Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyi tərəfindən paytaxt Nyu-Dehli şəhərində 28 May – Müstəqillik Günü və 2025-ci il İlinə həsr edilmiş rəsmi qəbul keçirilib.
“İki sahil” Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyinə istinadən xəbər verir ki, tədbirdə Hindistan ictimaiyyətinin nümayəndələri və Nyu-Dehlidə yerləşən xarici diplomatik korpus üzvləri iştirak ediblər.
Qonaqları salamlayan səfir Elçin Hüseynli 107 il əvvəl qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk dünyəvi demokratik respublikanın olduğunu, iki ildən az vaxt ərzində fəaliyyət göstərməsinə baxmayaraq qadınlara seçki hüququnun verilməsi başda olmaqla hüquqi dövlət quruculuğu sahəsində öz zəmanəsi üçün mütərəqqi qərarlar qəbul etdiyini diqqətə çatdırıb.
Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” müdrik kəlamına istinad edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müasir Azərbaycan Respublikasının hazırda tarixinin ən parlaq dövrünü yaşadığını, ölkəmizin əsl milli sərvətinin onun azadlığı və müstəqilliyi, onu təmin edən qalib ordusu, daxili sabitliyi, dünyəvi və tolerant cəmiyyəti, fəal xarici siyasəti olduğunu vurğulayıb. O, 2025-ci ölkəmizdə qeyd olunan Konstitusiya və Suverenlik ilinin mahiyyəti və əhəmiyyəti barədə qonaqlara məlumat verib, 30 il əvvəl qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyanın artıq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş ölkəmizin hər bir hissəsində tətbiq edildiyini bildirib.
Qəbulda Müstəqillik Günü, Ümummilli Lider Heydər Əliyev, Azərbaycanın xarici siyasəti, habelə ölkəmizin mədəniyyəti, multikulturalizm ənənələri, təbiəti, turizm məkanları və işğaldan azad olunmuş ərazilərimizdəki bərpa işlərini əks etdirən video çarxlar nümayiş etdirilib. Gənc azərbaycanlı tarzən Bəxtiyar Məmmədov tərəfindən milli musiqi parçaları ifa olunub. Qonaqlara milli mətbəximizin nümunələri, çay və şərablarımız təqdim edilib.