03 iyun 2025 00:42
194

İran yeni texnologiyalarla yeni kəşflər hədəfə alıb

İranın Milli Neft Şirkətinin (NIOC) rəhbəri Həmid Bovard bunu İranda neft kəşfinin ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.

“Kəşfiyyat neft və qaz hasilatı zəncirinin ilk həlqəsidir” deyən Bovard neft sektorunda tarixi sənədlərin və arxivləşdirmənin zəruriliyini vurğulayıb. "İranın kəşfiyyat tarixi qürurlu və şanlıdır və mən inanıram ki, bu cür səylər NIOC çərçivəsində davam etdirilməli və gücləndirilməlidir", -deyə o, qeyd edib.

Bovard şist nefti kimi qeyri-ənənəvi ehtiyatların vacibliyini də vurğulayıb. "Loristanın şist neftinə ciddi diqqət yetirilməlidir" deyən Bovard böyük neft yataqlarına çıxışın getdikcə çətinləşdiyinə baxmayaraq, ölkə daxilində hələ də istifadə olunmamış çoxlu yataqların olduğunu qeyd edib.

Bovard Məscid Süleymanın tarixi əhəmiyyətinə toxunaraq deyib ki, bir əsrdən çox əvvəl şəhərdə neftin kəşfi İranda genişmiqyaslı siyasi, iqtisadi və sosial dəyişikliklərə səbəb olub.

“Son 117 ildə İranda iqtisadi irəliləyiş olubsa, bunun 50 faizindən çoxu neft sənayesinin hesabınadır”.

Nefti İran iqtisadiyyatının “lokomotivi” adlandıran Bovard təəssüflə bildirib ki, bu resurs daha geniş inkişaf üçün təməl rolunu oynamaq əvəzinə, çox vaxt bütün iqtisadiyyatın ağırlığını öz üzərinə götürür. "Daha yaxşı planlaşdırma və uzaqgörənliklə onun milli iqtisadiyyatdakı rolu daha da əhəmiyyətli ola bilərdi."

Bovardın sözlərinə görə, hökumət Məscid Süleymanda yol infrastrukturunun təkmilləşdirilməsi üçün 10 trilyon rial büdcəni təsdiqləyib. O, həmçinin Qaçsaran və Əsməri formasiyalarının daha dərin qatlarını hədəf alaraq regionda 3D seysmik kəşfiyyat planlarını alqışlayıb.

“Məscid Süleymandakı neft quyuları cəmi 400 metr dərinlikdədir və regionda istifadə olunmamış xeyli potensial var”, - Bovard deyib. O, hökuməti şəhərin gələcəyi ilə bağlı yeni baxışa çağırıb və əlavə edib ki, Əhvazdakı digər neftli təbəqələr də hələ də öyrənilməmişdir.

“Əminəm ki, Məscid Süleymanın parlaq gələcəyi var”, - deyə o, yekunlaşdırıb.

Nubar Süleymanova, “İki sahil”