29 may 2025 11:05
163

Yardımlıya diametri 11 millimetr olan dolu düşüb

Milli Hidrometeorologiya Xidməti mayın 29-u saat 10:00-a olan faktiki hava barədə məlumatı açıqlayıb.

“İki sahil” xəbər verir ki,  Xidmətdən verilən məlumata görə, hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Beylaqanda 5, Lerik, Cəfərxan, Şahbuz, Daşkəsən, Gəncə, Gədəbəy, Ceyrançöl, Ağstafa, Tovuz, Tərtər, Zərdab, İmişli, Sabirabad, Cəlilabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 2 millimetrdir.

Bir sıra ərazilərdə şərq küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 28, Culfada 26, Sabirabadda 20, Goranboyda 19, Naftalan və Şahbuzda 18, Şəki və Kürdəmirdə saniyədə 15 metrədək güclənib.

Mayın 28-i saat 21:30-21:32 radələrində Yardımlı rayonuna diametri 11 millimetr olan dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 31, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti qeydə alınıb.