Azərbaycan regionda təhlükəsizliyin, dostluğun, sülhün və mehriban qonşuluğun rəmzidir.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze Heydər Əliyev Mərkəzində Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən konsertdə təbrik nitqində deyib.
Nazir vurğulayıb ki, Gürcüstan Azərbaycanla möhkəm dostluq əlaqələri ilə fəxr edir: "Etiraf etmək istəyirəm ki, Azərbaycanı çox sevirəm və bu gün burada olmaqdan şadam. Azərbaycan mənim sevimli ölkələrimdən biridir".
Ruxadze onu da qeyd edib ki, bu gün Azərbaycan xalqının Ümummilli liderinin şərəfinə adlandırılan Heydər Əliyev Mərkəzində çıxış etmək onun üçün böyük şərəfdir: “Bu, təkcə Gürcüstanın mədəniyyət naziri kimi deyil, həm də bir gürcü, xalqımın nümayəndəsi kimi mənim üçün şərəfdir”.
Nazir Azərbaycan ilə Gürcüstan arasında dostluq və mədəni əlaqələrin əsrlər boyu inkişaf etdiyini məmnunluqla bildirib. Ruxadze əlavə edib ki, Gürcüstan Mədəniyyət Nazirliyi azərbaycanlı həmkarları ilə bir çox birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
Sonda nazir Azərbaycanı 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan dilində təbrik edib: "Yaşasın Azərbaycan və Gürcüstan dostluğu!"