Qərbi Afrika ölkələrində Fransanın müstəmləkə mirasını təmizləmək kampaniyası getdikcə genişlənir, bu istiqamətdə növbəti addım onilliklər boyu fransız generalların, siyasətçilərin və mədəniyyət xadimlərinin adlarını daşıyan küçələrin, meydanların və rayonların kütləvi şəkildə adının dəyişdirilməsi olub.
Bu proses sadəcə ad yazılan lövhələrin dəyişdirilməsi deyil, həm də bir vaxtlar Fransanın təsiri altında yaşamış xalqlara şüurun dekolonizasiyası və milli kimliyin qaytarılması üzrə dərin prosesdir.
Belə ki, Burkina Faso hökuməti Fransa izlərini daşıyan bütün küçə adlarının dəyişdirilməsi üzrə genişmiqyaslı plan hazırlayıb. İlk hədəflər adları ictimai binaları və küçələri bəzəyən fransız generalların və müstəmləkə dövrünün simalarının adları olub.
Plan təkcə küçələri deyil, həm də görməli yerləri, abidələri, tarixi sitatları, təşkilatların adlarını, memarlıq strukturlarını və bütöv rayonları əhatə edir.
Rəmzi məqam ondan ibarətdir ki, İbrahim Traorenin başçılıq etdiyi Burkina Fasonun yeni rəhbərliyi yeni adları Fransa təsirinə fəal şəkildə qarşı çıxan şəxslərin adları arasından seçir. İndi küçələrdə de Qoll, Faderb və Montenye əvəzinə 1987-ci ildə Fransa xüsusi xidmət orqanlarının dəstəyi ilə öldürülən milli qəhrəman Tomas Sankaranın yol yoldaşlarının adları yer alıb. Bunlar Jan Andre Sumda, Babu Polin Bamoni və Sibiri Patris Zaqredir.
Adın dəyişdirilməsi prosesi təkcə Burkina Fasoda yox, regionun digər ölkələrində - Mali, Niger, Çad, Seneqal və Mərkəzi Afrika Respublikasında da gedən prosesdir.
Şarl de Qoll adının Afrika şəhərlərinin xəritələrindən itirilməsi xüsusilə rəmzidir. Generalın Fransa və onun müstəmləkələrinin tarixindəki rolunu nəzərə alsaq, bu proses dərin simvolik əhəmiyyətə malikdir.
Nigerin paytaxtı Niameydə indi Şarl de Qoll küçəsi ölkənin ən məşhur müstəqillik tərəfdarlarından biri olan Cibu Bakarinin adını daşıyır.
Burkina Fasonun paytaxtı Uaqaduquda əvvəllər de Qollun adını daşıyan əsas küçənin adı dəyişdirilərək Tomas Sankara adlandırılıb.
Eləcə orada Fransa küçəsinin adını dəyişib ona ölkənin birinci xanımı titulunu daşıyan ilk qadın Mari Tereza Ufue-Buanyinin adını veriblər, sabiq Marsel küçəsi isə indi Milli Assambleyanın keçmiş sədri Filip Qrequar Yassinin adını daşıyır.
Malidə də xəritələrin dekolonizasiyası prosesi fəal şəkildə davam etdirilir – Fransa ilə bağlı bütün adlar əsas şəhərlərin küçələrindən yox edilib, onları Mali və ümumafrika qəhrəmanlarının adları əvəzləyib.
Bu ad dəyişdirmə prosesi sadəcə lövhələrin dəyişdirilməsi deyil, həm də müstəmləkə mirasından psixoloji qurtuluşda və yeni, müstəqil Afrika kimliyinin formalaşmasında mühüm addımdır.
“Report”