiheybət” yatağında hasilatın artmasında mühüm rol oynamışdır. Yataqda sonuncu qazılan 3483 saylı quyu gündəlik 13-15 ton neft hasilatla istismara daxil edilib.
“Bibiheybət” yatağının tammiqyaslı istismarına 1873-cü ildən başlanıldığını söyləyən xidmət rəisinin müavini Rauf Vəliyev bildirib ki, işlənmənin əvvəlindən yataqda 3840 quyu qazılıb: “Bibiheybət” yatağının köhnə yataq olmasına baxmayaraq, son 1 il ərzində aparılmış genişmiqyaslı tədbirlər sayəsində gündəlik neft hasilatı 400 tona çatdırılıb. Hasilatın artırılması üçün aparılmış irimiqyaslı işlər öz müsbət nəticəsini verir. Gələcəkdə bu istiqamətdə tədbirlərimiz davam etdiriləcək və yüksək nailiyyətlər əldə etməyə çalışacağıq. Həmçinin yeni quyuların qazılması da planlaşdırılır.”
Məlumat üçün bildirək ki, hasilatın stabil saxlanması və gələcəkdə artırılması üçün idarə tərəfindən tədbirlər proqramı hazırlanıb və həyata keçirilməsi davam etdirilir. 2025-ci ildə NQÇİ-nin qarşıya qoyduğu hədəflərə çatmaq üçün qazma və yan lülə quyuların qazılması davam etdirilir. Növbəti illərdə işlərin bu templə davam etdirilməsi və hasilatın artırılması üçün tədbirlər proqramı hazırlanır.
Rəqəmlərdən də aydın görünür ki, “Bibiheybət” neft yatağında hasilatın səviyyəsi yüksəkdir. Yatağın bugünkü uğurlarında orada çalışan gənc mütəxəssislərin də xüsusi payı var. Onlar üçün bu fürsəti yaradan isə SOCAR-dır. Azərbaycan Prezidentinin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarını rəhbər tutan SOCAR insan resurslarına, gənc mütəxəssislərin hazırlanması işinə xüsusi önəm verir. Gənc mütəxəssislərə şirkətin idarə və müəssisələrində xüsusi dəstək verilir və onlara daha böyük uğur qazanmaları üçün şərait yaradılır.
Belə mütəxəssislərdən biri, “Bibiheybətneft” NQÇİ-də sahə rəisinin müavini Emin Məmmədov bizimlə söhbətində dedi: “SOCAR-a marağım tələbəlik illərindən başlayıb. İlk olaraq SOCAR-ın tələbələr üçün təşkil etdiyi ödənişli istehsalat təcrübəsi proqramına müraciət etdim və qalib oldum. “Bir sıra idarələrdə təcrübə keçəndən sonra imtahan verərək yüksək nəticə göstərib "Bibiheybətneft" NQÇİ-də energetik kimi fəaliyyətə başlamışam.”
Gənc mütəxəssisin sözlərinə görə, energetika təsərrüfatı neft sənayesində böyük rola malikdir: “Neftin çıxarılması və nəqlində elektrik avadanlıqları və qurğuları xüsusi əhəmiyyət daşıyır. Əsas işimiz elektrik avadanlıqlarının və qurğularının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatını təşkil etməkdir. Neft sənayesinin inkişafı, həmçinin burada istismar olunan elektrik avadanlıqlarının inkişafına öz təsirini göstərir. Hazırda müasir tipli elektrik avadanlıqlarından istifadə olunur. Bunlar ümumi olaraq enerji sərfiyyatı və qənaətinə müsbət təsir göstərir. İşlədiyim dövr ərzində SOCAR-ın gənclərə diqqət və qayğısını görmüşəm. Ümumi olaraq gənclərin neft sahəsi üzrə bilik və bacarıqlarını göstərdiyi təqdirdə onların inkişafı üçün əlverişli mühit yaradılır və buna bariz nümunə olaraq bugünkü uğurlarımı göstərə bilərəm. SOCAR ailəsinin üzvü olduğum gündən öz biliklərimi, bacarıqlarımı və təcrübəmi artırmaq üçün əzmlə çalışıram və bütün fəaliyyətim rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və sahə rəisinin müavini vəzifəsinə təyin edilmişəm”.
Neftçi peşəsini uca tutan, bu peşəyə dərindən bağlılığı ilə ad-san qazan, uzun illərdir “Bibiheybətneft” NQÇİ-də neft və qazçıxarma ustası kimi işləyən Rəhim Məmmədov da SOCAR ailəsinin üzvü kimi ənənəyə sadiq qalaraq gənclərə daim qayğı ilə yanaşır, biliyini onlarla bölüşür və məsləhətlərini heç vaxt əsirgəmir: “1983-cü ildən bu sənətlə məşğulam. Operator kimi işə başlamışam. Sonralar rəhbərlik tərəfindən fəaliyyətim qiymətləndirilərək usta vəzifəsinə təyin olunmuşam. 42 ildir usta vəzifəsində çalışıram. Öz biliklərimiz və çoxillik təcrübələrimizi gənclərin peşəkar neftçi kimi formalaşması üçün əsirgəmirik. Hasilat sahəsində qarşımızda qoyulan plan və tapşırıqları yerinə yetiririk. Neftçi peşəsi ümumiyyətlə çətinliyi ilə seçilən peşələrdən olsa da, hava şəraiti işlərimizi daha da çətinləşdirir. İşimizin sənətkarıyıq. Təəssüf ki, övladlarımın heç biri mənim yolumu davam etdirmir. Ümid edirəm ki, nəvələrim mənim peşəmin davamçıları olarlar. Gənc neftçilərə tövsiyəm odur ki, peşələrini sevsinlər. Əgər peşəni sevsən hər bir məqsədə nail ola bilərsən. Neftçi peşəsi mənim üçün ən şərəfli işdir. 42 ildir öz peşəmdə həvəslə çalışıram.”
Bu gün nəinki Azərbaycanın, dünya neft sənayesinin beşiyi sayılan “Bibiheybət” yatağında neft-qaz hasilatı ilə yanaşı, yaşıllaşdırma və abadlıq işləri də davam edir. “Bibiheybətneft” NQÇİ tərəfindən yataqda 2006-cı ildən etibarən mühüm ekoloji layihələr həyata keçirilməkdədir. Belə ki, hələ sovetlər dönəmindən miras qalmış neftlə çirklənmiş ərazilərdə daxili imkanlar hesabına və podratçı təşkilatlar cəlb edilməklə 320 hektar mədən ərazisində rekultivasiya və torpaqların bərpası işləri həyata keçirilib.
Hər il yaz-payız aylarında ənənəvi iməciliklər zamanı bərpa edilmiş mədən ərazilərdə, eləcə də sahələrin, inzibati binaların ətrafında müxtəlif növ ağac, gül kolları əkilib, həmçinin mütəmadi olaraq yaşıllaşdırma sahələrində ağaclara aqrotexniki qulluq göstərilir. Məlumat üçün bildirək ki, hazırda “Bibiheybətneft” NQÇİ-nin sahələrində 90 minə yaxın ağac və gül kolu mövcuddur.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”