24 may 2025 03:01
153

TDT-yə üzv dövlətlərin iqtisadi potensialı nə qədərdir?

200 milyondan çox insanın yaşadığı və ümumilikdə 4,8 milyon kvadrat kilometr geniş bir coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq aləmdə tanınan güclü birlikdir. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Təşkilata üzv ölkələr 1,4 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula (ÜDM) və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malikdirlər.  Həmin ölkələr dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir.

Bu ölkələrin əsas nəqliyyat dəhlizlərindən biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların dinamikası hər il artmaqdadır. Heç şübhəsiz ki, bu artım Azərbaycanın da həmin ölkələrlə iqtisadi əlaqələrinə öz təsirini göstərib. Belə ki, son üç ildə  Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə 70 faiz arıb.  Həmin dövrdə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi  40,5 faiz, Qazaxıstanla 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. Qeyd edək ki, Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək artırılması hədəflənir.

Son üç ildə dövlət büdcəsinin artımı baxımından ən yaxşı göstərici 74,2 faizlə Türkiyədə qeydə alınıb. Türkiyənin dövlət büdcəsinin gəlirləri 125 milyard  631 milyon dollar olub. Xarici ticarətdə ən yüksək saldoya Azərbaycan (ticarət balansı 8 milyard  363  milyon  dollar) və Qazaxıstan (ticarət balansı 13 milyard 23 milyon dollar) malikdir. Cari ilin 9 ayı ərzində isə Macarıstan istisna olmaqla, Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönəldilən vəsaitlərdə artım müşahidə olunub.

Həmçinin TDT-yə üzv ölkələr qlobal kənd təsərrüfatının torpaq ehtiyatlarında 6,1 faiz, o cümlədən əkin sahələrində 3,9 faiz, kənd təsərrüfatı məhsullarının qlobal istehsalında 2,2 faiz, kənd təsərrüfatı və emal məhsullarının ixracında isə 2 faiz paya malikdir. Qurum iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanlarını daim diqqətdə saxlayır.

Şübhəsiz ki, Azərbaycan da bu məsələyə hər zaman həssaslıqla yanaşır Türk dövlətlərinin vahid rəqəmsal «aqro-data» platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı təklifləri təşkilata üzv ölkələrə təqdim edir və bu istiqamətdə layihələrin reallaşdırılmasına ciddi töhfələr verir. TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsində isə qarşıya ciddi hədəflər qoyulub.

Prezident İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında da respublikamızın, ümumilikdə, adıçəkilən qurumun üzv ölkələri ilə iqtisadi münasibətlərindən geniş bəhs edib. Ölkə rəhbəri Azərbaycanın türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığının gücləndiyini bildirib. Qeyd edib ki, son illər ərzində respublikamızda nəqliyyat infrastrukturuna –avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Həmçinin qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb, müştərək müəssisələr qurulub. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb. 

Azərbaycan bu gün Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verir. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində iş davam etdirilir. Eyni zamanda, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatacağı gözlənilir.

Azərbaycan son illərdə nəqliyyat sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar, infrastruktur layihələri və beynəlxalq əməkdaşlıq formatları ilə yalnız Cənubi Qafqazın deyil, bütövlükdə, türk dünyasının nəqliyyat və logistika xəritəsində strateji mövqeyə sahib olub. Nəticədə, ölkə ərazisindən keçən yük axınları nəinki respublika iqtisadiyyatına gəlir gətirib, həm də türk dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edib. Belə ki, 2024-cü ildə Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən keçən yük həcmi 11 milyon ton təşkil edib. Bu, təkcə coğrafi mövqedən yox, həm də yaradılan şəraitdən, logistik xidmətlərin səmərəliliyindən irəli gəlib.

Elçin Zaman, «İki sahil»