15 may 2025 15:24
131

Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir

2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.

“İki sahil” xəbər verir ki,  Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.

Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov videobağlantı formatında qərargahların məruzələrini dinləyib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.

Real döyüş şəraitində müasir döyüş təcrübəsinə uyğun keçirilən komanda-qərargah məşqinin məqsədi bölmələrin manevr imkanlarını nəzərə almaqla hərbi qərar qəbuletmə prosesinin daha da təkmilləşdirilməsi, eləcə də müdafiə və əks-hücum əməliyyatlarının aparılması məsələlərinin məşq etdirilməsidir.