30 may 2025 18:21
182

Anar Quliyev həmkarlarını Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumuna dəvət edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Keniyada müxtəlif ölkələrdən olan həmkarlarını bu ilin oktyabrında keçiriləcək 3-cü Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA) və 2026-cı ildə Bakıda baş tutacaq WUF13-də iştirak etməyə, yaşıl və dayanıqlı şəhər inkişafı ilə bağlı təcrübə mübadiləsinə qoşulmağa dəvət edib.

“İki sahil” bu barədə komitəyə istinadla xəbər verir.

Məlumata görə, onun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobiyə səfər edərək, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının İkinci Sessiyasına qatılıb.

Səfər çərçivəsində Komitə sədri və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) milli koordinatoru A. Quliyev 2026-cı ildə ölkəmizdə keçiriləcək WUF13-lə bağlı hazırlıq məsələləri, Forumda iştirak və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə UN-Habitat-ın icraçı direktoru və bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

UN-Habitat-ın icraçı direktoru xanım Anaklaudiya Rosbax və Bakı Davamlılıq Koalisiyasının üzvləri ilə görüşdə Koalisiyanın COP29-un başlamasından bu günə qədər əldə etdiyi irəliləyişlər diqqətə çatdırılıb. Xüsusilə “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” (MAP) təşəbbüsünə beynəlxalq dəstəyin artdığı və bu sənədin artıq 200-dən çox tərəfdaş, o cümlədən 54 milli hökumət, 100-dən çox şəhər və bir sıra beynəlxalq və regional təşkilatlar tərəfindən təsdiqləndiyi vurğulanıb. Həmçinin Koalisiyanın fəaliyyətinin institusionallaşdırılması, tərəfdaşlar şəbəkəsinin genişləndirilməsi və əsas beynəlxalq platformalara (COP30 və WUF13) hazırlıq istiqamətində atılacaq addımlar müzakirə edilib.

A. Quliyevin Nayrobidəki növbəti görüşü Malayziyanın Mənzil təminatı və yerli hökumət naziri Nqa Kor Minq ilə olub. Görüşdə davamlı və yaşanabilən şəhərlərin qurulması, ekoloji yanaşmaların tətbiqi, müasir şəhərsalma texnologiyaları və rəqəmsal idarəetmə sahəsində əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Çinin Mənzil və şəhər-kənd inkişafı nazirinin müavini cənab Jianquo Donq ilə keçirilən görüşdə isə tərəflər dayanıqlı şəhərsalma, “ağıllı şəhər” konsepsiyaları və ekoloji cəhətdən təmiz şəhərlərin inkişafı sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son rəsmi səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi, davamlı şəhər inkişafında əməkdaşlıq baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Səfər çərçivəsində Keniyanın Torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri xanım Elis Vahome ilə Komitə sədrinin görüşündə iki ölkə arasında mənzil təminatı, ekoloji cəhətdən təmiz, təhlükəsiz və dayanıqlı şəhərsalma sahəsində əməkdaşlığın perspektivlərinə dair məhsuldar müzakirələr aparılıb.

A. Quliyev İtaliya nümayəndə heyətinin rəhbəri, Ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Klaudio Barbaro ilə görüşündə Azərbaycanın COP29-da irəli sürdüyü “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsündə İtaliyanın verdiyi dəstəyi yüksək qiymətləndirib. Tərəflər Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna hazırlıq və sıx əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, mayın 29-30-da keçirilən sessiyada UN-Habitat-ın 2026-2029-cu illər üzrə Strateji Planı ilə yanaşı, rəqəmsal texnologiyaların sosial rifah naminə tətbiqini təşviq edən “İnsanyönümlü ağıllı şəhərlər” üzrə beynəlxalq təlimatın qəbul olunması nəzərdə tutulur. Tədbir çərçivəsində həmçinin mənzil təminatı məsələsinə həsr olunmuş “Hər kəs üçün layiqli mənzil” (“Adequate Housing for All”) mövzusunda yüksək səviyyəli dialoq və UN-Habitat Assambleyasının İcraiyyə Şurasına seçkilərin keçirilməsi planlaşdırılır.

Eyni zamanda tədbirdə təşkil olunan Azərbaycan stendi vasitəsilə WUF13 çərçivəsində gələcəyin şəhərlərinə dair planlar və müasir şəhərsalma prinsipləri ziyarətçilərə təqdim olunur.