Qərbi Azərbaycanda milli dildə mərkəzi mətbuat orqanı olan “Kommunist” qəzeti 221-ci – sonuncu nömrəsindən sonra 1939-cu ilin sentyabrın 26-da “Sovet Ermənistanı” qəzeti adı altında nəşr olunmağa başlamışdır. 1939-cu ildə cəmi 79 nömrəsi işıq üzü görən qəzet gündəlik 4 səhifədən ibarət böyük formatda çap olunurdu. Qəzetin redaktoru isə tanınmış ictimai xadim, təcrübəli jurnalist Cəfər Vəlibəyov təyin edilmişdi. 50 ilə yaxın “Sovet Ermənistanı” adı altında nəşr olunan qəzet müxtəlif vaxtlarda mövcud olan siyasi-ideoloji maneələrə baxmayaraq, 1989-cu ilə kimi uğurla fəaliyyət göstərmiş, Qərbi Azərbaycanda milli mətbuatımızın əsl salnaməsinə çevrilmişdir. Qərbi Azərbaycanda milli mətbuat tariximizdə mühüm mərhələ təşkil edən “Sovet Ermənistanı” qəzeti 1940-cı ilin iyun ayından kiril əlifbası ilə çap olunmuşdur. Həmin illərdə digər mətbuat orqanları kimi “Sovet Ermənistanı” qəzeti də repressiya dövrünü ört-basdır edir, kolxoz quruluşunun üstünlüklərini təbliğ edirdi. Amma bütün bunlara baxmayaraq, Qərbi Azərbaycanda milli mətbuatın zəngin ənənələrini yaşadıb inkişaf etdirməkdə “Sovet Ermənistanı” qəzetinin böyük xidmətləri olmuşdur.
1940-cı ildə Nəcəf Məmmədov, Adil Axundov, Abdulla Mirzəyev, Hüseyn Nəcəfov, Yusif Abbasov, Salman Rəhimov, Mirəli Seyidov, Əkbər İrəvanlı, Lətif Hüseynov, Cəfər Misgərov, Məmməd Xəlilov və başqa gənclərin qəzetin redaksiyasında müxtəlif şöbələrdə işə cəlb edilməsi bu mətbu orqanın fəaliyyətinin daha da canlandırılmasına, öz ətrafına geniş oxucu kütləsinin və onlarla fəal müxbirin toplanmasına stimul vermişdir. Bu jurnalistlər qəzet səhifələrində öz çıxışları ilə oxucuların rəğbətini qazanmışdılar. Bu baxımdan 1940-cı ildə mətbuatda fəallığı ilə seçilən jurnalistlər arasında Fəxri fərmanla təltif olunan azərbaycanlılardan qəzetin məsul redaktoru Cəfər Vəlibəyovun, məsul redaktor müavini Yusif Abbasovun, təbliğat şöbəsinin müdiri Salman Rəhimovun, müxbir Qəşəm Şahbazovun, “Zərbəçi kolxozçu” qəzetinin məsul redaktoru Fərman İsmayılovun, “Maldarlıq cəbhəsində” qəzetinin məsul redaktoru Xuda Xudayevin də adlarına rast gəlinir.
Qəzetin ilk müxbirlərindən olan və bir müddət bu mətbu orqanda iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışan Nəcəf Məmmədovun “Sovet Ermənistanı” qəzetinin 20 illiyi münasibəti ilə bağlı “Keçmişdən xatirələr” adlı məqaləsində qəzetin ilk texniki heyəti və müxbirləri haqqında verdiyi məlumatlar maraqlı və əhəmiyyətlidir. Məqalədə qəzetin böyük çətinliklər bahasına əlverişli olmayan şəraitdə nəşrə hazırlanması, bu işdə fəallıq göstərən şəxslərin xidmətləri haqqında maraqlı məlumatlar verilmişdir. Bu məlumatlardan aydın olur ki, qəzeti yığmaq üçün ixtisaslı linotopçiyə böyük ehtiyac olduğundan bu işi icra etmək üçün Bakı Birləşmiş Baş Mətbəəsindən bir mütəxəssis İrəvana dəvət olunmuşdur. 1940-cı ildə Bakı Birləşmiş Baş Mətbəəsi tərəfindən əvvəllər “Azərnəşr”in mətbəəsində, sonra isə “Kommunist” qəzeti mətbəəsində linotipçi vəzifəsində çalışan Məhərrəm Sultanov İrəvana göndərilmişdir. O, 40 il müddətində İrəvanda “Sovet Ermənistanı” qəzetinin materiallarını yığmış, qəzetin vaxtlı-vaxtında oxucularına çatdırılması üçün mətbəə işinin bütün çətinliklərinə mətanətlə tab gətirib böyük əzmkarlıqla çalışmışdır.
1941-ci ilə kimi qəzet öz ətrafında ən aktiv fəhlə-kəndli müxbirlərini cəm etmiş və onlarla işgüzar təmasını daha da möhkəmlətmişdir. Regionlarda qəzetin ən aktiv xüsusi müxbirləri İrəvanda – Etibar Rəcəbli, Tahir Abbasov, Cəfər Misgərov, Zəngibasarda – Sadıq Əliyev, Hüseyn Nəcəfov, Vedidə – Mirzə Bəşirov, Fərman İsmayılov, Amasiyada – Məmməd Rəhim Xəlilov, Lətif Hüseynov, Gümrüdə – Məmməd Əliyev, Əştərəkdə – Əli Babayev, Qafanda – Əsəd Əsədov, Cəmil Əliyev, Dilicanda – Salman Həsənov, Çəmbərəkdə – Hüseyn Mustafayev, Haqverdi Tağıyev, Həsən Tağıyev, Rəis Məmmədov təmsil edirdilər.
Qəzet özünün 20 illiyinə xüsusi nömrə buraxmasa da, 1941-ci il 105-ci sayının 3-cü səhifəsini bu əlamətdar hadisəyə həsr etmişdir. Ermənistan Kommunist bolşevik partiyası Vedi rayon komitəsinin katibi Məmməd Məmmədov, Basarkeçər rayon icraiyyə komitəsinin katibi Talıb Musayev, Kalinino rayon icraiyyə komitəsinin katibi Əli Qurbanov, Amasiya rayon icraiyyə komitəsinin təşkilat şöbəsinin müdiri Həsən Hüseynovun qəzetdə birgə dərc etdirdikləri məqalədə azərbaycanlılar yaşayan bölgələrdə bir sıra problemlərin aradan qaldırılması və müxtəlif sahələrdə uğurlu inkişafın əldə olunmasına böyük diqqət göstərilməsində, gənc azərbaycanlı kadrların hazırlanmasında onlara əməli köməkliklərin göstərilməsi istiqamətində geniş tədbirlərin həyata keçirilməsində “Sovet Ermənistanı” qəzetinin böyük rol oynadığı barədə məlumat verilir. Yuxarıda adlarını qeyd etdiyimiz şəxslər mütəmadi olaraq qəzetlə əməkdaşlıq edir və vaxtaşırı onun səhifələrində çıxış edirdilər.
Mətbuatın sürətli inkişafına onun işinin tərkibinin dərinləşməsinə kütləvi fəhlə-kəndli hərəkatı çox böyük köməklik göstərmişdir. Araşdırmalardan aydın olur ki, 1941-ci ilin may ayına kimi qəzetlə daim əməkdaşlıq edən fəhlə-kəndli müxbirlərinin sayı 800-dən artıq olmuşdur. Qəzetin fəaliyyətini izlədikdə bütün bölgələrdə fəhlə-kəndli müxbirlərinin sayının ilbəil daha da artdığı nəzərə çarpır. Redaksiya kəndli müxbirlərindən hər gün 35-40 məktub alırdı. Bu da hər ay orta hesabla 800-850 məktub edirdi. Redaksiya təkcə 1940-cı ildə 6167 müxbir məktubu almışdır ki, bunlardan da 4924 məktub qəzetin səhifələrində çap olunmuşdur. “Sovet Ermənistanı” qəzetinin redaksiyası təkcə Qərbi Azərbaycanın müxtəlif bölgələrindən deyil, eyni zamanda keçmiş İttifaqın müxtəlif şəhərlərindən, xüsusilə də Azərbaycandan il ərzində minlərlə məktub alırdı.Redaksiyanın məktublar şöbəsi onları çeşidləyib, ayda bir neçə dəfə “Bizə yazırlar” rubrikası altında qəzetin səhifələrində dərc edirdilər. Yerlərdən redaksiyaya məktub axınının belə çox olması Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların bu qəzetə olan inamının göstəricisi idi. Qəzetin səhifələrində dərc olunmuş həmin məktubları nəzərdən keçirdikdə onların böyük əksəriyyəti yerlərdəki haqsızlıqlardan, soydaşlarımızın üzləşdiyi problemlərdən, pozulmuş hüquqlarından və digər sahələrdə baş verən neqativ hallardan bəhs edildiyi məlum olur. Soydaşlarımızın pozulmuş hüquqları öz həllini tapmadığı təqdirdə, şikayətçinin əli hər yerdən üzüləndən sonra, məktubla axırıncı ümid yeri kimi inandıqları-güvəndikləri “Sovet Ermənistanı” qəzetinə üz tuturdular. “Sovet Ermənistanı” qəzetinin redaksiyasında müraciətlərə diqqət çox güclü idi. Yazılara “soydaşlarımızın ümid və güvən yeri” amalı ilə yanaşılırdı. Həllini tapan bütün məktublar “Sovet Ermənistanı”nın köməyi ilə” rubrikası adı altında qəzetdə dərc edilirdi.
Lakin qəzet əldə edilən bu uğurlarla kifayətlənmirdi. Qəzet və onun müxbirləri mətbuatın ən gözəl nümunələrini yaratmaqla üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirməyə çalışırdılar. Qərbi Azərbaycanda fəhlə-kəndli müxbirlərinin qəzetlə əməkdaşlığını daha da gücləndirmək, qəzetin səhifələrində çap edilən materialların keyfiyyətinə ciddi fikir vermək məqsədi ilə qəzetin redaksiyası tərəfindən bölgə müxbirləri üçün müntəzəm tədbirlər həyata keçirilirdi.
Ümumiyyətlə, belə müxbir müşavirə və konfransları həm də qəzetin ətrafında cəm olan fəhlə-kəndli müxbirlərinin yeni həyat quruculuğu uğrunda mübarizə əhval-ruhiyyələrini daha da artırırdı.
Dövrün sosial həyatda yaratdığı çətinlik və problemlər qəzetin çapının zəifliyi və kağız qıtlığında da özünü göstərirdi. 1941-ci illərdə qəzetin həcmində və bəzi nömrələrində səhifələrin sayı fərqli göstərilir. 1941-ci ilin sonlarından başlayaraq qəzet həftədə 4 dəfə iki səhifə həcmində çıxmışdır. 12 aprel 1942-ci il 87-ci nömrəsindən etibarən isə qəzet həftədə 5 dəfə iki səhifədən ibarət çap olunmuşdur. Qəzet 1944-1945-ci illərdə həftədə 4 dəfə iki səhifə həcmində çıxmışdı. Həmin illərdə həftədə 4 dəfə nəşr olunan qəzetin üç nömrəsi iki, bir nömrəsi isə 4 səhifə həcmində çap olunurdu. 1946-cı illərdə qəzetin həftədə 4 dəfə iki səhifə həcmində çap olunmasına da rast gəlirik.
Böyük Vətən müharibəsi illərində qəzet partiyanın siyasi tribunasına çevrilərək “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ətrafında kütlələri səfərbərliyə alırdı. Qəzet müharibə illərində cəbhədə mərdliklə vuruşan, qəhrəmanlıq göstərən və ad-san qazanan Qərbi Azərbaycandan olan azərbaycanlı döyüşçülərin göstərdikləri şücaət və igidlikləri, eyni zamanda azərbaycanlı zəhmətkeşlərin fədakar əməyini də vaxtaşırı öz səhifələrində işıqlandırmışdır.
“Sovet Ermənistanı” qəzetinin müxbirləri fərq qoymadan qeyri-millətlərin əsgər və zabitlərinin də cəbhələrdəki igidliklərini öz səhifələrində işıqlandırırdı. Qəzet öz oxucularına sovet xalqının alman faşist işğalçılarına qarşı apardığı müharibənin gedişindən, cəbhə epizodlarından Qərbi Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlı əsgər və zabitlərin göstərdikləri igidlik və qəhrəmanlıqlarından ətraflı məlumat verir, arxa cəbhədəki döyüşçüləri yeni-yeni əmək qəhrəmanlıqları göstərməyə ruhlandırırdı.
Müharibə ərəfəsində Qərbi Azərbaycanda yaşayan ziyalıların bir qismi repressiya qurbanı olmuş, bir qismi isə o cümlədən qəzetin əməkdaşları Lətif Hüseynov, Yusif Abbasov, İbrahim Əliyev, Cəlal Sərdar və başqaları döyüşən ordu sıralarına çağrılmışdı. İrəvanda Azərbaycan ictimai, ədəbi mühitində bir qədər sönüklük yaranmışdır. Həmin vaxtlarda “Sovet Ermənistanı” qəzetində diqqəti cəlb edən məqamlardan biri qələm sahiblərinin insanları döyüşə ruhlandıran, sabaha inamla baxmağa və nikbin olmnağa səsləyən poetik nümunələridir. “Sovet Ermənistanı” qəzeti çox vaxt yerli şair və yazıçılarla yanaşı Bakıda yaşayıb-yaradan şairlərin də şeirlərini, bədii nümunələrini dərc edirdi. Böyük Vətən müharibəsi illərində qəzet Vətənin müdafiəsində qəhrəmanlıqla vuruşanlara Səməd Vurğunun Həzi Aslanova həsr etdiyi “Qəhrəmanın ölümü”, Süleyman Rüstəmin “Vətən”, Abdulla Şaiqin “Vətən gənclərinə”, Əyyub Abbasovun “Günəş”, İslam Qaradağlının “Sovet topçusu” şeirləri, Məmməd Rahimin “Onu Don qucaqladı”, Hüseyn Cavadovun “Azərbaycan xalqının generalları”, Əli Zeynalovun “Görüş”, Abbas Tahirin “Terekdən Elbaya” oçerkləri dərc olunmuşdu. Qəzet xalq təsərrüfatının bütün sahələrində çalışan əmək adamları sırasında irəlidə gedənlərin sayının artmasına, nöqsan və kəsir cəhətlərin kəskin tənqid edilərək aradan qaldırılmasına ciddi fikir verirdi. Böyük Vətən müharibəsi illərində “Sovet Ermənistanı” qəzetinə Cəfər Vəlibəyovun redaktorluq etdiyi 1941-1945-ci illərdə qəzet müharibə illərinin arxa cəbhədəki və döyüş mövqelərindəki ritmini əks etdirmiş, “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” rubrikaları altında səfərbərlik və vətənpərvərlik ruhunda xeyli məktub, oçerk, şeirlər və sair müharibə mövzusuna dair təsirli yazılar çap etmişdir.
1945-ci ildə müharibə qurtardıqdan sonra müharibənin vurduğu ağır yaraları sürətlə sağaltmaq, dağılmış xalq təsərrüfatını sürətlə bərpa etmək, şəhər və kəndləri yenidən qurmaq, müharibədən sonrakı beşillikləri müvəffəqiyyətlə yerinə yetirmək uğrunda səfərbərliyə almaqda partiyanın genişləndirdiyi təşkilatçılıq işinin və kütləvi izahat işinin ayrılmaz hissəsi idi.
Böyük Vətən müharibəsindən sonra əvvəlki illərlə müqayisədə “Sovet Ermənistanı” qəzetində də dönüş nöqtəsi yaranmışdır. Müharibədən sonrakı quruculuq dövrü mətbuatın inkişafını stimullaşdıran qüvvəyə çevrilmişdir. Həmin dövrdə “Sovet Ermənistanı” qəzeti xalq təsərrüfatının ayrı-ayrı sahələrindən müntəzəm təsirli yazılar verməklə yanaşı, ədəbi-mədəni mühitlə bağlı yazılar da vermişdir. Həmin dövrdə qəzetin əsas heyətini fəhlə-kəndli müxbirlər təşkil etsə də, qəzet öz səviyyəsini və operativliyini qoruyub saxlaya bilmişdir.
1946-cı ildə qəzetin ən fəal bölgə müxbirləri sırasında özünə yer almış Ağa Ağayev, Əli Dünyamalıyev (Keşişkənd), Səməd Novruzov (Amasiya), Nurəli Qurbanov (Qafan), Əli Həsənov (Qarabağlar), Elman Məmmədov (Noyemberyan), Oktay Məmmədov (Kalinino) və başqaları öz üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirmişdilər. Qəzetin müxbirləri yerlərdə aparılan abadlıq, inşaat, kolxoz quruluşunun inkişafı və s. əlaqədar olan mühüm işlərə dair ən kiçik məlumatı belə mətbuat vasitəsi ilə oxuculara çatdırmağa çalışırdılar.
Qəzetdə “Məktəb həyatı”, “Xarici ölkələrdə”, “İrəvan”, “Sovet Ermənistanında”, “Partiya həyatı” rubrikaları altında xeyli məqalə və məktublar dərc edilmişdir.
Dövrü mətbuat bu illərdə zəhmətkeşlərin kommunist tərbiyəsində böyük rol oynamışdır. “Sovet Ermənistanı” qəzeti respublikada baş verən hadisələri öz səhifələrində hərtərəfli əks etdirirdi. Müxbirlərin sayını artırmaq, onların bilik səviyyəsini yüksəltmək, tarixi qərarların həyata keçirilməsini təmin etmək üçün müntəzəm olaraq tədbirlər həyata keçirilirdi. Bu mənada, müxbir konfrans və müşavirələrinin keçirilməsi ənənəyə çevrilmişdi. Bu cür tədbirlərdə müvafiq qurumların nümayəndələri kəndli-fəhlə müxbirləri qarşısında çıxış edirdilər. Məsələn, qəzet 1947-ci ilin iyul ayının əvvəlində fəal oxucu və fəhlə-kolxozçu müxbirlərinin respublika müşavirəsi keçirildiyini bildirir. “Sovet Ermənistanı” qəzetinin 1947-ci il 153-cü nömrəsində həmin müşavirənin çağrılması və gedişinə dair ətraflı məlumat verən “Müxbir və oxucularımızın respublika müşavirəsi” sərlövhəli yazıdan aydın olur ki, iyul ayının 27-də keçirilən müşavirədə İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun, İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin və İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı texnikumunun müəllim və tələbələrindən, o cümlədən şəhər və rayon təşkilatlarından 400-ə qədər müxbir və oxucu iştirak etmişdir.
1951-ci ilin iyul ayında qəzetin 30 illik yubileyi tamam olmuşdur. Qəzetin bu yubileyi altı aydan sonra 1952-ci ilin yanvar ayının 14-də İrəvanda L.P.Beriya adına Təbliğatçı evində qəzetin redaksiya kollektivinin, bir sıra mətbuat işçilərinin və müvafiq dövlət qurumlarının iştirakı ilə qeyd edilmişdir.
“Sovet Ermənistanı” qəzeti ötən əsrin 50-ci illərinədək çətin şəraitdə fəaliyyət göstərmişdir. Ötən əsrin ikinci yarısından başlayaraq qəzetdə bir sıra sahələrdə yeniləşmə sahələrinə ciddi diqqət yetirilmişdir. Qəzetin ilk dəfə olaraq 1954-cü ilin yanvarın 17-dən 12-ci nömrəsindən etibarən gündəlik böyük formatda nəşri təmin edilmişdir. Amma belə bir xoş dövr uzun sürməmiş, bir müddətdən sonra qəzet yenidən həftədə dörd dəfə böyük formatda 4 səhifə həcmində öz fəaliyyətini davam etdirmişdir.
Fəhlə-kəndli müxbirlərinin formalaşması və onların fəallığının artırılması məqsədi ilə müntəzəm olaraq fəhlə-kəndli müxbirlərinin qurultayları keçirilirdi. 1956-cı il noyabr ayının 30-da Ermənistan Ali Sovetinin iclaslar salonunda Ermənistan fəhlə-kəndli müxbirlərinin qurultayı keçirilmişdir. Qəzetin 1956-cı il 141-ci nömrəsində həmin qurultayın çağırılması və gedişinə dair “Ermənistan fəhlə və kəndli müxbirlərinin qurultayı” sərlövhəli yazıda ətraflı məlumat verilmişdir. Həmin məlumatdan aydın olur ki, noyabr ayının 30-da çağırılan və iki gün davam edən qurultayda partiya və ictimai təşkilatlardan, fəhlə-kəndli müxbiri, qəzet, jurnal və radio işçilərindən 518 nəfər nümayəndə qismində iştirak etmişdir. Qurultayda 7 nəfər azərbaycanlı nümayəndə də iştirak edirdi ki, bunlardan da “Sovet Ermənistanı” qəzetinin redaktoru Cəfər Vəlibəyovu, qəzetin Gümrü bölgəsi üzrə müxbiri Əli Mirzəyevi, Keşişkənd bölgəsi üzrə müxbiri Ağa Ağayevi, Basarkeçər rayonundan Qəşəm Aslanovu, Üçmüədzindən Aydın Vəliyevi, Qafandan Həsən Hüseynovu, Sisiandan Həsən Məhərrəmovu göstərmək olar. Qurultayda keçmiş İttifaq respublikalarının tanınmış mətbuat nümayəndələri, o cümlədən Bakıdan “Kommunist” qəzetinin redaktoru Xasay Vəzirov da iştirak etmişdir. Həmin qurultayda ermənidilli mətbuat orqanlarının uğurları qeyd edildiyi halda, Qərbi Azərbaycanda yeganə milli mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzeti isə müxbirlər hərəkatına lazımi diqqət yetirilməməkdə, fəhlə və kolxozçuların qəzet səhifələrində çox az çıxış etdikləri bəhanə gətirilərək qərəzli tənqid hədəfinə çevrilmişdir. Əslində qəzetin tənqid hədəfinə çevrilməsinə heç bir əsas yox idi. Birincisi erməni şovinist dairələri və müvafiq qurumları tərəfindən müxtəlif dövrü nəşrlərə yaradılan əlverişli şərait Azərbaycan dilində çıxan bu mərkəzi mətbuat orqanına yaradılmamışdır. Digər tərəfdən isə qəzet öz imkanları daxilində mövcud dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini təmin edirdi.
1959-cu ildə jurnalistlərin vahid bir təşkilatda birləşməsi məqsədi ilə SSRİ Jurnalistlər İttifaqı yaradıldı. Bu baxımdan keçmiş İttifaq respublikalarında da jurnalistlər ittifaqları təşkil edilməyə başladı. 1959-cu ilin aprelin 6-da Qərbi Azərbaycan jurnalistlərinin birinci təsis qurultayı keçirildi. Qurultayda 280 nəfərdən artıq mətbuat nümayəndəsi təmsil olunmuşdur. Qurultayda bir çox respublikalardan, o cümlədən Azərbaycan Jurnalistlər İttifaqından “Bakı” axşam qəzetinin şöbə müdiri Sabir Məmmədov da iştirak və çıxış etmişdir. Azərbaycanlı nümayəndələrdən “Sovet Ermənistanı” qəzetinin redaktoru Cəfər Vəlibəyov, Basarkeçər rayon unda çıxan “Bolşevik uğrunda” qəzetinin redaktoru İsmayıl Əliyev də çıxış etmişdir. Qurultayda Qərbi Azərbaycanın mətbuat cəbhəsindəki vəziyyəti təhlil edilmişdir. “Sovet Ermənistanı” qəzetində qurultayın gedişi barədə geniş məlumat verilmişdir. Qərbi Azərbaycanda medianın inkişaf istiqamətləri göstərilmiş və jurnalistlərə tövsiyələr verilmişdir. Gənc jurnalistlərin ideya səviyyəsini, onların yaradıcılıq təşəbbüsünü inkişaf etdirmək, jurnalistikanın problemləri onun forma, üslub janrlarını genişləndirmək və bu sahəyə dair bir sıra məsələlər Jurnalistlər İttifaqının qarşısında duran ən mühüm vəzifə idi.
1957-ci ildə Qərbi Azərbaycanda 10 respublika qəzeti nəşr edilirdi ki, bunların da birdəfəlik tirajı 204500 nüsxə, bundan başqa 4 şəhər, 29 rayon qəzeti, 8 çoxtirajlı qəzet, 11 jurnal çıxırdı ki, bunların da birdəfəlik tirajı 58000 nüsxə təşkil edirdi. Respublikada Azərbaycan dilində cəmi bir gündəlik mərkəzi qəzet və iki rayon qəzeti nəşr edilirdi. Qərbi Azərbaycanda mətbuatın inkişafı üçün böyük imkanlar yaradıldığı, ilbəil yeni qəzet və jurnallar çap edildiyi halda Azərbaycan dilli yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzeti və cəmi 4-5 rayonda çap edilən bölgə qəzetlərinin Azərbaycan şöbələri bu qayğılardan məhrum idi. Ermənistanın müvafiq qurumları tərəfindən Rusiyanın Moskva, Sankt-Peterburq, Kiyev şəhərinin universitetlərində peşəkar jurnalistika və mətbuat məsələləri üzrə yüksək ixtisaslı elmi kadrlar hazırlamaq, hətta keçmiş İttifaqın nüfuzlu qəzetlərinin redaksiyalarında təcrübə keçmək üçün erməni millətindən olan gənclər göndərildiyi halda, bir nəfər də olsun azərbaycanlı nə təhsil almağa, nə də bu məqsədlə ezamiyyətə göndərilmirdi. Bu ayrı-seçkilik mətbuat işçilərinin təltif edilməsində də özünü göstərirdi. Məsələn, 1962-ci il 5 may “Pravda” qəzetinin 50 illiyi və mətbuat günü ilə bağlı Qərbi Azərbaycanda fəaliyyət göstərən bir sıra mətbuat, nəşriyyat, radio və televiziya işçilərinin bir qrupuSSRİ orden və medalları ilə təltif edildiyi halda, onlardan yalnız bir nəfər azərbaycanlı, “Sovet Ermənistanı” qəzetinin redaktor müavini S.Şərifov “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Ermənilərdən isə bir nəfəri “Lenin” ordeni, 4-ü “Şərəf” nişanı, 18-i Əmək igidliyinə görə,14-ü Əməkdə fərqlənməyə görə medalı ilə təltif edilmişdir. Fəxri fərmanla təltif edilmiş 117 nəfərdən isə 3 nəfəri azərbaycanlı idi. Bunlardan Əliyeva Lətifə Rəcəb qızı (“Sovet Ermənistanı” qəzetinin korrektoru), Əsgərov Rza İbrahim oğlu (“Sovet Ermənistanı” qəzetinin mədəniyyət və məişət şöbəsinin müdiri), Məmmədov İsrafil Süleyman oğlunu (“Sovet Ermənistanı” qəzetinin partiya həyatı şöbəsinin müdiri) qeyd etmək olar.
Azərbaycan dilində çıxan əvvəlki nəşrlərdə mövcud olan problemlər hələ 1964-cü illərdə “Sovet Ermənistanı” qəzetində də yaşanmaqda davam edirdi. Belə ki, redaksiyanı daimi binası olmadığı üçün yenə də ünvanlar tez-tez dəyişirdi. Qəzetdə mövcud olan bir sıra problemlərə baxmayaraq, azərbaycanlı oxucular öz doğma qəzetləri ilə təmaslarını daha da gücləndirirdilər. Həmin dövrdə qəzet və jurnalların nəşrinin ilbəil genişlənməsi, oxucuların mətbuata olan marağını daha da artırırdı. Məsələn, Zəngibasar rayonunun Yuxarı Necili, Sərvanlar, Mehmandar, Zəngilər, Dəmirçi, Vedibasar rayonunun Böyük Vedi, Xalisa və bir sıra başqa kəndlərində böyük həvəslə abunə yazılırdılar. Azərbaycanlı oxucuların əksəriyyəti ən azı beş-altı qəzet və jurnala abunə yazılırdı. Təkcə 1964-cü il sentyabr ayının 1-dən 6-na qədər cəmi 5 gün ərzində Yuxarı Necili kəndindən “Sovet Ermənistanı” qəzetinə 106 nüsxə, Dəmirçi kəndindən isə 89 nüsxə abunə yazılmışdır. Abunə kampaniyasının daha da genişləndirilməsinə əngəl törədən ən başlıca səbəblərdən biri bölgələrdə abunəçilərə qəzet və jurnalların vaxtlı-vaxtında çatdırılmaması idi. Məsələn, Dərələyəzin Qızılgül, Gülüdüz, Qabaqlı, Qafan rayonunun Acıbac, Pəyhan, Müsəlləm və bir çox bölgələrinə rayon mətbuat yayımı şöbələri tərəfindən qəzet və jurnallar abunəçilərinə vaxtında çatdırılmırdı. Bu da qəzetə abunə kompaniyasının mütəşəkkil şəkildə aparılmasına imkan vermirdi. Həmin illərdə erməni dilində çıxan “Sovetakan Hayastan” qəzeti 190 000, “Avanqard”, “Pioner” yüz min tirajla çap edildiyi halda, Qərbi Azərbaycanda milli dildə yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinin tirajı çox çətinliklə 16000-ə yüksələ bilmişdi.“Sovet Ermənistanı” qəzeti redaksiyası oxucularla qarşılıqlı kommunikasiyasını daha da gücləndirmək, daha məzmunlu, maraqlı, oxunaqlı çıxması üçün 1964-cü ildən başlayaraq hər ilin sonunda növbəti ildə qəzetin səhifələrində hansı guşələrin açılması, hansı məsələlərə daha çox yer verilməsi, bu güzgüdə kimləri görmək istədikləri barədə arzu və istəklərini qəzetin redaksiyasına bildirmək üçün oxuculara müraciət edirdi.
Araşdırmalardan aydın olur ki, hər ilin sonunda qəzetin redaksiyası tərəfindən oxuculara ünvanlanan belə müraciətlərdən sonra onun ünvanına daxil olan məktubların sayı ikiqat artmışdır. Qəzetdə dərc olunmuş oxucu məktublarını nəzərdən keçirdikdə büyün epistolyar nümunələrdə oxucular qəzeti özlərinə doğma hesab edir, səmimiyyətlə öz ürək sözlərini ifadə edirlər.
Redaksiyaya qatar-qatar gələn hər bir məktubda səmimi bir ürək döyüntülərini hiss edirsən. Qəzetin ünvanına daxil olan bütün məktublar redaksiya heyəti tərəfindən nəzərdən keçirildikdən sonra məqsədəuyğun təkliflər, məsləhət və tövsiyələr nəzərə alınaraq qəzetin səhifələrində öz əksini tapırdı. Bu da qzeti daha dolğun, məzmunlu və oxunaqlı edirdi. Hər il qəzetin səhifələrində oxuculara yeni rubrikalar altında yazılar təqdim olunurdu. Qəzet öz səhifələrində mövcud dövrün rəngarəng həyatını diqqət mərkəzində saxlamaqla yanaşı, bəzən müstəqil fikir tribunası kimi də çıxış edə bilirdi.
Böyük inkişaf yolu keçən qəzetin tarixində 1971-ci il yeni bir mərhələnin başlanğıcını qoyur. Qəzetin 1971-ci il 4 səhifədən ibarət böyük formatda çıxan 126-cı yubiley nömrəsi rəngli və nəfis tərtibatı ilə seçilir. Yubiley nömrəsində “Sovet Ermənistanı” qəzetinin nəşrə başladığı vaxtdan onun fəaliyyətində aktiv iştirak edən müxbir və əməkdaşlarının fotoşəkillərinin verilməsi həmin illərdə qəzetin keçdiyi inkişaf yolu haqqında geniş təsəvvür yaradır. Qəzetin ilk səhifəsində Ermənistan KP MK-nın, Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyəti və Ermənistan SSR Nazirlər Sovetinin təbrik məktubu dərc edilib. Təbrik məktubunda deyilir: “Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyəti və Ermənistan SSR Nazirlər Soveti “Sovet Ermənistanı” qəzetinin redaksiyasını, müəlliflər kollektivini, bütün oxucularını qəzetin 50 illiyi münasibətilə səmimiyyətlə təbrik edir və salamlayırlar, fəhlə-kəndli müxbirlərinə öz şərəfli vəzifələrini yerinə yetirməkdə yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırlar”. Bolşevizm və kommunizm bayrağı arxasında bu cür saxta və yalançı təbrikin səsləndirilməsi əslində Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinə qarşı edilən haqsızlıqları ört-basdır etməkdən ötrü gözəl vasitə idi. Qəzetin bu münasibətlə çıxan xüsusi nömrəsində “Sovet Ermənistanı” qəzetinin nəşri tarixi ilə bağlı məlumatlar, qəzetin baş redaktorunun və əsas yaradıcı heyətinə mənsub, eyni zamanda keçmiş əməkdaşların xatirələri, fikir və düşüncələri yer almışdır.
1971-ci ildə “Sovet Ermənistanı” qəzeti özünün 50 illik yubileyini mətbuat, radio və televiziya işçiləri, fəhlə-kəndli müxbirləri, İrəvan şəhər ictimaiyyətinin tanınmış nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə qeyd olunmuşdur. Qəzetin redaktoru Həbib Həsənov “Sovet Ermənistanı” qəzetinin bu dövr ərzində keçdiyi yarıməsrlik şərəfli yolu haqqında məruzə etmiş, qəzetin Qərbi Azərbaycanda Azərbaycan ictimai, ədəbi-mədəni həyatında oynadığı rolun əhəmiyyətini qeyd etmişdir. Keçmiş SSRİ Ali Sovetinin deputatı İsa Alıyev çıxışında yaradıcı kollektivə uğurlar arzulamışdır. Qəzetin 50 illik yubileyində Azərbaycan, Gürcüstan və başqa respublikalardan gəlmiş qonaqlar, aparıcı mətbuat orqanlarının nümayəndələri, qəzet və jurnalların redaktorları, elm və mədəniyyət xadimləri iştirak etmişdir. Bakıda Azərbaycan dilində çıxan “Kommunist” qəzetinin redaktoru Ağababa Rzayev, Gürcüstanda çıxan “Saxalxo qanatleba” qəzetinin redaktoru A.Mşevelidze və başqaları yubiliyarı təbrik etmişdilər. Qərbi Azərbaycan salnaməsini öz səhifələrində tarixə çevirən “Sovet Ermənistanı” qəzetinin tarixində yubiley ili xüsusilə yaddaqalan olub. Yubiley münaibətilə 1971-ci ildə qəzet SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanına əsasən “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Bu fərman 50 illik fəaliyyəti dövründə qəzetə və onun əməkdaşlarına verilən ən yüksək qiymət idi. “Sovet Ermənistanı” qəzetinin 22 oktyabr 1971-ci il tarixli 50 illik yubiley nömrəsi nəfis tərtibatı və rəngarəng informasiya zənginliyi ilə seçilir. Yubiley münasibəti ilə“Sovet Ermənistanı” qəzetinin jurnalistlərindən və əməkdaşlarından bir qrupuna uzun illər qəzetdə səmərəli fəaliyyətinə görə qəzetin redaktoru Həbib Həsənov, məsul katibi İsrafil Məmmədov, qəzetin keçmiş redaktoru Cəfər Vəlibəyov, şöbə müdiri Rza Əsgərov Əməkdar jurnalist adına layiq görülmüş, şöbə müdiri Əsgər Əsgərov, şöbə müdiri Cəlil Hüseynov, şöbə müdiri Tofiq Məmmədov, xüsusi müxbirlər Abdulla İbrahimov, Dadaş Orucəliyev, böyük ədəbi işçi Sabirə Qurbanova, korrektor Məmməd Əkbərov, linotipçi Məhərrəm Sultanov, makinaçı Laləzar Novruzova isə fəxri fərmanla təltif edilmişdilər.
XX əsrin 30-cu illərində bir müddət qəzetin redaksiyasında işləmiş, sonralar isə uzun müddət qəzetin redaktoru vəzifəsində çalışmış Cəfər Vəlibəyov qəzetdə dərc edilmiş “Qardaşlıq rəmzi” adlı məqaləsində bu mətbu orqana verilən ictimai dəyəri bu fikirləri ilə belə yekunlaşdırır: “Sənin qəzetinin, onun qəzetinin, mənim qəzetimin, hamının sevdiyi qəzetin 50 illik yubileyi ərəfəsində “Şərəf nişanı” ordeni ilə təltif edilməsi, onun yarıməsrlik işinə verilən ən yüksək qiymətdir”
Maraqlı faktlardan biri də Azətbaycanın görkəmli şair və yazıçılarının, elm xadimlərinin, tanınmış ziyalılarının qəzetə göndərdiyi təbrik məktublarıdır. Qəzetin yubileyi münasibəti ilə buraxılmış xüsusi nömrəsində Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun “Yaşa və çiçəkləri”, yazıçı Nurəddin Babayevin “Ürəkdən-ürəyə”, Xalq şairləri Məmməd Rahimin “Dostluq gülzarında”, Süleyman Rüstəmin “Söz gülüstanı” başlığı ilə dərc olunmuş təbrik məktublarında bu mətbu orqanın 50 ildə keçdiyi şərəfli yola qiymət verərək “Sovet Ermənistanı” qəzetinin nəinki Qərbi Azərbaycanda, eyni zamanda regionda milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin təbliğində və inkişafında böyük rol oyandığını yüksək dəyərləndirmişlər. Xalq şairi Süleyman Rüstəmin “Sovet Ermənistanı” qəzetinə ithaf etdiyi şeir də maraq doğurur.
Salam, dostum “Sovet Ermənistanı”,
Sən həmişə bu döyünən ürəyimdəsən.
Doğru olar desəm sənə söz gülüstanı,
Bu şöhrəti qazanmısan zəhmətinlə sən.
Yazıçı Nurəddin Babayev ömrünün 50-ci müdrik çağını yaşayan qəzetə təbrikini belə təsvir edərək yazır: “Sovet Ermənistanı”nın səhifələrində çıxış etmək, belə bir şən gündə sizi və sizin sevimli qəzetinizi təbrik etmək mənim üçün xoşdur. Ona görə xoşdur ki, mən hər şeydən əvvəl qəzetçiyəm. Qəzet mənim üçün bir günlük ömrü olan adi kağız parçası deyildir. Mənim əqidəmə görə qəzet oxucu üçün tədbirli bir dost, tələbkar bir müəllim, mehriban bir müsahib, ağıllı bir məsləhətçidir. Elə bu səbəbdən də həmişə qəzetdən söz düşəndə mən onu bir insana bənzədirəm. Qəzet də insan kimi günlərin bir günündə doğulur, yaşayır, kamala dolur. Onun həqiqi və şirin sözü səni valeh edir, tənqidi və məzəmməti səni düşündürür!.
“Sovet Ermənistanı” qəzetinin Azərbaycanda yaşayan oxucuları ona adi bir respublika qəzeti kimi baxırlar. Ermənistanda yaşayan azərbaycanlı zəhmətkeşlərin iqtisadi və mədəni cəbhədəki bütün qələbələrindən “Sovet Ermənistanı” vasitəslə xəbər tuturuq. “Sovet Ermənistanı” qəzetinin 50 illik bayramı bizim də bayramımızdır. Məhz Azərbaycan jurnalistləri adından sevimli qəzetimizi, onun oxucularını təbrik edərkən demək istərdik ki, əlli yaş qəzet üçün kamillik dövrüdür. O, hər bir dövrdə, hər bir zamanda ən gözəl arzu və istəklərinin tərcümanı kimi yaşasın, var olsun”.
İrəvanda yaşayıb-yaradan, ədəbi-mədəni mühitin aparıcı simalarından olan şair, ictimai xadim, vaxtilə qəzetdə ədəbi işçi kimi çalışan Hidayət “Sovet Ermənistanı” qəzetinin əlli illik yubileyinə ithaf etdiyi “Sənin ömrün” adlı şeirində bu mətbuat orqanının keçdiyi keşməkeşli yola poetik təsvir verməklə həm də bu barədə aydın təsəvvür yaradır.
“Qızıl şəfəq” boylananda üfüqlərdən yurdumuza,
Ulduz-ulduz doğulmusan.
“Rəncbər” dərdli, “Zəngi” səsli
Bəstəkarım sən olmusan.
Sənin eşqin, sənin ömrün daim gənclik yaşındadır!
Sənin ömrün mübarizlər sırasında!
Sənin ömrün bir az kədər, bir az qəzəb –
İllər ötür, dəyişirik nəsil-nəsil,
Sən qalırsan.
Bir nəslin yox, neçə nəslin
Zəhmətini, əməlini, arzusunu, istəyini
Zaman-zaman yaşadırsan.
Əslində həmin dövrdə Hidayət “Rəncbər” dərdli, “Zəngi” səsli kimi dərin siyasi məna kəsb edən sözləri cəsarətlə şeirə gətirib, poetik ifadə vasitələrinə çevirmək tendensiyası hətta açıq mahiyyət kəsb edir. Həm də Hidayəti jurnalist kimi səciyyələndirən xüsusiyyətlərindən biri də bu idi ki, o, çoxlarının deyə bilmədiyi, görə bilmədiyi, deməyə cəsarəti çatmadığı fikirləri özünəməxsus müdriklik, mərdanəliklə ucadan deyə bilirdi. O, qəzetdə işlədiyi dövrdə hər zaman milli varlığımızın ən önəmli məsələlərini gündəmə gətirmişdir. Qəlbi xalqına xidmət amalı ilə döyünən gənc jurnalist “Sovet Ermənistanı” qəzetində əmək fəaliyyətinə başladığı gündən milli mətbuatımızın cəfakeşinə dönüb, onun keçdiyi yolu, onu yaradanların müqəddəs milli məramını öyrənməyə çalışmış, bu ənənələrdən bəhrələnərək onu jurnalistikada, mətbuatda yaşadırdı.
Tanınmış jurnalist, şair Əli Vəkilov “Mənim qəzetim” adlı şeiri ilə qəzetin 50 ildə qazandığı nailiyyətləri böyük iftixar hissi ilə bu günün və gələcəyin xoş xəbərli qaranquşu adlandırmışdır. Qəzetdə Qərbi Azərbaycanın ayrı-ayrı rayonlarından, müxtəlif idarə, müəssisə və təşkilatlarından, ziyalılar tərəfindən yubiley münasibəti ilə qəzetə təbrik məktubları göndərilmişdi.
1953-cü illərdə Bakıya köçmüş və burada yaşayıb-yaradan bir qrup İrəvan ziyalıları 1946-1947-ci illərdə qəzetin məsul redaktoru olmuş biologiya elmləri doktoru, professor Rəhim Allahverdiyev, 1940-cı illərdə qəzetin ədəbi işçisi və məsul katibi müavini vəzifəsində çalışmış filologiya elmləri doktoru, professor Mirəli Seyidov, 1954-cü illərdə qəzetin redkasiyasında təbliğat və təşviqat şöbəsində ədəbi işçi vəzifəsində işləmiş filologiya elmləri doktoru, professor Teymur Əhmədov, 1960-cı illərdə qəzetin Basarkeçər üzrə bölgə müxbiri işləmiş tarix elmləri doktoru, professor Səfiyar Musayev və başqaları öz doğma “Sovet Ermənistanı” qəzetini 50 illlik yubileyi münasibəti ilə təbrik edərək onun Qərbi Azərbaycanda Azərbaycan ictimai, ədəbi-mədəni mühitində oynadığı müstəsna rolunun əhəmiyyətini dəyərləndirərək yazırdılar: “Sevimli qəzetimiz, sən xalqımızın mənəvi həyatında, inkişafında iqtisadi və mədəni yüksəlişində çox böyük işlər görmüşsən. Sən Ermənistanda yaşayan azərbaycanlıların əmək qəhrəmanlıqlarının tərənnümçüsü, mənəvi tərəqqisinin bayraqdarı olmuşsan. Əziz qəzetimiz, biz əminik ki, sən bundan sonra da qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəksən. Doğma “Sovet Ermənistanı”mız, biz yarım əsrlik yubileyin günündə Bakıdan salam göndərir, sənə, sənin əməkdaşlarına, bizim köhnə qələm dostlarımıza, müxbirlərə, qəzetin bütün oxucularına yeni müvəffəqiyyətlər və can sağlığı arzulayırıq”. Ümumiyyətlə, qəzetin nəşri tarixinin araşdırıcıları üçün yubiley nömrələri ən böyük mənbədir.
“Sovet Ermənistanı” qəzetində uzun illər çalışan, istedadlı jurnalist, bu mətbu orqanın veteranlarından olan Lətif Hüseynov “Qəzetə bağlı ömür”, Ermənistan Ali Sovetinin deputatı olmuş Qənirə Zeynalova “Dostluğun aynası”, qəzetin oxucusu Mustafa Xəlilov “Xoş xəbərlər müjdəçisi”, əmək veteranı Əsgər İbrahimovun “İlk günlərdən oxuyuram” adlı məqalələrində 60 il ərzində qəzetə verdikləri qiymətlə həyatımızın güzgüsü sayılan bu mətbu orqana olan istək və arzularını ifadə etmişlər. Qərbi Azərbaycanda ədəbi mühitin tanınmış nümayəndələrindən olan, sisianlı şair Rəhim Əliyevin “Sovet Ermənistanı” qəzetinin 60 illik yubileyinə həsr etdiyi şeir də maraq doğurur:
Səsisən, nəğməsisən bəstəkarın, şairin,
Doğmasan hamımıza, söhbəti, sözü şirin.
Səndən öyrəndiyimiz saya-hesaba sığmaz,
Altmış il yazdıqların min-min kitaba sığmaz.
Çörək, su kimi vacib səni hər gün alırıq,
Bir azca gecikəndə intizarda qalırıq.
Bu mənada, görkəmli akademik Budaq Budaqov “Sovet Ermənistanı” qəzeti ilə bağlı müsahibələrinin birində yazırdı: “Sovet Ermənistanı” ilə dostluğum məktəb yaşlarından başlayır. Poçtalyonun yoluna çıxdığım o günləri yaxşı xatırlayıram. Aspirant olduğum vaxtlarda onun səhifələrində müxtəlif səpkili yazılarım dərc olunub. “Sovet Ermənistanı” mənim ən çox sevdiyim mətbuat orqanlarındandır”.
Bu qəzetin adı “Sovet Ermənistanı” olsa da, amalı xalqına, soydaşlarımıza sədaqətlə xidmət idi. Belə siqlətinə görə idi ki, bu qəzeti Qərbi Azərbaycanda hamı sevirdi. Bütün oxucular onu hər gün səbirsizliklə gözləyirdilər. Onun redaksiyasında çalışmaq arzusunda olanlar isə saysız-hesabsız idi.
“Sovet Ermənistanı” qəzetinin rəsmi dövlət orqanı olmasına baxmayaraq, Qərbi Azərbaycanda ədəbi-mədəni mühitin işıqlandırılmasına həmişə xüsusi diqqət yetirmişdir. Qeyd etmək lazımdır ki, “Sovet Ermənistanı” qəzeti Qərbi Azərbaycanda yaşayıb-yaradan, ədəbiyyata, incəsənətə maraq göstərən həvəskarlar üçün bir növ “Ədəbiyyat və incəsənət” qəzetinin funksiyasını həyata keçirmişdir. Qərbi Azərbaycanda yeni meydana gələn gənc ədəbi qüvvələrin üzə çıxarılmasında, onların yaradıcılıq imkanlarının daha da genişləndirilməsi və istiqamətləndirilməsində “Sovet Ermənistanı” qəzetinin mühüm xidmətləri olmuşdur. Qəzetin “Ədəbiyyat” səhifəsi, “Oxucularımızın yaradıcılığı”, “İstirahət saatlarında” rubrikaları Qərbi Azərbaycanda Azərbaycan ədəbi mühitinin canlanmasına ciddi təsir göstərmişdir. Müharibədən sonrakı dövrdə, xüsusən də XX əsrin 50-ci illərinin ikinici yarısından sonra “Sovet Ermənistanı” qəzetində ədəbiyyat və incəsənət məsələlərinə diqqət daha da artırılmışdır. Bu, Həbib Həsənovun qəzetə redaktorluq və yazıçı Əkbər İrəvanlının qəzetin ədəbi şöbəsinə başçılıq etdiyi illərdə daha çox nəzərə çarpır. Tarixin müxtəlif mərhələlərində “Sovet Ermənistanı” qəzetinin ətraflı xüsusi ədəbi mühit formalaşmışdır. Redaksiya nəzdində ədəbiyyat dərnəkləri və birliklərinin fəaliyyət göstərməsi, qəzetin müxtəlif ədəbi janrlar sahəsində müsabiqələr təşkil etməsi, yaradıcılıqla bağlı müzakirələrə geniş yer ayırması, dəyirmi ədəbi masaların təşkili yaxşı mənada Ermənistan Yazıçılar İttifaqının azərbaycanlı bölməsinin də funksiyalarını bərabər şəkildə öz üzərinə götürdüyünü göstərir. Qərbi Azərbaycanda yaşayıb-yaradan şair və yazıçıların əsas xirabə kürsüsü “Sovet Ermənistanı” olmuşdur. “Sovet Ermənistanı” qəzeti Qərbi Azərbaycanda formalaşan gənc ədəbi qüvvələrin ilkin yaradıcılıq məktəbi olmuşdur. Yaradıcı gənclər “Sovet Ermənistanı” qəzeti səhifələrində çap oluna-oluna püxtələşmiş və ədəbi mühitin parlaq nümayəndələrinə çevrilmişdilər. XX əsrin 60-70-ci illərində Qərbi Azərbaycanda yaşayıb-yaradan şair və yazıçıların böyük bir dəstəsi Qəşəm Aslanov, İsmixan Məmmədov, Məcnun Göyçəli (Basarkeçər), Eldar İsmayıl, Abbas Vəfadağlı, Əhməd Paşayev, Zəki İslam (Çəmbərək), Şura Dilbazov, Səməd Sarallı (Böyük Qarakilsə), Vəli Seyidov, Bilal Ənsər (Noyemberyan), Musa Bağırov (Vedi), Aydın Uluxanlı (Zəngibasar), Məsim Məsimov, Ləman Məmmədov, Füzuli Həsənov (Meğri), Lətif Səmədov (Vedi), Alyoşa Bayramov, Firuz Novruzov, Aftandil Ağbabalı, Rafiq Musa, Məcnun Şabanov (Amasiya), Ramiz Məşədiyev (İrəvan), Mənsurə Həsənova, Surxay Şahquliyev, Dünyamalı Məftun (Qafan), Aydın Yəhyayev, Fərhad Vəlizadə (İcevan) və başqaları üçün “Sovet Ermənistanı” qəzeti sözün əsl mənasında ədəbiyyat məktəbi olmuşdur.
Görkəmli ictimai xadimlər Hidayət Orucov, Rəhim Allahverdiyev, Həbib Həsənov, Məhərrəm Bayramov, İsrafil Məmmədov, İbiş Abbasov, Səfiyar Musayev, Eldar Səfərov, Babək Məmmədov, Cahangir Əliyev, tanınmış ədəbiyyatşünas alimlər Teymur Əhmədov, Mirəli Seyidov, Əkbər İrəvanlı, Sadıq Şükürov, tarix elmləri doktoru, professor Sabir Əsədov və başqaları “Sovet Ermənistanı” qəzetindən böyük ictimai, elmi mühitə vəsiqə almışlar. Tanınmış jurnalistlər Mənzərə Sadıqova, Lətif Hüseynov, Bəxtiyar Səttaroğlu, Salman Vilayətoğlu, Rza Əsgərov, Hüseyn Nəcəfov, Tofiq Məmmədov, Nüsrət Sadıqov, Abdulla İbrahimov, Allahyar Rəhimov, Kazım Novruzov, Cəlil Hüseynov, Ziyəddin Sultanov, Kərəm Həbibov, Vidadi Quliyev, Şaban Nəcəfov və başqaları “Sovet Ermənistanı” məktəbinin mühitində yetişib formalaşmışlar. Qəzetin ahəngdar fəaliyyət göstərməsində qadın müxbirlərdən Rübabə Babayeva, Mənzərə Sadıqova, Leyli Əliyeva, Sabirə Qurbanova, Tovuz Əliyeva, Elmira Qafarova, texniki işçilərdən Lətifə Əliyeva, Şamama Məmmədova, Əntiqə Əliyeva, Kifayət Həsənova, Laləzar Əliyeva və başqaları mühün rol oynamış və onların da əməyi yüksək qiymətləndirilməlidir. Qəzetdə müxtəlif imzalara da rasr gəlmək mümkündür. Bu fakt bir daha təsdiqləyir ki, qəzetlə əməkdaşlıq edən Ramiz Məşədiyev, Qurban Əzizov, Fərhad İsgəndərov, Səməd Əsgərov, Firuz Kazımov, Mirzə Yusifov, Hüseyn Həsənov, Məsim Şəmsiyev və adlarını qeyd etmədiyimiz onlarla yaradıcı insanlar bu mərbuat orqanını yaşatmaq arzusunu gerçəkləşdirən qüvvələrə çevrilmişdilər.
“Sovet Ermənistanı” qəzetində yazılar çoxşaxəli, müxtəlif məzmunlu idi. Azərbaycanda yaşayıb-yaradan şair və yazıçılar, elm, incəsənət, ictimai-siyasi xadimlər, rəhbər vəzifələrdə çalışan məmurlar da “Sovet Ermənistanı” qəzeti ilə əməkdaşlıq edirdilər. Qəzetdə dərc olunan şair və yazıçılardan Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Gülhüseyn Hüseynoğlu, Mirvarid Dilbazi, Qasım Qasımzadə, Nəbi Xəzri, Rəsul Rza, Xəlil Rza, Nigar Rəfibəyli, İlyas Əfəndiyev, Cabir Novruz, Qabil, Mehdi Hüseyn, Zeynal Xəlil, Şəmşad Rza, Əliağa Kürçaylı, Hüseyn Razi, Müzəffər Nəsirli və onlarla başqalarının adlarını çəkə bilərik. Görkəmli ədəbiyyatşünas alimlərdən Kamal Talıbzadə, Mikayıl Rəfili, Həmid Araslı, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Əkbər İrəvanlı, Kövsər Tarverdiyeva, Pənah Xəlilov, Cəlal Abdullayev, Bağır Bağırov, İnayət Bektaşi və başqaları “Sovet Ermənistanı” qəzetində mövcud dövr ədəbiyyatın qarşısında duran problemlərdən, yazıçı və şairlərimizin yaradıcılığından bəhs edən dəyərli məqalələrlə çıxış etmişlər.
“Sovet Ermənistanı” qəzeti incəsənət məsələlərinə, mədəniyyət tədbirlərinin daim işıqlandırılmasına xüsusi diqqət yetirmişdir.
Müxtəlif illərdə mədəniyyət və incəsənət xadimlərindən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Şövkət Ələkbərova, Qulu Əsgərov, Sara Qədimova, Firəngiz Əhmədova, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Cövdət Hacıyev, Səyavuş Aslan, Nəsibə Zeynalova və başqalarının İrəvana etdikləri qastrol səfərləri qəzetin səhifələrində işıqlandırılmışdır. Ümumiyyətlə, Azərbaycan ziyalılarının görkəmli nümayəndələrinin, elm və incəsənət xadimlərinin əksəriyyətinin İrəvana etdikləri səfərləri və onların hər gəlişi və görüşlərini “Sovet Ermənistanı” qəzeti böyük şövqlə işıqlandırırdı. Azərbaycan ziyalılarının, sənət adamlarının hər gəlişi nəinki İrəvan ədəbi ictimaiyyətində, sadə azərbaycanlılarda belə böyük maraq doğurduğundan hər bir görüş böyük bir izdihama çevrilirdi. Müxtəlif illərdə İrəvanda səfərdə olmuş Azərbaycanın ədəbiyyatı, mədəniyyəti və incəsənətinin görkəmli nümayəndələrindən Məmməd Rahim, Novruz Gəncəli, Məmməd Aslan, Xəlil Rza, Cavad Cavadlı, Xalidə Hasilova, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Aybəniz Vəkilova, Bəkir Nəbiyev, Cövdət Hacıyev, Lütfiyar İmanov, Sara Qədimova və onlarla başqaları “Sovet Ermənistanı” qəzeti redaksiyasının qonağı olmuş, maraqlı söhbətlər və müzakirələr aparmışdılar. Qəzet Azərbaycanda yaşayan ziyalılar arasında ünsiyyət yaranmasında, ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynamışdır. Bir sözlə, “Sovet Ermənistanı” qəzeti Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların mədəniyyət mərkəzinə, ziyalıların baş qərargahına çevrilmişdir.
Bununla yanaşı, müxtəlif dövrlərdə ayrı-ayrı adlarla nəşr olunan “Sovet Ermənistanı” qəzeti Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların hüquqlarının qorunmasında, onların qarşılaşdıqları problemlərin həll edilməsində çox böyük rol oynamış, bir növ soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni mərkəzinə çevrilmişdir.
Bir sıra problemlərə, maneələrə baxmayaraq, müxtəlif illərdə “Sovet Ermənistanı” qəzetinə redaktor funksiyasını yerinəyetirmiş Cəfər Vəlibəyov (1939-1945); 1947; 1949-1959), Salman Rəhimov (1942), Rəhim Allahverdiyev (1945-1947), Rza Vəlibəyov (1948-1949), Həbib Həsənov (1960-1973), Məhərrəm Bayramov (1974-1981), Cahangir Əliyev (1982-1984), Zərbəli Qurbanov (1985-1989), İsrafil Məmmədovun (1988-1989), hər birinin özünəməxsus xidməti bu gün də böyük minnətdarlıqla yad edilir.
1989-cu ilə qədər fəaliyyət göstərən, erməni şovinizmi əhatəsində son dərəcə gərgin, mübariz tarixi bir yol keçmiş, Azərbaycan milli mətbuatı tarixində parlaq bir səhifə təşkil edən “Sovet Ermənistanı” qəzeti siyasi təbliğatçılıq funksiyasından daha çox Qərbi Azərbaycanda xalqımızın milli maraqlarının ifadə olunmasına uğurla xidmət göstərmişdir.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent