"Napoli"nin prezidenti Aurelio De Laurentis komandanın baş məşqçi Antonio Kontenin gələcəyi barədə danışıb.
“İki sahil” “Sky Sports”a istinadən xəbər verir ki, o, hər şeyin mütəxəssisin öz istəyindən asılı olduğunu deyib:
"Konte qalacaqmı deyə soruşurlar. Bəs evlilikdə həyat yoldaşınıza belə suallar verirsiniz? Əgər insan müəyyən mühitdə narahatdırsa, vəziyyəti dəyişmək lazımdır. Luçiano Spaletti kimi (“Napoli”nin keçmiş baş məşqçisi - red.)…
Konte ilə qarşılıqlı hörmətimiz var. Çempionluğa görə ona təşəkkür edirik. Burada 3 il ərzində 2 Skudetto qazanmaq asan deyil.
Mən uzun illər Konteni axtarırdım. Maldiv adalarında görüşəndə anlaşma və hörmətə əsaslanan gözəl münasibət qurduq. Mən ondan 2023-cü ilin noyabrında kluba gəlməsini xahiş etdim. Spalletti ilə qazandığımız Skudettodan fərqli olaraq, bu dəfə son turda qalib gəldik”.
Qeyd edək ki, mətbuatda Kontenin vəzifəsindən ayrılmaq istədiyi haqda məlumatlar yayılıb.