Gürcüstan xırda xuliqanlıq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmamaq və məmurları təhqir etməkdə ittiham olunan xarici vətəndaşları deportasiya edəcək.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze mayın 14-də “Əcnəbilərin hüquqi statusu haqqında” qanuna dəyişiklikləri özündə əks etdirən yeni qanunvericilik paketini açıqlayarkən deyib.
İndiyədək etiraz aksiyalarında iştirak etmiş əcnəbilərin inzibati həbs cəzasına məhkum edildiyini, lakin həbsdən çıxdıqdan sonra onların ölkədə daha bir il turist kimi qalmaq hüququna malik olduqlarını təəssüflə qeyd edən Daraxvelidze bildirib ki, yeni qanun layihəsi sabitliyi pozmaq məqsədi ilə ölkəyə daxil olan şəxslərə ölkədən qovulma və ölkəyə giriş qadağası tədbirləri tətbiq etməyə imkan verəcək.
Onun sözlərinə görə, düzəlişlər Daxili İşlər Nazirliyinə siyasi fəal əcnəbiləri dərhal ölkədən çıxarmaq və onların Gürcüstana səfərini 3 ilə qədər qadağan etmək hüququ verir.