21 may 2025 19:29
114

“Qərbi Azərbaycana qayıdış” mövzusunda beynəlxalq konfransın yekun bəyanatı dərc olunub

Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfransın yekun bəyanatı dərc olunub.

“İki sahil” xəbər verir ki, bəyanatda bildirilir:

"Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və digər mühüm beynəlxalq konvensiyalarda öz əksini tapmış qayıdış hüququ beynəlxalq hüququn əsas normalarından biri olmaqla, sülh və birgəyaşayışa xidmət edən mühüm prinsipdir.

20-ci əsrin müxtəlif mərhələlərində – 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə – Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar sistemli etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından zorla çıxarılmışdır. Bu proses nəticəsində yüz minlərlə Qərbi azərbaycanlı qaçqın vəziyyətinə düşmüş, onların mədəni irsi – məscidlər, qəbiristanlıqlar və tarixi abidələr – məhv edilmişdir. Bu faciəvi hadisələr regionun mədəni müxtəlifliyinə və tarixi yaddaşına ciddi zərbə vurmuş və hal-hazırda həll edilməmiş ədalətsizlik kimi qalmaqdadır.

Biz Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinin təkcə insan hüquqlarının qorunması ilə məhdudlaşmayaraq, regionda ədalət, sabitlik və birgəyaşayışın bərqərar olması üçün zəruri şərt olduğunu bəyan edirik. Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı tarixi ədalətsizliyin aradan qaldırılmasını təmin etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və barışıq üçün mühüm addımdır.

Qərbi Azərbaycanda dağıdılmış məscidlərin və digər mədəni abidələrin bərpası və qorunması regional barışıq və birgəyaşayışın möhkəmləndirilməsi üçün vacibdir. Mədəni müxtəliflik və barışığa xidmət edən bu işdə beynəlxalq təşkilatların, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) və Islam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) yaxından iştirakı zəruridir. Biz Ermənistan hökumətini Qərbi Azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını qeyd-şərtsiz təmin etməyə və bunun üçün beynəlxalq hüquqa uyğun real addımlar atmağa çağırırıq. Ermənistan qayıdışı təmin etmək məqsədilə Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoq başlamalı, azərbaycanlıların mədəni irsinin qorumaq və bərpa etmək üçün UNESCO-nun və digər müvafiq qurumların monitorinq missiyalarına icazə verilməli və Qərbi azərbaycanlıların mülkiyyət hüquqlarını təmin etməlidir".

Bildirilib ki, qayıdacaq Qərbi azərbaycanlıların reinteqrasiyası üçün infrastrukturun bərpası, onlara humanitar yardımın təmin edilməsi və uzunmüddətli inkişaf proqramlarının həyata keçirilməsi üçün əlaqələndirilmiş beynəlxalq tədbirlər zəruridir:

"Biz beynəlxalq ictimaiyyəti Qərbi azərbaycanlıların qayıdış hüququnun reallaşdırılması üçün diplomatik səyləri artırmağa və bu prosesin müfəssəl planlaşdırılması və icrasını dəstəkləməyə dəvət edirik. Biz Birləşmiş Millətlər Təşkilatını və digər beynəlxalq təşkilatları beynəlxalq hüquqa uyğun olaraq qayıdışı təmin etmək üçün monitorinq və dəstək mexanizmləri yaratmağa, həmçinin regionda sülh və barışığın möhkəmləndirilməsi üçün dialoq platformaları formalaşdırmağa çağırırıq. Biz indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların qanuni təmsilçisi kimi Qərbi Azərbaycan İcmasına dəstəyimizi ifadə edir və onun qayıdış məqsədinə beynəlxalq hüquq çərçivəsində, sülh yolu nail olmaq əzmini, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmasını alqışlayır və beynəlxalq ictimaiyyəti Qərbi Azərbaycan İcmasına dəstək verməyə çağırırıq. Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana sülh yolu ilə qayıdış məsələsində liderliyini, beynəlxalq hüququn aliliyinə sadiqliyini və ədalətin bərpasına yönəlmiş səylərini yüksək qiymətləndiririk. Eyni şəkildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın haqq-ədalətə, sülh və barışığa möhkəm dəstəyini alqışlayırıq. Bu yekun sənəd Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi, insan hüquqlarının müdafiəsi və Cənubi Qafqazda davamlı sülhün təşviqinə xidmət edən çağırışdır. Konfransın nəticələri beynəlxalq təşkilatlara, dövlətlərə və ictimaiyyətə çatdırılacaq, bu məsələnin qlobal gündəmdə prioritet kimi irəli sürülməsinə xidmət edəcək".