Azərbaycan zəngin təbii ehtiyatlar və əlverişli tənzimləyici mühit sayəsində bərpaolunan enerji mənbələrinə (BOEM) investisiya qoyuluşu üçün getdikcə daha cəlbedici istiqamətə çevrilir
Azərbaycanın yaşıl enerji sahəsində, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində həyata keçirdiyi əhəmiyyətli tədbirlər ölkəmizin qlobal və regional enerji bazarında artan rolunu bir daha təsdiq etməkdədir. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik enerjisi ixracını Azərbaycanın enerji istehsalında yeni dönəmin başlanğıcı hesab etmək olar. Belə ki, 2020-ci ildən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar”, Səudiyyə Ərəbistanını “ACWA Power”, Böyük Britaniyanın BP, Avstraliyanın “Fortescue Future Industries”, Çinin “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, ABŞ-ın “Nobel Energy”, Çex Pespublikasının “A-Z Czech Engineering” və Türkiyənin “Baltech” şirkətləri ilə bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlıq edilməkdədir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Eyni zamanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji zonası" elan olunub. Bu ərazilər yüksək potensiallı yaşıl enerji mənbələrinə malikdir. Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında günəş enerjisi potensialı, Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialı yüksək qiymətləndirilir. BP şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə "Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi həyata keçirilir. Bundan əlavə, “China Gezhouba Group Overseas Investment” və “Nobel Energy” şirkətləri ilə imzalanmış müqavilələr çərçivəsində işğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
2023-cü ildə bərpaolunan enerji sahəsində ən əlamətdar hadisə 26 oktyabr tarixində “Masdar” şirkəti tərəfindən inşa olunmuş 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyasının (GES) istismara verilməsi oldu. Bu GES Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Bundan əlavə, “Masdar” şirkəti tərəfindən Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq günəş elektrik stansiyası, Biləsuvarda 445 MVt-lıq günəş elektrik stansiyası və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyası layihələrinin icrası ilə bağlı işlər davam etdirilir ki, bu da 1 QVt gücündə bərpaolunan enerji mənbəyinin istismara verilməsi deməkdir. Həmçinin Azərbaycan dənizdə külək enerjisi üzrə də yüksək potensiala malikdir. “Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilir. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə ölkədə bərpaolunan enerji sahəsində yeni istehsal güclərinin yaradılması və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanıb. Dənizdə külək enerjisi potensialından istifadə çərçivəsində “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı razılaşma əldə olunub. Əlavə olaraq “Fortescue Future Industries” şirkəti ilə imzalanmış Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
Bu günlərdə Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində keçirilən panel müzakirəsində “Masdar” şirkətinin baş maliyyə direktoru Mazin Xan Azərbaycanın zəngin təbii ehtiyatlar və əlverişli tənzimləyici mühit sayəsində bərpaolunan enerji mənbələrinə (BOEM) investisiya qoyuluşu üçün getdikcə daha cəlbedici istiqamətə çevrildiyini deyib. Onun sözlərinə görə, BƏƏ və Azərbaycan bənzər yol keçir: əvvəllər neft və qaza yönəlmiş hər iki ölkə bu gün dayanıqlı enerji balansına can atır. "İnvestor nöqteyi-nəzərindən bizi Azərbaycana cəlb edən üç əsas amili qeyd edərdim", - M.Xan vurğulayıb. Onun sözlərinə görə, birinci amil ölkə rəhbərliyinin BOEM-in inkişafına yüksək dərəcədə sadiqliyidir: "Artıq qeyd edildiyi kimi, 2030-cu il üçün hədəflərə çox güman ki, vaxtından əvvəl nail olunacaq. Bu, real göstəricidir - qanunlar qəbul edilir, həyata keçirilmə mexanizmləri işə salınır. Özəl investorlar üçün bu əsas siqnaldır". İkinci amil təbii ehtiyatların, xüsusilə günəş və külək enerjisinin mövcudluğudur. "Azərbaycanda həm quruda, həm də dənizdə böyük külək enerjisi potensialı var və o, hələ kifayət qədər reallaşdırılmayıb. Biz burada "ağıllı" texnologiyaların tətbiqi və layihələrin miqyasının genişləndirilməsi üçün imkanlar görürük", - baş maliyyə direktoru bildirib. Üçüncü amil tənzimləyici mühitin yaxşılaşdırılmasıdır. "Ölkədə sabit normativ baza yaradılıb. Elektrik enerjisinin alqı-satqısı ilə bağlı uzunmüddətli müqavilələr (PPA) xüsusilə vacibdir, bunlar borc kapitalının cəlb edilməsinə yol açır", - “Masdar”ın nümayəndəsi vurğulayıb. Onun sözlərinə görə, qaydaların sabitliyi və şərtlərin proqnozlaşdırıla bilməsi investisiya qərarlarının qəbul edilməsi üçün həlledici amildir. Nəticədə “Masdar” artıq təkcə Azərbaycan bazarına daxil olmayıb, həm də irimiqyaslı layihələr həyata keçirir: "Qaradağ rayonunda artıq 230 MVt gücündə günəş elektrik stansiyası işləyir. Lakin biz bununla kifayətlənmirik: qısa və orta müddətli perspektivdə ümumi gücü 10 giqavata qədər olan layihələrin inkişafına dair saziş imzalanıb. Biz böyük potensial və Azərbaycanın xeyrinə olan çoxsaylı amillər görürük", - baş maliyyə direktoru bildirb.
Qeyd edək ki, Azərbaycan hökuməti xarici investorların cəlb edilməsi, regional enerji sistemlərinə inteqrasiya və bərpaolunan enerji mənbələrinin inkişafı ilə uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək yolunda uğurla irəliləyir. Bu yanaşma, həmçinin karbon emissiyalarının azaldılmasına və qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərinə də əhəmiyyətli töhfə verəcək.
Sevinc Azadi, “İki sahil”