Səhiyyə Nazirliyinin mobil klinikaları tərəfindən mayın 30-da Ağdərə rayonunun Suqovuşan kəndində yerli əhaliyə tibbi xidmətlər göstərilib.
“İki sahil” xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildirilib ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun müasir tibbi avadanlıqlarla təchiz olunan səyyar klinikaları vasitəsilə Suqovuşan kəndi, həmçinin Ağdərə rayonunun digər yaşayış məntəqələrinin sakinləri üçün ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı müayinələr aparılıb.
Səyyar klinikalarda pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimləri tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edilərək, döş qəfəsi orqanlarının flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin götürülməsi həyata keçirilib.
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Aksiya zamanı Suqovuşan kəndinin və Ağdərə rayonunun digər yaşayış məntəqələrinin 250-dək sakini müayinələrdən keçib.