29 may 2025 23:44
352

Konstitusiya milli suverenliyimizin ən möhkəm dayağıdır

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması təkcə simvolik deyil, dərin siyasi-hüquqi və tarixi məna daşıyan bir hadisədir. Bu qərar müasir Azərbaycan dövlətçiliyinin formalaşma mərhələlərinə, suverenliyin bərpası və möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlara, eləcə də hüquqi dövlət quruculuğunda Konstitusiyanın oynadığı rola nəzər salmağı zəruri edir. Ərazi bütövlüyünün təmin olunması, suverenliyin tam bərpası  və milli Konstitusiyanın qəbulunun 30 illiyi  kontekstində bu il həm də tarixi yaddaşın dirçəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məhz bu məsələlər ətrafında fikir mübadiləsi etmək üçün AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva ilə həmsöhbət olduq. Müsahibimiz konstitusiya quruculuğu tarixindən başlayaraq, müstəqillik illərində baş verən hüquqi-siyasi proseslərə, suverenlik anlayışının inkişaf mərhələlərinə və gənc nəslin dövlətçilik şüurunun formalaşmasında tarixçilərin üzərinə düşən vəzifələrə dair dəyərli fikirlərini bölüşdü.

-  Günel xanım, “Konstitusiya və Suverenlik İli” özündə hansı çağırışları ehtiva edir? Sizcə, bu qərarın tarixi əsasları nədən ibarətdir?

-  2025-ci il Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələlərin ildönümləri ilə üst-üstə düşür. Bu il Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümüdür. Digər tərəfdən, 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması ilə ərazi bütövlüyümüz bərpa edildi, 2023-cü ildə isə tam suverenliyimiz təmin olundu – yəni ölkəmizin hər bir guşəsində dövlət hakimiyyətinin tam tətbiqi və hüquqi rejimin bərpası gerçəkləşdi.

Məhz bu tarixi dönüş nöqtələrini və onların dövlətçilik baxımından əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan olundu. Bu qərar yalnız yubileylərin qeyd olunması məqsədi daşımır. Eyni zamanda, dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi düşüncənin inkişafı, milli suverenliyin mahiyyətinin cəmiyyətə daha dərindən çatdırılması və gələcək nəsillərə ötürülməsi kimi strateji çağırışları da əhatə edir.

Beləliklə, bu il həm tariximizin mühüm hadisələrinin xatırlanması, həm də hüquqi və siyasi şüurun möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır.

-  Azərbaycanın ilk Konstitusiya sənədi kimi 1918-ci il İstiqlal Bəyannaməsinin bu günümüz üçün əhəmiyyəti nədən ibarətdir?

-  Azərbaycanın konstitusiya quruculuğu tarixinin başlanğıcı məhz 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. Həmin dövrdə Cümhuriyyət rəhbərliyi müxtəlif hüquqi və siyasi aktlar qəbul etmişdi ki, bunların bir çoxu Konstitusiya xarakterli idi. Ən önəmlisi isə, şübhəsiz, 28 may 1918-ci ildə qəbul olunmuş İstiqlal Bəyannaməsidir. Bu sənəd Azərbaycanın ilk müstəqil dövlət statusunu rəsmiləşdirməklə yanaşı, milli suverenlik, xalq hakimiyyəti, hüquqi bərabərlik, dini və milli azlıqların hüquqlarının qorunması kimi prinsipləri ehtiva edirdi.

Həmin dövrdə tam həcmli Konstitusiya layihəsi üzərində də iş aparılırdı, parlament fəaliyyətdə idi, seçki sistemi formalaşdırılırdı. Lakin məlum tarixi səbəblərə görə — Cümhuriyyətin yalnız 23 ay mövcud olması və bolşevik işğalı nəticəsində bu layihələr tam reallaşdırıla bilmədi.

Buna baxmayaraq, İstiqlal Bəyannaməsi və digər hüquqi aktlar müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi-fəlsəfi təməlini qoydu və müasir Azərbaycan Respublikasının Konstitusiya quruculuğunun ideya başlanğıc nöqtəsi kimi dəyərləndirilə bilər. Bu baxımdan, 1918-ci il İstiqlal Bəyannaməsi bu gün də milli hüquqi düşüncəmiz və dövlətçilik ənənəmiz üçün böyük əhəmiyyət daşıyır.

-  Suverenlik anlayışının tarixi inkişafı Azərbaycanda hansı mərhələlərdən keçib?

-  Azərbaycan Respublikasının müstəqilliyi 1991-ci ildə bərpa olunsa da, o dövrdə suverenliyin tam mənada təmin olunması mümkün deyildi. Həm daxili, həm də xarici amillər bu prosesi əngəlləyirdi. Xarici təhdidlər sırasında, ilk növbədə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsini qeyd etmək lazımdır. Eyni zamanda, ölkə daxilində baş verən siyasi böhran, vətəndaş qarşıdurmaları, idarəetmədə xaos və qeyri-sabitlik Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini ciddi şəkildə çətinləşdirirdi.

Bu gərgin və qeyri-sabit şəraitdə milli dövlət quruculuğuna, o cümlədən milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yox idi. Eyni zamanda, ölkənin ərazi bütövlüyü pozulmuşdu – torpaqlarımızın təxminən 20 faizi işğal altında idi və bu fakt suverenliyimizin real şəkildə məhdudlaşmasına gətirib çıxarmışdı.

Lakin 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olundu. Bu sənəd dövlət müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün əsas hüquqi təməlini təşkil edir. Konstitusiyanın qəbul olunması ilə hüquqi dövlət quruculuğu istiqamətində ciddi irəliləyiş baş verdi, dövlət hakimiyyətinin legitimliyi təmin olundu və gələcək inkişafın əsasları qoyuldu.

Müasir mərhələdə, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası kimi proseslər bir daha sübut etdi ki, Azərbaycan dövləti öz suverenliyini qorumaq və möhkəmləndirmək üçün Konstitusiyanın prinsiplərini əsas hüquqi baza kimi götürür. Beləliklə, suverenliyin tam bərpası və möhkəmləndirilməsi Azərbaycan Konstitusiyasının hüquqi çərçivəsində və onun prinsipləri əsasında həyata keçirilmişdir.

-  Günel xanım, müstəqil dövlətçilik tariximizdə Konstitusiyanın rolu hansı dövrlərdə daha həlledici olub?

-  Azərbaycanın Konstitusiya tarixində bir neçə mühüm mərhələ var ki, bu dövrlərdə qəbul edilən hüquqi sənədlər dövlətçiliyin formalaşmasında və möhkəmləndirilməsində həlledici rol oynamışdır. Bu baxımdan, 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası və 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası xüsusi əhəmiyyət daşıyır.

1978-ci ildə qəbul olunan və Azərbaycan SSR-in dördüncü Konstitusiyası hesab olunan bu sənədin hazırlanması üzrə komissiyaya  Ulu Öndər Heydər Əliyev rəhbərlik edirdi. Bu Konstitusiyada ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi təsbit olundu ki, bu da milli kimliyin qorunması və inkişaf etdirilməsi baxımından mühüm addım idi. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə totalitar Sovet  refiminin qadağalarına baxmayaraq, bu müddəa sənədə salınmış, ardınca Azərbaycanda ana dilində təhsilin, mədəniyyətin və ictimai həyatın genişlənməsi üçün zəmin yaradılmışdı.

Lakin Azərbaycan dövlətçiliyinin tam suveren əsaslar üzərində qurulması 1991-ci ildə müstəqilliyin bərpasından sonra mümkün oldu. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk olaraq ölkədə siyasi sabitliyin təmin olunmasına nail oldu. Atəşkəs razılaşması əldə edildi, “Əsrin müqaviləsi” kimi strateji iqtisadi layihələr reallaşdırıldı, dövlət çevrilişinə cəhdlərin qarşısı alındı. Bütün bu addımların davamı olaraq, hüquqi əsasların yaradılması gündəmə gəldi və 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının layihəsi hazırlanmağa başlandı.

Konstitusiyanın hazırlanması üzrə Dövlət Komissiyasına yenidən Ümummilli Lider Heydər Əliyev rəhbərlik edirdi. Bu dəfə Azərbaycan müstəqil dövlət idi və qarşıda duran məqsədlər fərqli idi. Konstitusiyanın əsasını azərbaycançılıq ideologiyası, hüquqi dövlət prinsipləri və beynəlxalq standartlara uyğun demokratik təsisatların formalaşdırılması təşkil edirdi. Ana dilinin “Azərbaycan dili” adlandırılması ilə bağlı gedən ictimai müzakirələr zamanı Heydər Əliyev xüsusi mövqe ortaya qoyaraq təkidlə bu dilin adının milli kimliyimizi ifadə edən “Azərbaycan dili” olmalı olduğunu bildirir.

1995-ci il Konstitusiyası geniş ictimai müzakirəyə çıxarıldı və ümumxalq səsverməsi referendumla qəbul olundu. Bu, xalqın iradəsinə söykənən ilk milli Əsas Qanun olaraq dövlətçiliyimizin hüquqi-siyasi bünövrəsini müəyyənləşdirdi. Sonrakı dövrlərdə, 2002-ci ildə keçirilmiş referendum vasitəsilə Konstitusiyaya bir sıra mühüm dəyişikliklər edildi. Bu dəyişikliklərdən biri də seçki sisteminə dair idi – proporsional və majoritar sistemin birgə tətbiqindən imtina edilərək tam majoritar sistemə keçid baş verdi. Bu addım daxili siyasi sabitliyin möhkəmləndirilməsi məqsədilə atılmışdı. Çünki proporsional sistemin ortaya qoyduğu partiya rəqabəti müəyyən mənada qeyri-sabitlik riski yaradırdı.

Beləliklə, həm 1978-ci, həm də 1995-ci illərdə qəbul olunmuş konstitusiyalar Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, xüsusilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və siyasi iradəsi bu sənədlərin həm məzmununa, həm də ruhuna milli ideologiyanın və sabit dövlət quruculuğunun mühüm elementlərini daxil etmişdir.

-  Sizcə, tarix elmi baxımından suverenliyin itirilməsi və daha sonra bərpası Azərbaycan cəmiyyətində necə iz buraxıb?

-  Azərbaycan tarixində suverenliyin itirilməsi və yenidən bərpası xalqımızın yaddaşında silinməz izlər buraxmış, ictimai şüurda dərin dönüşlər yaratmış hadisələr kimi qiymətləndirilir. 1990-cı illərin əvvəllərində müstəqillik yenicə bərpa olunsa da, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkənin ərazi bütövlüyü pozulmuş, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal altına düşmüşdü. Bu, yalnız dövlət sərhədlərinin deyil, eyni zamanda, milli qürurun, suveren iradənin və hüquqi hakimiyyətin də zədələnməsi demək idi. Suverenliyin qismən məhdudlaşdırıldığı bu dövr Azərbaycan cəmiyyətində dərin psixoloji və sosial travmalara yol açdı. Məcburi köçkünlük, milli ləyaqətin tapdanması və ədalətsiz beynəlxalq münasibətlər sistemi xalqın şüurunda ədalətin gec də olsa bərpa olunacağına dair bir ümid və əzm formalaşdırdı.

Bu ümid Vətən müharibəsində və  lokal antiterror tədbirləri nəticəsində reallığa çevrildi. Bu hadisələr tarixi ədalətin bərpa olunması ilə yanaşı, cəmiyyətin mənəvi reabilitasiyasını da şərtləndirdi.

Azərbaycan cəmiyyəti bu nailiyyətləri böyük qürur və fərəh hissi ilə qarşıladı. Suverenliyin bərpası xalqın milli kimlik duyğusunu daha da gücləndirdi, kollektiv özünüdərkin, vətəndaş həmrəyliyinin və dövlətçilik şüurunun artmasına səbəb oldu. Artıq Azərbaycan xalqı özünü qalib və ləyaqətli bir xalq kimi hiss edir, istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə başı uca gəzir. Uzun illər boyu ictimai şüurda daşınan “işğal altındakı torpaq” yarası sağaldı, “məğlub xalq” damğası tarixin arxivinə göndərildi.

Tarix elmi baxımından bu proseslər suverenliyin yalnız siyasi-hüquqi anlamda deyil, həm də dərin sosial-mədəni və psixoloji kontekstdə dəyərləndirilməsinin vacibliyini göstərdi. Azərbaycanın suverenliyinin bərpası təkcə torpaqların azad olunması ilə yekunlaşmadı – bu, həm də milli şüurun azadlığı, dövlətçiliyin bərpası və xalqın öz taleyinə sahib çıxmasının real təcəssümüdür.

-  Konstitusiya hüququ və tarix elmi arasında hansı əlaqəni xüsusilə önəmli hesab edirsiniz?

-  Tarix elmi ilə Konstitusiya hüququ arasında sıx və qarşılıqlı əlaqə mövcuddur. Bu iki sahə biri-birini tamamlayır. Xüsusən də dövlət quruculuğunun tarixi, hüquqi əsaslarının formalaşdırılması və inkişaf dinamikasının təhlilində bir-birini zəruri şəkildə dəstəkləyir. Tarix elmi Konstitusiya quruculuğunun mərhələlərini, bu proseslərə təsir edən daxili və xarici amilləri öyrənir, Konstitusiya islahatlarının hansı ictimai-siyasi kontekstdə həyata keçirildiyini müəyyənləşdirir. Konstitusiya hüququ isə bu tarixi proseslərin hüquqi mexanizmlərini sistemləşdirir və tətbiq edir.

Məsələn, 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiya müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyənləşdirdi. Lakin zamanla cəmiyyətin inkişafı, beynəlxalq siyasi mühitin dəyişməsi və qlobal çağırışlar fonunda müxtəlif dövrlərdə Konstitusiya dəyişikliklərinə ehtiyac yarandı. 2002, 2009, 2016-cı illərdə keçirilən referendumlar, eləcə də 2007 və 2020-ci illərdə həyata keçirilmiş mühüm dəyişikliklər bu baxımdan diqqətəlayiqdir. Bu dəyişikliklər sırasında Prezidentin səlahiyyət müddətinin artırılması, yeni institutların yaradılması və dövlət idarəçiliyində çevik mexanizmlərin tətbiqi məqsədi daşıyan müddəalar ön planda idi. Bu təkcə daxili siyasi zərurət deyil, həm də dünyada baş verən siyasi-hüquqi tendensiyalara adekvat cavab idi.

Tarixçi olaraq bizim vəzifəmiz bu dəyişikliklərin arxasında duran səbəbləri anlamaq və onları dövrün siyasi reallıqları, beynəlxalq təcrübə və qlobal çağırışlar kontekstində təhlil etməkdir. Məsələn, 2007-ci ildə Azərbaycanda Prezidentin səlahiyyət müddətinin artırılması dünya təcrübəsinə əsaslanırdı. ABŞ-da, Böyük Britaniyada və digər böyük dövlətlərdə ali icra hakimiyyəti orqanlarının fəaliyyət müddətinə dair çevik mexanizmlər mövcuddur. Bəzən bu cür dəyişikliklər siyasi sabitliyi qorumaq və dövlətin strateji maraqlarını təmin etmək məqsədilə zəruri olur. Məsələn, Türkiyədə 2017-ci ildə, Rusiyada 2020-ci ildə, Çində isə 2018-ci ildə analoji Konstitusiya islahatları aparılmışdır.

Konstitusiya hüququ və tarix elmi birlikdə işləməklə bu islahatların səbəblərini, məqsədlərini və nəticələrini daha obyektiv və elmi şəkildə izah edə bilir. Tarixdən dərs çıxarmaq və onu hüquqi mexanizmlərlə birləşdirmək milli dövlətçilik üçün vacibdir. Yəni, bu iki sahənin əməkdaşlığı həm keçmişi anlamağa, həm də gələcək üçün strateji qərarların qəbuluna əsaslı zəmin yaradır.

-  Günel xanım, tarixçilər gənc nəsildə Konstitusiya və dövlətçilik şüurunun formalaşmasına hansı töhfələri verə bilərlər?

-  Tarixçilər gənc nəslin Konstitusiya və dövlətçilik şüurunun formalaşmasında əvəzsiz rol oynaya bilərlər. Tarixin tədrisi təkcə keçmişin faktlarını öyrətməkdən ibarət deyil – o, həm də milli kimliyi, vətəndaş məsuliyyətini, hüquq və azadlıqların mahiyyətini izah etməklə, gələcəyin məsuliyyətli vətandaşlarının yetişdirilməsinə xidmət edir. Tarixçilərin vəzifəsi yalnız hadisələri sadalamaq deyil, eyni zamanda, bu hadisələrin milli dövlətçiliyə, suverenliyə və hüquqi sistemə təsirini təhlil etmək və bu bilikləri gənc nəslə aşılamaqdır.

Tarixi dərindən bilmək, baş vermiş faciələrin, işğalların, suverenliyin itirilməsi və bərpası kimi hadisələrin səbəb və nəticələrini dərk etmək gənclərdə həm hüquqi şüurun, həm də vətənpərvərlik hissinin formalaşması üçün mühüm zəmin yaradır. Tarix təkrarlana bilər və məhz bu səbəbdən gənclər tarixdən dərs çıxarmalı, keçmişin acı təcrübələrini unutmamalı və gələcəyi daha möhkəm təməllər üzərində qurmağa çalışmalıdırlar.

Azərbaycanda 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərən gənclərimizin irsi bu günün və gələcəyin nəsilləri üçün örnək olmalıdır. Gənc nəslin bu qəhrəmanlıq nümunələrini tanıması, bu qələbənin hüquqi, tarixi və ideoloji əsaslarını anlaması, onları daha şüurlu və məsuliyyətli vətəndaş kimi formalaşdıracaq. Dövlət müstəqilliyi, ərazi bütövlüyü, suverenlik və Konstitusiya prinsipləri sadəcə anlayışlar yox, həm də real mübarizələrin nəticəsində əldə olunmuş dəyərlərdir. Bu dəyərləri qorumaq və inkişaf etdirmək isə gələcək nəsillərin üzərinə düşən ən mühüm vəzifədir.

Tarixçilər məktəblərdə və universitetlərdə gənclərlə birbaşa təmasda olan müəllimlər, alimlər, tədqiqatçılar kimi bu prosesə həm tədris, həm də tədqiqat istiqamətində töhfələr verə bilərlər. Tarixi faktların analizi əsasında Konstitusiya prinsiplərinin və dövlətçilik ənənələrinin formalaşması, onların hansı çətinliklər bahasına əldə olunduğunun göstərilməsi gənclərdə dövlətə və milli kimliyə bağlılıq hissini gücləndirir. Həmçinin tarixçilər informasiya müharibəsi dövründə gənclərə sağlam informasiya mənbələri təqdim etməklə, onları tarixi təhriflərdən qorumağa da yardım edə bilərlər.

Son nəticədə, tarixçilərin gənc nəslə verəcəyi ən böyük töhfə onların milli yaddaşını, hüquqi şüurunu və dövlətçilik təfəkkürünü formalaşdırmaqla bağlıdır. Dövlətçilik, suverenlik və Konstitusiyaya bağlılıq – bu dəyərlər keçmişin dərsləri və gələcəyin vədləri arasında qurulan körpüdür və bu körpünü möhkəmləndirən əsas sütunlardan biri məhz tarix elminin tədrisidir.

- Maraqlı müsahibə üçün təşəkkür edir, gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayırıq…

Nigar Orucova, “İki sahil”