30 may 2025 14:01
171

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq.

“İki sahil” xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Bələdiyyələrin statusu haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq. Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemidir.

Bələdiyyələrin vahid informasiya sistemindən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş həcmdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdiriləcək.

Təklif olunan digər dəyişikliyə əsasən, bələdiyyə bildirişləri elektron qaydada göndəriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.