24 may 2025 13:26
92

Aİ-dən Trampa cavab: Maraqlarımızı müdafiə etməyə hazırıq

Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında ticarət danışıqları təhdidlərlə deyil, qarşılıqlı hörmətlə aparılmalıdır.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, bunu Aİ-nin ticarət üzrə komissarı Maros Şefçoviç bəyan edib.

O, ABŞ prezidenti Donald Trampın Aİ-yə 50 faiz gömrük rüsumunun tətbiq edilməsi təklifindən sonra sosial media hesabında paylaşım edib: "Mən ABŞ-ın ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qri ilə danışdım. Aİ hər iki tərəf üçün faydalı olan razılaşmanın əldə edilməsinə sadiqdir. Aİ Komissiyası vicdanla işləməyə hazırdır. Aİ-ABŞ ticarəti unikaldır və təhdidlərə deyil, qarşılıqlı hörmətə əsaslanmalıdır. Biz maraqlarımızı müdafiə etməyə hazırıq".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən “Truth Social”da qeyd edib: "ABŞ-ın ticarət maraqlarından faydalanmaq üçün qurulan Avropa İttifaqının öhdəsindən gəlmək çox çətin oldu. Aİ, güclü ticarət maneələri, ƏDV yükləri, əsassız korporativ cəzalar, pul manipulyasiyaları və Amerika şirkətlərinin tamamilə qəbuledilməz qanunları ilə 250 milyard dollarlıq ticarət kəsiri yaradır. Onlarla danışıqlar heç bir yerə getmir, buna görə də mən 2025-ci il iyunun 1-dən etibarən Avropa İttifaqına birbaşa 50% tarif təklif edirəm. Məhsullar ABŞ-da istehsal olunarsa, heç bir vergi tətbiq edilməyəcək”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”