Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının önündəki Elmlər Akademiyası parkında IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (IV LitBookFest) açılışı olub.
“İki sahil” xəbər verir ki, Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Beynəlxalq Türk Akademiyasının təmsilçisi Aynur Mayemerova, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza Türk dünyasının sarsılmaz birliyinə, Türk dövlətləri arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən danışıb, ənənəvi hal alan tədbirin Türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıblar.
Hazırda Türk dünyasının çox önəmli mərhələdən keçdiyini deyən çıxışçılar qeyd ediblər ki, bu gün ən önəmli faktorlardan biri ortaq dilə, mədəniyyətə, tarixə söykənərək gələcəyə birgə baxış bucağını müəyyənləşdirməkdən ibarətdir. Bildirilib ki, Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr Türk dünyasının iqtisadi cazibədarlığını möhkəmləndirib. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və həmin müstəvidə iki dövlətin nümayiş etdirdiyi birlik bizim təhlükəsizlik modelimizin gücünü ortaya qoyub. Bu gün biz onun nümunəsini Avropadan gələn səsimizdə görürük.
Çıxış edənlər ədəbiyyatın ideyanı, ideologiyanı ifadə etməkdə, çatdırmaqda, yaşatmaqda, təsir göstərməkdə əvəzsiz imkanlara malik olduğunu vurğulayıb, Türk dünyasının birliyi və həmrəyliyində ədəbiyyat və kitabın ən böyük vasitə olduğunu diqqətə çatdırıblar.
Festivalı həmrəylik bayramı adlandıran çıxışçılar onun ümumi yaddaşımızın, elmi irsimizin, dil birliyinin və mədəni gələcəyimizin əksi kimi dəyərləndiriblər. Millətlərin kimliyini, dilini, yaddaşını daşıyan ən güclü alət olan kitabların sərhədləri aşan, niyyətləri bir araya gətirən ən möhkəm körpü olduğu qeyd edilib. Festivalın türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirəcəyi və gənc nəslin Türk dünyasının böyük şəxsiyyətlərini tanımasına yardım edəcəyi vurğulanıb.
Festival ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Bununla yanaşı festival çərçivəsində əl işlərindən ibarət sərgi də nümayiş etdirilir.
Qeyd edək ki, mayın 31-dək festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikalarına həsr olunacaq. İyunun 1-də isə I Türk Dünyası Uşaq Festivalı keçiriləcək.
Türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq.