Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü tarixi məqamları ilə yadda qaldı. Xüsusilə burada səsləndirilən fikirlər, imzalanan sənədlər və qarşıya qoyulan strateji hədəflər təşkilatın gələcək inkişafına təkan verəcək. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev TDT-nin inteqrasiyasına, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsinə və Türk dünyasının beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə dair önəmli fikirlər səsləndirib. Ölkəmizin başçısı türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi, ortaq maraqlar əsasında yeni təşəbbüslərin reallaşdırılması və beynəlxalq çağırışlara adekvat cavab verilməsi istiqamətində mühüm məqamlara toxunub. Axı çağdaş dünyada TDT yalnız mədəni dəyərlərin daşıyıcısı deyil, həm də ciddi geosiyasi və gücə çevrilməkdədir.
Çıxışında ötən ilin noyabr ayında Bakıda keçirilən COP29 Konfransına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Dövlətimizin başçısı bildirib ki, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. Azərbaycanın bu mühüm tədbiri yüksək səviyyədə təşkil etməsi qlobal miqyasda ölkənin və bütövlükdə Türk dünyasının nüfuzunu artırıb. Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat sektorunda həyata keçirdiyi irimiqyaslı layihələri də diqqətə çatdırıb. Ölkəmiz türk dövlətləri üçün etibarlı tranzit və logistika mərkəzi rolunu oynayır. Xəzər dənizində 50-dən çox ticarət gəmisinə malik olan Azərbaycan bu imkanlardan istifadə edərək türk ölkələri arasında yükdaşımaların çevik və təhlükəsiz şəkildə həyata keçirilməsinə şərait yaradır. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa olunur. Bu, gələcəkdə Xəzər dənizi vasitəsilə daşımaların həcmini artıracaq. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti yaxın illərdə 15 milyon tondan 25 milyon tona çatdırılacaq. Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən 8 beynəlxalq hava limanına əlavə olaraq sayca 9-cu beynəlxalq hava limanının da istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanlarından 3-ü Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Eyni zamanda, 1,5 milyon ton yük qəbul etmək qabiliyyətinə malik karqo terminalının inşası Azərbaycanın regionda logistik qovşağa çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xüsusi vurğulamaq lazımdır ki, Zirvə görüşünün sonunda imzalanan Bəyannamə TDT-nin gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən önəmli sənəddir. Dövlət rəhbərləri Budapeşt Bəyannaməsində Türk dünyasının regionda və onun hüdudlarından kənarda artan rolunu təqdir ediblər. Ümumiyyətlə, bu tədbir bir tərəfdən təşkilat üzvü olan dövlətlər arasında siyasi həmrəyliyin nümayişini, digər tərəfdən isə türk dövlətlərinin regional və beynəlxalq təsir gücünün yüksəldiyini göstərir.
Eyni zamanda, üzv ölkələr arasında arşılıqlı razılaşmalar türk dövlətlərinin gələcəkdə daha sıx inteqrasiyasına və ortaq dəyərlər ətrafında birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Həmçinin TDT ortaq mədəniyyət, tarix, dil və dəyərlər üzərində qurulmuş strateji platforma kimi gələcəkdə daha da güclənəcək.
Bir sözlə, üzv dövlətlər arasında əməkdaşlığın bütün sahələr üzrə genişləndirilməsi beynəlxalq miqyasda bu birliyin rolunu artıracaq. Ən başlıcası isə Azərbaycanın siyasi iradəsi, nəqliyyat-logistika imkanları və təşəbbüsləri isə Türk dünyasının strateji gücünün formalaşmasında geniş imkanlar yaradacaq.
Nazimə Şamıynva,
YAP Füzuli rayon təşkilatının sədri